ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
Siyasət
201
17:23, Bu gün

ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib

Ayətullah Əli Xameneinin qətli siyasi terror aktı kimi qiymətləndirilib… 
 
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və regionda baş verən mühüm ictimai-siyasi hadisələr geniş və ətraflı şəkildə müzakirə olunub.
 
İdarə Heyəti ilk olaraq ABŞ və İsrailin İrana qarşı həyata keçirdikləri hərbi müdaxilə ətrafında müzakirə aparıb. Müzakirələr zamanı İranın ali dini lideri Ayətullah Əli Xameneinin qətlə yetirilməsi faktı kəskin şəkildə pislənilib, bunun beynəlxalq hüquqa zidd olduğu vurğulanıb və hadisə siyasi terror aktı kimi qiymətləndirilib. Qeyd olunub ki, beynəlxalq hüququn fundamental prinsiplərinə görə siyasi məqsədlərlə zorakılıq və qətl yolverilməzdir. Eyni zamanda İranın da beynəlxalq öhdəliklərini tam şəkildə yerinə yetirməməsi tənqid edilib və bu cür davranışların regionda gərginliyi artırdığı bildirilib. Toplantıda həmçinin İranın ABŞ-ın bölgə dövlətlərində yerləşən hərbi aviabazalarına qarşı hücumları da yolverilməz hesab olunub və bunun hərbi eskalasiyanın miqyasını genişləndirməyə gətirib çıxara biləcəyindən narahatçılıq ifadə edilib. İdarə Heyəti vurğulayıb ki, mövcud münaqişənin tez bir zamanda dayandırılması həm regionda, həm də qlobal miqyasda təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir və problemin həlli yalnız beynəlxalq hüquq normaları, siyasi və diplomatik danışıqlar yolu ilə mümkün ola bilər. Azərbaycan dövlətinin proseslərə münasibətdə sərgilədiyi mövqe adekvat və balanslı hesab olunub. Eyni zamanda İdarə Heyəti xüsusi olaraq vurğulayıb ki, İrana qarşı genişmiqyaslı hərbi müdaxilənin qarşısının alınması üçün Azərbaycan hökuməti həm ABŞ, həm də İsrail ilə mövcud münasibətlərini nəzərə alaraq vasitəçilik təşəbbüsləri ilə çıxış etməli, tərəflər arasında gərginliyin azaldılması və münaqişənin diplomatik yolla həllinə töhfə verməlidir. Bununla yanaşı, münaqişə fonunda İranda yaşayan soydaşlarımızın təhlükəsizliyi məsələsi də xüsusi olaraq diqqətə çatdırılıb. Bildirilib ki, mümkün hərbi əməliyyatlar zamanı İranda yaşayan azərbaycanlıların daha az itkilərə məruz qalması, mülki əhalinin qorunması, eləcə də Cənubi Azərbaycanın tarixi, milli və dini abidələrinin dağıdılmasının qarşısının alınması istiqamətində Azərbaycan hökuməti ardıcıl və prinsipial səylər göstərməlidir.
 
Toplantıda növbəti məsələ kimi Böyük Britaniya Parlamentində guya “Artsax”da erməni mədəni irsi abidələrinin dağıdılması ilə bağlı məsələnin gündəliyə çıxarılması və müzakirə edilməsi ətrafında geniş müzakirələr aparılıb. İdarə Heyəti qeyd edib ki, Azərbaycan ərazisində heç zaman ayrıca erməni tarixi irsi anlayışı mövcud olmayıb və sözügedən xristian dini abidələri tarixən bu torpaqlarda yaşamış və xristianlığı qəbul etmiş Azərbaycan türklərinə məxsus olub. Bildirilib ki, həmin abidələr nəinki dağıdılıb, əksinə Azərbaycan dövləti tərəfindən qorunub, bərpa və restavrasiya edilərək əvvəlki tarixi vəziyyətinə qaytarılıb. Xüsusilə vurğulanıb ki, təxminən 30 il ərzində Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal altında saxlanıldığı dövrdə yüzlərlə Azərbaycan tarixi, mədəni və dini abidələri məhv edilib, dağıdılıb və təhqir olunub. Buna baxmayaraq, Böyük Britaniya Parlamenti həmin faktları bir dəfə də olsun müzakirəyə çıxarmayıb. Bu mövqe ikili standartların bariz nümunəsi kimi qiymətləndirilib. Qeyd olunub ki, Azərbaycan ilə Böyük Britaniya arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlıq münasibətləri mövcud olduğu halda, müəyyən erməni lobbi qruplarının təsiri ilə belə bir məsələnin gündəmə gətirilməsi təəssüf doğurur və bu cür addımlar həm ikitərəfli münasibətlərə, həm də Azərbaycan-Ermənistan arasında aparılan sülh danışıqları prosesinin ümumi atmosferinə mənfi təsir göstərir.
 
