Naxçıvana dron zərbəsi: bölgədə məsuliyyət, hüquq və siyasi davranış məsələsi - Əkbər QOŞALI yazır
Siyasət
524
18:22, Bu gün

Naxçıvana dron zərbəsi: bölgədə məsuliyyət, hüquq və siyasi davranış məsələsi - Əkbər QOŞALI yazır

Güney Qafqazın mürəkkəb geosiyasi konfiqurasiyaya malik bölgə olduğu hər kəsə bəllidir. Qafqazın təhlükəsizliyi həm hərbi dəngənin, həm də dövlətlərin davranış mədəniyyətinin, beynəlxalq hüquqa münasibətin və qonşuluq prinsiplərinə sadiqliyin göstəricisi kimi qiymətlidir. Bu gün İran ərazisindən – son dərəcə dardüşüncəli qərarın nəticəsi olaraq – qaldırılmış PUA-nın Naxçıvana yönəlməsi hadisəsi məhz bu kontekstdə ciddi siyasi və hüquqi müzakirə mövzusuna çevrilmişdir.
 
Hadisə ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin verdiyi açıqlamalarda vurğulandığı kimi, Naxçıvan ərazisində mülki infrastruktura qarşı dron hücumunun həyata keçirilməsi qəbuledilməz addım olmaqla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinə zidd davranışdır. Özəlliklə mülki vətəndaşların istifadə etdiyi hava limanının hədəfə alınması faktı bu hadisənin bölgənin təhlükəsizlik mühitinə təsir edən ciddi siyasi insident kimi qiymətləndirilməsini zəruri edir.
 
Beynəlxalq münasibətlər sistemində dövlətlərin ərazisindən həyata keçirilən hər hansı silahlı fəaliyyət həmin dövlətin məsuliyyətini doğuran faktorlardan biri sayılır. Bu baxımdan vİran ərazisindən buraxılmış dronun Naxçıvan istiqamətində hərəkəti və mülki obyektə zərbə endirməsi ilə bağlı məsuliyyətin vİranın hərbi-siyasi strukturlarının üzərinə düşməsi barədə Azərbaycan tərəfinin mövqeyi tam hüquqi məntiqə əsaslanır.
 
Bu hadisə bölgədə təhlükəsizlik dəngəsinin pozulmasına səbəb ola biləcək addım kimi də qiymətləndirilə bilər. Güney Qafqazın onsuz da həssas olan geosiyasi mühitində belə insidentlərin baş verməsi bütövlükdə bölgəsəl sabitlik baxımından risklər yaradır.
 
Azərbaycan Respublikasının xarici siyasət doktrinasında qonşuluq münasibətlərinə xüsusi önəm verilməsi dəfələrlə açıqlanmışdır. Rəsmi Bakı bölgə dövlətləri ilə münasibətlərdə qarşılıqlı sayğı, suverenliyə ehtiram və iç işlərinə qarışmamaq prinsiplərini əsas götürdüyünü dəfələrlə nümayiş etdirmişdir.
 
Azərbaycan ərazisinin heç bir ölkəyə qarşı istifadə olunmaması prinsipi də dövlət siyasətinin önəmli elementlərindəndir. Bu baxımdan Tehran ilə Bakı arasında münasibətlərdə zaman-zaman yaranan gərginliklərə baxmayaraq, respublikamız diplomatik və siyasi kanallar vasitəsilə problemlərin həllinə üstünlük verən xətti qoruyub saxlamışdır.
 
Bu kontekstdə xatırlatmaq yerinə düşər ki, İranın Ali dini liderinin vəfatı ilə bağlı Prezident İlham Əliyevin dərhal başsağlığı verməsi, həmçinin səfirliyi ziyarət etməsi Azərbaycan dövlətinin siyasi etikaya və qonşuluq münasibətlərinə verdiyi önəmin konkret örnəyi kimi qiymətləndirilməlidir. Eyni zamanda Azərbaycanın İrana humanitar dəstək göstərməyi planlaşdırması da münasibətlərdə humanitar ölçünün mövcud olduğunu göstərir.
 
