Milli Məclisin növbəti plenar iclası keçirilib - FOTO
Siyasət
118
17:32, Bu gün

Milli Məclisin növbəti plenar iclası keçirilib - FOTO

 

Martın 3-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

Bu barədə Moderator.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verirlib.

Parlamentin sədri Sahibə Qafarova gündəliyə 8 məsələnin daxil edildiyini, birinci məsələnin Milli Məclisin qərar layihəsi olduğunu bildirib. O, qeyd edib ki, qanunvericiliyə uyğun olaraq iclasda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi dinləniləcək.

Sonra  2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəni təqdim edən İnsan hüquqları üzrə müvəkkil Səbinə Əliyeva çıxış edərək bildirib ki, Azərbaycan Konstitusiyasının qəbulunun 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü münasibətilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi rəmzi xarakter daşımaqla yanaşı, dövlətçilik ənənələrimizin möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğunun yeni mərhələyə yüksəldilməsi baxımından strateji əhəmiyyət kəsb edir, qanunun aliliyinin, suverenlik dəyərlərinin təbliğinə və təşviqinə xidmət edir. O, ötən ilin ölkəmiz üçün bir sıra mühüm ictimai-siyasi, sosial və institusional islahatlara əsaslanan proseslərlə yadda qaldığını söyləyib.

Ombudsman vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərimizin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi, geniş miqyaslı müasir infrastruktur layihələrinin həyata keçirilməsi, iqtisadi fəaliyyətin bərpası və sosial xidmətlərə əlçatanlığın təmin olunması istiqamətində davam etdirilən tədbirlər 30 ildən çox doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışına, bununla da pozulmuş fundamental hüquqlarının bərpasına imkan yaradıb. İşğaldan azad olunmuş torpaqlarımızda dağıdılmış tarixi, mədəni və dini obyektlərin bərpası və yenidən inşası istiqamətində kompleks tədbirlər Birinci Vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə davam etdirilməkdədir. Qeyd edilib ki, ölkə Prezidentinin yürütdüyü uğurlu xarici siyasət Azərbaycanın regional sülh və təhlükəsizlik gündəminin ardıcıl şəkildə irəli aparılması üçün əlverişli zəmin yaradıb, Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanması uzun illər insan hüquqlarının pozulmasına səbəb olmuş münaqişənin bitməsinə, regionda sülh və sabitliyin bərqərar olmasına, dövlətlərarası münasibətlərin, o cümlədən iqtisadi əməkdaşlığın genişlənməsinə və nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafına əsaslı şərait yaradıb. Türkdilli ölkələrlə əlaqələrin inkişaf etdirilməsi insan hüquq və azadlıqlarının qorunması və təşviqi üçün daha əlverişli regional mühitin formalaşmasına töhfə verib.

Bildirilib ki, ötən il Ombudsman insan hüquq və azadlıqlarının müdafiəsi, hüquq pozuntularının qarşısının alınması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi çoxşaxəli fəaliyyətini dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, media subyektləri və beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində davam etdirib.

Diqqətə çatdırılıb ki, 2025-ci ildə Ombudsmanın ünvanına 42.685 müraciət daxil olub, “916” Çağrı Mərkəzi tərəfindən 14.718 zəng qəbul edilib, habelə Ombudsman, onun Aparatı və regional mərkəzləri tərəfindən ümumilikdə 9.060 nəfər şəxs qəbul olunub. Ombudsmana ünvanlanan müraciətlərin araşdırılması məqsədilə aidiyyəti dövlət qurumlarına, idarə, müəssisə və təşkilatlara sorğular ünvanlanıb, nöqsan və çətinliklərin aradan qaldırılması və pozulmuş hüquqların bərpası üzrə zəruri tədbirlər görülüb, təklif və tövsiyələr verilib.

O, qeyd edib ki, ötən il keçirilmiş növbəti bələdiyyə seçkilərində vətəndaşların seçki hüququnun təmini vəziyyəti Ombudsman tərəfindən diqqətdə saxlanılıb, seçki hüququ ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub.

Bildirilib ki, son illər informasiya texnologiyalarının sürətlə inkişafı, xüsusən də süni intellektin bütün sahələr üzrə geniş tətbiqi informasiya əldə etmək hüququnun reallaşdırılmasına əhəmiyyətli dərəcədə təsir göstərməkdədir. Bu sahədə prioritet istiqamətlərin müəyyən edilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, rəqəmsal texnologiyalardan, süni intellektdən düzgün istifadə və nəzarət tədbirlərinin gücləndirilməsi, rəqəmsal savadlılıq və məlumat təhlükəsizliyi mədəniyyətinin inkişaf etdirilməsi üzrə maarifləndirici proqramların həyata keçirilməsi olduqca əhəmiyyətlidir.

