Milli Məclisdə gender bərabərliyinə həsr olunmuş ictimai dinləmə keçirilib - FOTO
Siyasət
136
19:20, Bu gün

Milli Məclisdə gender bərabərliyinə həsr olunmuş ictimai dinləmə keçirilib - FOTO

 

Martın 4-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda ictimai dinləmə keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbiri giriş sözü ilə açan Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova ölkəmizdə 20 il əvvəl “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun qəbul edildiyini, bu sahədə ötən illər ərzində bir çox işlərin görüldüyünü, o cümlədən qanunvericiliyin təkmilləşdirildiyini bildirib. O, bu dinləmənin gerçəkləşməsi üçün göstərdiyi dəstəyə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü ifadə edib. Onun vaxtı ilə millət vəkili olaraq, hazırda isə Parlamentin sədri kimi beynəlxalq  səviyyədə  gender bərabərliyi ilə bağlı cəmiyyətin dəyişən tələblərinə uyğun olaraq qanunvericilik bazasının formalaşması və daim təkmilləşdirilməsi ilə bağlı Azərbaycanın təcrübəsini səsləndirdiyini söyləyib.

Komitə sədri ölkəmizin qadınların siyasi hüquqları və onlara  qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə BMT Konvensiyalarına qoşulduqdan sonra gender bərabərliyinin təmin olunması sahəsində milli qanunvericilikdə bir sıra irəliləyişlərin  əldə edildiyini bildirib. Azərbaycanda gender bərabərliyinin təmin edilməsi və dövlət qadın siyasətinin həyata keçirilməsinin məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Ulu Öndərin bu sahə ilə bağlı imzaladığı bir çox fərman və sərəncamların  qadın hüquqlarının müdafiəsi və təminatı istiqamətində mühüm əhəmiyyətini qeyd edib. O, əsası Ulu Öndər tərəfindən qoyulan bu siyasətin hazırda Prezident İlham Əliyevin diqqət və qayğısı  nəticəsində daha da gücləndirilildiyini bildirib. 2006-cı ildə Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun ölkəmizdə gender bərabərliyinin təşviqi sahəsində atılmış mühüm addım kimi dəyərləndirib.

Hicran Hüseynova ötən dövr ərzində qadınlarla kişilərin hüquq bərabərliyinin təmin edilməsi istiqamətində milli qanunvericilikdə edilən əlavə və dəyişikliklərdən bəhs edib. O, ölkədə əmək münasibətlərinin gender bərabərliyi prinsipləri əsasında qurulması üçün mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan peşə, vəzifə və iş yerlərinin  azaldılmasını qeyd edib. Bu dəyişikliyin  əmək münasibətlərinin və məşğulluq imkanlarının gender bərabərliyi prinsipləri əsasında qurulmasına mühüm töhfə olduğunu deyib.  Həmçinin, ölkə üzrə qadınların orta əmək haqlarının kişilərin orta əmək haqqına daha yüksək templə yaxınlaşmasının təmin edildiyini, bununla yanaşı, qadınlarla bərabər  kişilərin də uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğunu söyləyib.

Komitə sədri, habelə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun  mühüm əhəmiyyətindən danışaraq, qadınların gender əsaslı zorakılığa və məişət zorakılığına məruz qalmaması üçün müvafiq normativ-hüquqi aktlar qəbul edildiyini,  Milli Fəaliyyət Planının hazırlandığını diqqətə çatdırıb. O, bildirib ki, müasir dövrdə yeni tələblər və çağırışlar mövcud qanunlara yenidən nəzər salmağı, yaranmış boşluqların aradan qaldırılmasını zəruri edir. Hicran Hüseynova gender bərabərliyini daha mükəmməl şəkildə təmin edilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflərini səsləndirib.

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun ictimai münasibətlərin inkişafı, bir çox hüquqi və institusional islahatların həyata keçirilməsi üçün hüquqi əsas olduğunu söyləyib. Gender bərabərliyinin təşviqinin vacibliyindən, bu sahədə dövlət siyasətinin əsas istiqamətləri və xüsusiyyətlərindən bəhs edib. O, Azərbaycanda gender bərabərliyinin həyata keçirilməsi ilə bağlı bir sıra hüquqi sənədlər mövcud olduğunu diqqətə çatdırıb. Ulu Öndər Heydər Əliyev tərəfindən "Dövlət Qadın siyasətinin həyata keçirilməsi haqqında" Fərmanın imzalandığını, daha sonralar isə məişət zorakılığının qarşısının alınmasına dair qanunun qəbul edildiyini söyləyib, bu sahədə atılan digər mühüm əhəmiyyətli addımlardan söhbət açıb. Ölkəmizdə gender bərabərliyi, qadınların hüquq və imkanlarının gücləndirilməsi, qadın sahibkarlığının inkişafı istiqamətində həyata keçirilən tədbirlər, layihələr, əldə edilən nailiyyətlər barədə fikirlərini bölüşüb.

Tədbirdə çıxış edən daxili işlər nazirinin müavini İsmət Əliyev müasir hüquqi dövlətin təməl prinsiplərindən olan gender bərabərliyinin insan hüquq və azadlıqlarının real təminatının dayanıqlı inkişafı və təhlükəsiz cəmiyyət modelinin vacib şərtlərindən olduğunu vurğulayıb. Qeyd edib ki, cinsi mənsubiyyətinə görə ayrı-seçkilik, qadınlara qarşı zorakılıq, ailə-məişət zəminində baş verən cinayətlər, erkən nikah kimi hallar yalnız fərdi hüquqların pozulması deyil, bütövlükdə ictimai sabitliyə və sosial təhlükəsizliyə təsir edən amillərdəndir. Bu baxımdan “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun gender əsaslı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişi və qadınların ictimai həyatın bütün sahələrində bərabər imkanların yaradılması üçün möhkəm hüquqi baza formalaşdırdığını söyləyib. Qanunvericiliklə dövlət idarəçiyində və qərar qəbul etmə prisesində hər hansı cinsin üstünlüyünə yol verilməməsinin dövlətin vəzifəsi kimi müəyyən edildiyini bildirib.

Daha sonra çıxış edən Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov təmsil etdiyi sahədə gender bərabərliyinin təmin edilməsi, cinsindən asılı olmayaraq bərabər hüquq və imkanların obyektiv qiymətləndirilməsinin nəzərdə tutulduğunu söyləyib. Nazirliyin strateji planında bu istiqamətdə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün müxtəlif layihələrin reallaşdırıldığını qeyd edib. O, təhsilin bütün pillələrində gender bərabərliyinə xüsusi diqqət yetirildiyini, bu sahədə balanslaşdırılmış yanaşmanın tətbiq edildiyini, maarifləndirmə işlərinin aparıldığı vurğulayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev öz çıxışında bildirib ki, gender bərabərliyi ölkəmizdə yalnız sosial məsələ kimi deyil, insan hüquqlarının təminatı, iqtisadi inkişafın sürətləndirilməsi və ədalətli cəmiyyətin qurulmasının əsas şətrlərindən biri kimi qəbul edilir. O, əmək, məşğulluq və sosial müdafiə sahəsində normativ hüquqi aktların gender bərabərliyinin praktiki təminatını formalaşdırdığını söyləyib. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində nazirlik tərəfindən atılam addımlar barədə məlumat verib.

Tədbirdə çıxış edən ədliyyə nazirinin müavini  Toğrul Hüseynov gender bərabərliyinin təmin olunması istiqamətində Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlərdən danışıb. Nazirliyin əsas istiqamətlərindən birinin qanunvericilik layihələrinin hazırlanması və onlara dair rəyin verilməsi olduğunu deyərək, 2025-ci ildə 3 mindən çox hüquqi sənədlərə rəy verildiyini bildirib. Bu zaman gender bərabərliyinin təmin olunması prinsipinin həmin normativ hüququ aktlarda nəzərə alınmasının diqqətdə saxlanılan əsas məsələlərdən biri olduğunu söyləyib. O, Nazirlik tərəfindən müvafiq materialların hazırlandığını və penitensiar müəssisələrdə cəza çəkən qadınlar arasında mütəmadi olaraq maarifləndirici tədbirlərin həyata keçirildiyini qeyd edib. Penitensiar müəssisələrdə gender bərabərliyinin təmini istiqamətində xüsusi yanaşmanın tətbiq edildiyini, qadınların hüquqlarının müdafiəsi və onların cəmiyyətdə rolunun gücləndirilməsinin nazirlik tərəfdən əsas hədəflərdən olduğunu bildirib.

Mövzu ərafında aparılan müzakirələrdə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, komitə üzvləri İlham Məmmədov, Mehriban Vəliyeva, Gülşən Paşayeva, Günay Ağamalı, habelə Gənclərin Gender Bərabərliyi Mərkəzi “Gender HUB” İctimai Birliyinin sədri Məryəm Məcidova, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Rəna Mirzəzadə öz rəy və təkliflərini səsləndiriblər.

Sonra Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov və Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxışlarda qaldırılan məsələlərə münasibət bildiriblər.

İctimai dinləmədə deputatlar Tamam Cəfərova, Səbinə Xasayeva, Müşfiq Məmmədli, Könül Nurullayeva, Ülviyyə Ağayeva, aidiyyəti dövlət qurumlarının nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri, ekspertlər və digər rəsmi şəxslər iştirak ediblər.

 

Link kopyalandı!
Son xəbərlər