Bu hadisə fonunda diqqət çəkən məqamlardan biri də Tehran tərəfindən yürüdülən siyasətin mahiyyəti ilə bağlı sualların yenidən gündəmə gəlməsidir. Bir tərəfdən diplomatik ritorikada dostluq və əməkdaşlıq vurğulanır, digər tərəfdən isə Azərbaycanın ərazi bütövlüyünə və təhlükəsizliyinə zidd addımların ortaya çıxması bölgə siyasətində riyakarlıq elementlərinin mövcudluğu barədə müzakirələrə səbəb olur.
 
Naxçıvan ərazisində mülki infrastruktura qarşı dron hücumunun həyata keçirilməsi hərbi baxımdan strateji üstünlük qazandıran addım sayıla bilməz; əksinə, belə davranış daha çox siyasi və psixoloji təzyiq vasitəsi kimi qəbul görür. Bu isə beynəlxalq münasibətlərdə rasional dövlət davranışı ilə uyğun gəlməyən yanaşma kimi qiymətləndirilir.
 
Bakı ilə Tehranın münasibətlərinin mürəkkəbliyini artıran digər önəmli faktor isə vİran içərisində – öz qanı-kəmiyi qarışmış dədə-baba yurdunda yaşayan milyonlarla azərbaycanlının hüquqi və mədəni durumu ilə bağlı müzakirələrdir. Uzun illərdir müxtəlif beynəlxalq platformlarda azərbaycanlı fəalların hüquqlarının məhdudlaşdırılması, mədəni və dil hüquqlarının tam təmin olunmaması kimi məsələlər gündəmə gətirilir.
 
Bu durum Tehranın siyasətində azərbaycanlılara münasibətdə bir sıra sərt və məhdudlaşdırıcı yanaşmanın mövcud olduğunu göstərir. Belə bir fon üzərində Naxçıvan yönündə baş vermiş hərbi insident təbii olaraq ictimai və siyasi reaksiyanı daha da gücləndirir.
 
Azərbaycanın rəsmi mövqeyi aydındır: bölgədə sabitlik və sayğduyarlıq prinsiplərinə əsaslanan münasibətlər qorunmalıdır. Bununla yanaşı, dövlət suverenliyi və ərazi təhlükəsizliyi məsələsi bizimçün kompromis mövzusu deyil.
 
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasının keçirilməsi baş verən hadisənin dövlət səviyyəsində ciddi şəkildə dəyərləndirildiyini göstərir. Dövlət başçısının çıxışında vurğulandığı kimi, bu gün müstəqil Azərbaycan dövləti yalnız öz vətəndaşlarının deyil, eyni zamanda İranda yaşayan milyonlarla azərbaycanlının da ümid yeridir. Bu yanaşma Azərbaycanın bölgədə sülh və sabitlik siyasətini qorumaqla yanaşı, milli ləyaqət və dövlət suverenliyi məsələlərində prinsipial mövqeyini dəyişməz saxladığını bir daha göstərir.
Bizim sözümüz imzamız qədər keçərliykən, bəziləri öz imzalarının, möhürlərinin keçərli olub-olmaması qayğısına qalsa pis olmazdı.
 
Tarix göstərir ki, Azərbaycana qarşı yönəlmiş hər hansı təzyiq və ya hücum cəhdləri sonuc etibarilə həmin addımı atan tərəf üçün siyasi və strateji baxımdan uğurlu olmamışdır. Bu gün də bölgədə barış və işbirliyi perspektivlərinin qorunması yalnız məsuliyyətli və praqmatik dövlət davranışı ilə mümkündür.
 
Bəli, Naxçıvana dron zərbəsi ilə bağlı insident bir daha göstərir ki, Güney Qafqazın sabitliyi diplomatik açıqlamalardan irəli, gerçək və məsuliyyətli siyasi davranışla təmin olunur. Bu səbəbdən Tehran tərəfindən hadisəyə aydınlıq gətirilməsi və belə halların təkrarlanmaması üçün konkret addımların atılması bölgənin təhlükəsizlik mühiti baxımından çox vacibdir.
 
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
 
Əkbər QOŞALI
Link kopyalandı!
Son xəbərlər