Ombudsman öz çıxışında rəqəmsallaşdırma və süni intellektin əmək hüququnun həyata keçirilməsi və müdafiəsi mexanizmlərinə də təsir etdiyini deyərək, texnoloji dəyişikliklərə hazırlıq məqsədilə regionlar üzrə əmək bazarının öyrənilməsinə, işçilərin hüquqlarının qorunmasına yönəlmiş kollektiv tədbirlər planının hazırlanmasının, süni intellektin tətbiqi nəticəsində ixtisar olunacaq və ya adaptasiya çətinliyi yaşayacaq şəxslərə dəstək mexanizmlərinin yaradılmasının zəruriliyindən söhbət açıb.

Səbinə Əliyeva, habelə əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə bu prosesdə iştirak edən qurumlar arasında koordinasiyalı və qarışılıqlı etimad prinsipinə əsaslanan fəaliyyətin təmin olunmasının, qiymətləndirmə prosedurlarının sadələşdirilməsinin vacibliyindən danışıb. Bununla yanaşı, o, əhalinin sağlamlıq hüququnun effektiv şəkildə həyata keçirilməsi məqsədilə regionlarda ixtisaslaşdırılmış tibbi xidmətlərin əlçatanlığının təmin edilməsinin, ilkin səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinin əhəmiyyətini qeyd edib. O, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə və onkoloji xəstələrə tibbi yardımın göstərilməsi, onların lazımi dərman preparatları ilə təmin edilməsi sahəsində görülən işlərdən söhbət açıb, təkliflər verib.

Həmçinin, qeyd olunub ki, müasir informasiya texnologiyalarının istehlakçı hüquqlarına təsirinin davamlı monitorinqinin aparılmasına, qanunvericiliyin müasir tələblərə uyğunlaşdırılmasına, bu sahədə maarifləndirici materialların hazırlanmasına və hədəf qrupları üzrə birgə maarifləndirmə tədbirlərinin keçirilməsinə diqqət artırılmalıdır.

Nəzərə çatdırılıb ki, Ombudsman il ərzində məhkumların və onların ailə üzvlərinin əfv barədə müraciətlərini nəzərə alaraq, müntəzəm qaydada Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına təkliflər göndərib və Komissiyanın iclaslarında iştirak edib. Ombudsmanın müraciətləri əsasında ümumilikdə 900 məhkum, 2025-ci ildə isə 21 məhkum əfv edilib. Azərbaycan Prezidenti İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsinə dair təşəbbüsünün dövlətin humanizm siyasətinin ardıcıl və sistemli şəkildə davam etdirilməsinin bariz nümunəsi olduğu vurğulanıb. Qeyd edilib ki, bu təşəbbüs əsasında Milli Məclis tərəfindən qəbul edilmiş sayca 13-cü olan Amnistiya aktı ümumilikdə 20.000-dən çox şəxsi əhatə etməklə, bu zamana qədər qəbul edilmiş ən geniş miqyaslı amnistiya aktı hesab olunur. 2025-ci ildə Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində ümumilikdə 355 başçəkmə həyata keçirilib, onlardan 93-ü plandankənar olub. Başçəkmələr zamanı ümumilikdə 3.462 nəfər qəbul edilib.

Bildirilib ki, Ombudsmanın Müstəqil Monitorinq Mexanizmi funksiyası çərçivəsində uşaqların, qadınların, ahıl və əlilliyi olan şəxslərin hüquqları, onların reabilitasiyası və inklüzivlik məsələləri, habelə bərabərlik hüququnun təmini və ayrı-seçkilik hallarının qarşısının alınması ilə əlaqədar sistemli monitorinqlər həyata keçirilib və bununla bağlı hesabatlar hazırlanaraq mediada yayımlanıb. Qanunvericiliyin insan hüquq və azadlıqlarının daha səmərəli təmini baxımından təkmilləşdirilməsi məqsədilə 2025-ci ildə Ombudsmanın normativ hüquqi aktların, o cümlədən dövlət proqramları və fəaliyyət planları layihələrinə dair verdiyi rəy və təkliflər nəzərə alınıb.

Həmçinin, Ombudsmanın Konstitusiya Məhkəməsi ilə əməkdaşlığının insan hüquq və azadlıqlarının səmərəli təmin olunması baxımından xüsusi önəm daşıdığı qeyd olunub, ötən il ərzində Ombudsman tərəfindən Konstitusiya Məhkəməsinə ünvanlanmış üç sorğu üzrə müvafiq qərar və qərardadların qəbul edildiyi söylənilib.

