Siyasət
326
15:41, Bu gün

"İranın bu alçaq hücumunu qəti şəkildə pisləyirik!" - Azay Quliyev

İranın Naxçıvanın mülki infrastrukturuna, o cümlədən hava limanına və məktəbə hücum etməsi Azərbaycan dövlətinə və xalqına qarşı açıq təxribat və düşmənçilik aktıdır. Bu hücumları ən sərt şəkildə qınayır və qətiyyətlə pisləyirik. 
 
ABŞ–İsrail–İran müharibəsinin ilk günündən etibarən Azərbaycanın İrana qarşı kifayət qədər təmkinli, soyuqqanlı və deyərdim ki, bütün riskləri göz önünə alaraq dostcasına davranmasına, Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın dini lideri Seyid Əli Xameneinin həlak olması ilə əlaqədar Prezident Məsud Pezeşkiana başsağlığı verməsi, İranın ölkəmizdəki səfirliyinə gedərək matəm kitabına ürək sözlərini yazması, o cümlədən Xarici işlər naziri Ceyhun Bayramovun müharibənin başladığı gün iranlı həmkarı Abbas Araqçiyə zəng edərək məsələnin dinc yolla və beynəlxalq hüquq çərçivəsində  həllinə tərəfdar olduğunu bildirməsi və Azərbaycanın ərazisindən İrana qarşı heç vaxt istifadə edilməsinə yol verilməyəcəyinə zəmanət verməsinə baxmayaraq, İran yenə də özünün əsl simasını və iç üzünü ortaya qoydu.
 
Bütün bu jestlərə və dostluq mesajlarına görə bizə təşəkkür etmək əvəzinə, İran övladlarımızı Naxçıvanda  öldürmək üşün məktəbə  və  hava limanına dron göndərdi.
 
Bu hadisə İran rejiminin nə qədər nankor və fürsətcil olduğunu, dinc insanlara qənim kəsilən terrorçu mahiyyətini bir daha sübut edir. 
 
Eyni zamanda göstərir ki, batmaq üzrə olan İran rejimi özünün “qardaş” hesab etdiyi Ermənistandan başqa demək olar ki, bütün qonşularına, o cümlədən Azərbaycan və Türkiyəyə qarşı ən iyrənc  addımlar atmağa hazırdır.
 
Bu alçaq və qorxaq hücumdan sonra Azərbaycan Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin ayrı-ayrılıqda verdiyi bəyanatlarını, xüsusilə,  bu hücumun heç bir halda cavabsız qalmayacağı və zəruri tədbirlərin hazırlandığı barədə dövlətimizin qətiyyətli mövqeyini tam şəkildə dəstəkləyirik.
 
İran qısa müddət ərzində bu hücuma və terror aktına aydınlıq gətirməli, Azərbaycandan üzr istəməli  və cinəyatkarları cəzalandırmalıdır. 
 
Hesab edirəm ki, bu hadisəyə İranda yaşayan və rejim tərəfindən hüquq və azadlıqları daim heçə sayılan, əzilən 40 milyonluq soydaşlarımız da laqeyd qalmamalı və özlərinin kəskin etirazlarını bildirməlidirlər.
 
Xalqımız hər zaman dövlətinin, ordusunun və Ali Baş Komandanın yanındadır və bu kimi alçaq hücumlara qarşı səfərbər olmağa hazırdır.
 
Azay Quliyev, millət vəkili
 
Link kopyalandı!
Son xəbərlər