İdarə Heyəti Avropa İttifaqının Azərbaycanla münasibətləri yeni mərhələyə keçirmək və əməkdaşlıq müqaviləsi üzrə danışıqları irəlilətməyə hazır olması barədə bəyanatını müzakirə edib. Qeyd olunub ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin normallaşdırılması və hərtərəfli əməkdaşlıq müqaviləsinin imzalanması siyasi dialoqun genişləndirilməsi, iqtisadi əlaqələrin inkişafı, enerji təhlükəsizliyi, nəqliyyat, ticarət və digər sahələrdə qarşılıqlı fəaliyyətin sistemli şəkildə qurulması baxımından mühüm əhəmiyyət daşıyır. 
 
Toplantıda həmçinin Yaponiyanın Azərbaycandakı səfirliyinin fəaliyyətinin müvəqqəti dayandırılması məsələsi ətrafında müzakirələr aparılıb. Qeyd olunub ki, bu qərar İran ətrafında baş verən hadisələrlə əlaqələndirilsə də, Azərbaycan ilə İran arasında mövcud olan yaxın qonşuluq münasibətləri və diplomatik əlaqələr hərbi müdaxilə ehtimalını real göstərmir. Bu baxımdan belə bir addımın Azərbaycan ətrafında əsassız təhlükə təəssüratı yarada biləcəyi və ölkənin təhlükəsizlik mühiti barədə yanlış rəy formalaşdıra biləcəyi bildirilib.
 
İdarə Heyəti ölkədaxili sosial-iqtisadi vəziyyəti də geniş şəkildə müzakirə edib. Qeyd olunub ki, Azərbaycanda sosial-iqtisadi durumun durmadan ağırlaşması, inflyasiyanın artması, qiymətlərin yüksəlməsi və əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi ciddi narahatlıq doğurur. Bildirilib ki, vətəndaşların maddi rifahının yaxşılaşdırılması və sosial müdafiə mexanizmlərinin gücləndirilməsi istiqamətində təxirəsalınmadan real sosial-iqtisadi islahatlar həyata keçirilməlidir. Əks halda, ölkədə mövcud və gələcəkdə gözlənilə bilən sosial-iqtisadi böhranın siyasi məsuliyyəti birbaşa hökumətin üzərinə düşəcək.
 
Toplantının sonunda ADP Ali Məclisinin üzvü, “Hürriyyət” qəzetinin və eyni adlı internet televiziyasının baş redaktoru Vüqar Məmmədovun həbs qətimkan tədbirinin müddətinin uzadılmasına etiraz olaraq verilmiş apellyasiya şikayətinin təmin edilməməsi məsələsi də müzakirə olunub. İdarə Heyəti bu qərarı qətiyyətlə pisləyib və hesab edib ki, bu faktlar Vüqar Məmmədovun həbsinin sırf onun jurnalist və ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu göstərir. İdarə Heyəti onun hüquqlarının təmin olunmasını və iş üzrə ədalətli, obyektiv araşdırmanın aparılmasını tələb edib.
Link kopyalandı!
Son xəbərlər