Qeyd olunub ki, Azərbaycan Ombudsmanı və onun nümayəndələrinin iştirak etdiyi beynəlxalq tədbirlərdə, insan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlara ünvanlanmış bəyanat, müraciət və açıqlamalarda etnik təmizləmə siyasəti nəticəsində doğma torpaqlarından zorla qovularaq qaçqın düşmüş yüz minlərlə azərbaycanlının fundamental hüquq və azadlıqlarının kobud şəkildə pozulması faktları diqqətə çatdırılıb.

Səbinə Əliyeva Ombudsmanın 2025-ci il üzrə məruzəsində insan hüquq və azadlıqlarının daha effektiv təmini və müdafiəsi, normativ hüquqi aktların təkmilləşdirilməsi, institusional koordinasiyanın gücləndirilməsi və dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması üzrə bir sıra təkliflərin irəli sürüldüyünü bildirib.

Sonra parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış edərək   ombudsmanın illik məruzəsinin rəhbərlik etdiyi komitədə geniş müzakirə olunduğunu söyləyib. O, dünya dövlətləri sırasında Azərbaycanın öz vətəndaşlarının təhlükəsiz yaşamaq hüququnu təmin etdiyi dövlətlərdən biri olduğunu vurğulayıb. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbədən sonra başlanan sülh quruculuğu yerləşdiyimiz regionu əhatə edən qlobal təhlükələri aradan qaldırmaq, regional və beynəlxalq nizamı təmin etmək üçün ədalətli, hüquqi, siyasi təməldir. Dövlət başçımızın təkcə xalqımızın deyil, həm də beynəlxalq təhlükəsizliyin, habelə regional sabitliyin təminatçılarından olduğunu bildirib.

Komitə sədri deyib ki, Ombudsmanın məruzəsinin həsr olunduğu 2025-ci il Azərbaycan üçün milli və beynəlxalq səviyyədə bir çox tarixi uğurlarla zəngin olub. “Konstitusiya və Suverenlik İli” çərçivəsində məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı ilə yanaşı, ilin sonunda elan olunan Amnistiya aktı 20 mindən çox insanı əhatə edib. O, sülh hüququnun BMT tərəfindən tanınan fundamental insan hüququ olduğunu söyləyərək, ötən il Azərbaycan və Ermənistan arasında Sülh sazişinin paraflanmasını  insan hüquqları sahəsində əldə edilən uğur kimi dəyərləndirib.

Zahid Oruc bildirib ki, hesabatın tərtibatı, strukturu və məzmunu İnsan hüquqları üzrə müvəkkilin insan haqlarının qorunması sahəsində fəaliyyət göstəriciləri sahəsində dinamikanı əks etdirən mötəbər data bazadır. O, Ombudsmana ünvanlanan müraciətlərin statistikası və dinamikasının  mühüm əhəmiyyət kəsb etdiyini deyib. Habelə, məruzəyə əsasən 2025-ci ildə aidiyyəti dövlət qurumları tərəfindən görülmüş tədbirlər nəticəsində Suriyadan 5 qadın və 13 uşağın ölkəmizə qaytarıldığını söyləyərək, digər münaqişə bölgələrində olan vətəndaşlarımızın məsələsinə də yer verilməsinin zəruriliyindən danışıb. Komitə sədri hesabatda məhkəmə qərarlarının icrası ilə bağlı, narkomaniyaya qarşı mübarizədə daxili işlər orqanlarının peşəkar fəaliyyətinə dair, həmçinin sağlamlıq hüququnun, mənzil hüququnun təminatı və digər bu kimi məsələlərə geniş yer verildiyini diqqətə çatdırıb, bir sıra təkliflərini səsləndirib.

Ombudsmanın illik məruzəsi ətrafında müzakirələrdə komitə sədrləri Fazil Mustafa, Hicran Hüseynova, deputatlar Rəşad Mahmudov, Qüdrət Həsənquliyev, Azay Quliyev, Sahib Alıyev çıxış edərək öz fikir, qeyd və təkliflərini açıqlayıblar.

Səbinə Əliyeva Ombudsmanın gələcək fəaliyyətində deputatların səsləndirdiyi rəy və təkliflərin nəzərə alınacağını bildirib.

Müzakirələrin yekununda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin nəzərə alınması ilə bağlı qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti  5 məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib. Onların ilk ikisinin möhtərəm cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu deyib. Ona görə də layihələrin təqdimatları və müzakirəsi bir yerdə, səsverməsi isə ayrı-ayrılıqda keçirilib.

Məsələləri iclasda Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova təqdim edib. Hicran Hüseynova əvvəlcə Azərbaycan Respublikasında uşaqlarla bağlı dövlət siyasətinin əsas prinsiplərini, onların hüquq və azadlıqlarının həyata keçirilməsi sahəsində dövlət təminatlarının və dövlət nəzarətinin əsaslarını müəyyən edən  “Uşaq hüquqları haqqında” qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib.

