AMQF: İranın Naxçıvana dron hücumları terror aktıdır
Siyasət
368
16:37, Bu gün

AMQF: İranın Naxçıvana dron hücumları terror aktıdır

"Bu gün İran İslam Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının Naxçıvan bölgəsinə dron hücumlarının edilməsi Azərbaycana münasibətdə nankorluq, xəyanət və riyakarlıq nümunəsi olmaqla, terror aktıdır".

Moderator.az xəbər verir ki, bu, Azərbaycan Milli QHT Forumunun yaydığı bəyanatda əksini tapıb.

Bildirilib ki, Naxçıvanda hava limanı və orta məktəbin hədəfə alınması göstərir ki, məqsəd dinc əhali və mülki infrastruktura ziyan vurmaqdır:

"Nəticədə 4 nəfər mülki şəxs - 1986-cı il təvəllüdlü Reyhanə Vəliyeva, 1996-cı il təvəllüdlü Mehdi Əsgərov və Zülfüqar Zülfüqarlı, 1998-ci il təvəllüdlü Əsəd Cəfərov yaralanıb, hava limanı və orta məktəb binaları zərər çəkib.

Hazırda Azərbaycanın əsas hissəsini Naxçıvan MR ilə yalnız hava nəqliyyatı bağladığından İran, aeroportu sıradan çıxartmaqla, bu əlaqəni tam kəsmək istəyib. Bu çirkin metod bizə 90-cı illərdə Ermənistanın Naxçıvana hücumlarından yaxşı məlumdur.

İran daim qonşuluq prinsiplərinə sadiq qalan, dar günün dostu olan, ərazisindən heç vaxt qonşu ölkələr əleyhinə istifadəyə icazə verməyən Azərbaycana hücum etməklə böyük səhvə yol verdi.

Mülki infrastruktura dron hücumu təşkil etmək acizlik, qorxaqlıq, zəiflikdir. Azərbaycana hücum edənlərin aqibəti məlumdur, İran da bu qorxaq, cılız əməlinə görə peşman olacaq.

Molla rejimi unutmamalıdır ki, əhalisinin böyük əksəriyyətini canı canımızdan, qanı qanımızdan olan soydaşlarımız - azərbaycanlılar təşkil edir, Təbrizin, Ərdəbilin və digər tarixi Azərbaycan şəhərlərinin ürəyi bizimlədir, onlar buna sıradan hadisə kimi baxmayacaq və dözməyəcək.

Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İranın üzərindədir".

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.

Link kopyalandı!
Son xəbərlər