Komitə sədri layihənin ikinci oxunuşda plenar iclasda müzakirəsi zamanı deputatların irəli sürdüyü təkliflərlə bağlı aparılan işdən danışıb, onlardan layihədə nəzərə alınanları diqqətə çatdırıb.

Gündəliyin 3-cü məsələsi olan Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Sosial xidmət haqqında”, “Reklam haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı komitə sədri bildirib ki, sənədə dair heç bir rəy və təklif daxil olmayıb, mətn olduğu kimi qalır.

Sənədə “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi ilə əlaqədar bir sıra qanunvericilik aktlarında uyğunlaşdırma xarakterli dəyişikliklər təklif olunur.

İclasda İnsan hüquqları komitəsinin sədri Zahid Oruc hər iki qanun layihəsi ilə bağlı rəhbərlik etdiyi komitənin müsbət rəyini diqqətə çatdırıb.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, Əmək və sosial siyasət komitəsinin üzvü Əziz Ələkbərov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov üçüncü məsələ ilə bağlı komitələrinin müsbət rəylərini açıqlayandan sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) müzakirəyə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib.

O, bildirib ki, əvvəlki oxunuşlarda layihə barədə ətraflı məlumat verilib, sənədin mətni olduğu kimi qalıb.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamran Bayramov İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib.

O, sənədlə bağlı heç bir əlavə qeyd və təklifin daxil olmadığını deyib və sənədin səsə qoyulmasını xahiş edib.

Bu qanun layihəsi də üçüncü oxunuşda qəbul olunub.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov gündəliyin altıncı məsələsi olan “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı (üçüncü oxunuş) məlumatı diqqətə çatdırıb.

O, layihə ilə bağlı heç bir əlavə qeyd və təklif daxil olmadığını deyib və sənədin səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Əmək Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Müdafiə haqqında”, “Veteranlar haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”,  “Polis haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib.

Komitə sədri bildirib ki, bu qanun layihəsi mövcud idarəetmə strukturuna uyğunlaşdırma və qanunvericilik sisteminin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Təklif olunan dəyişikliklər əsasən uyğunlaşdırma xarakterlidir və bəzi ifadələrin daha dəqiq formada verilməsini nəzərdə tutur.

Qeyd olunub ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun qüvvəyə mindikdən sonra idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyinin strukturunda fəaliyyət göstərən hərbi komissarlıqlar ləğv edilib və onların əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Müdafiə Nazirliyinin tabeliyində olmayan, müstəqil mərkəzi icra hakimiyyəti orqanıdır. Onun fəaliyyəti və maddi-texniki təchizat qaydası cənab Prezidentin müvafiq fərmanları, həmçinin “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə” ilə tənzimlənir. Ona görə də bu səlahiyyətlərin Nazirlər Kabinetinə aid olması normasını əks etdirən abzasın “Müdafiə haqqında” Qanundan çıxarılması təklif edilir. Eyni zamanda, layihədə göstərilən digər qanunlardan da "hərbi komissarlıq" ifadəsinin  çıxarılması təklif edilir.

Arzu Nağıyev vurğulayıb ki, bu dəyişikliklər sahə üzrə hüquqi tənzimləmənin daha aydın və birmənalı tətbiqinə şərait yaradacaq.

Layihə ilə bağlı Əmək və sosial siyasət komitəsinin üzvü Əziz Ələkbərov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov komitələrinin rəyini diqqətə çatdırıblar.

Sənəd səsə qoyularaq qəbul olunub.

Sonra Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib.

Komitə sədri bildirib ki, dəyişikliklərin əsas məqsədi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilən qadın hərbi qulluqçuların xidmətə uyğunlaşma prosesini daha səmərəli təşkil etmək və mövcud çətinlikləri aradan qaldırmaqdır.

Qeyd olunub ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, qadın hərbi qulluqçular üçün də ilkin xidmət müqaviləsi 3 il müddətinə bağlanır. Qadınlarla dərhal 3 illik ilkin bağlaşmanın bağlanması onların uyğunlaşma dövrünü keçmədən uzunmüddətli öhdəlik götürməsinə səbəb olur ki, bu da sonradan əsasən ailə vəziyyəti və digər obyektiv səbəblərlə hərbi xidmətdən vaxtından əvvəl ehtiyata buraxılmaları ilə nəticələnir və kadr sabitliyinə mənfi təsir göstərir.

Qeyd olunanları nəzərə alaraq, qanun layihəsində qadınlarla bağlanan ilkin bağlaşma müddətinin 3 ildən 6 ayadək azaldılması təklif olunub.

Sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

 

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər