Bizi sosial şəbəkələrdən izləyin:
Ədalət Partiyası ABŞ-İsrail tərəfindən İrana qarşı həyata keçirilən hərbi əməliyyatlarla bağlı bəyanat verib.
Moderator.az xəbər verir ki, bəyanatda deyilir:
-Ədalət Partiyası ABŞ və İsrail tərəfindən İrana qarşı həyata keçirilən hərbi hücum, Ayətullah Əli Xameneinin öldürülməsi və İran ərazisinin bombalanması ilə əlaqədar dərin narahatlığını bildirir. Bu hadisələr regionda və qlobal miqyasda təhlükəsizlik və sabitliyə ciddi təhdid yaradır, mövcud gərginliyi daha da artırır.
Ali dini lider Xameneinin həlak olması münasibətilə İran xalqına və İran İslam Respublikasının rəhbərliyinə dərin hüznlə başsağlığı verir, bütün İran xalqına səbr diləyirik. Dövlət başçısının və ya yüksək rütbəli şəxslərin hədəfə alınması beynəlxalq hüquq normalarına zidd olmaqla yeni təhlükəli mərhələnin başlanğıcı ola bilər.
Ədalət Partiyası bütün tərəfləri maksimum təmkinli olmağa, gərginliyi artıra biləcək addımlardan çəkinməyə və danışıqlar masasına qayıtmağa çağırır. Beynəlxalq hüququn əsas prinsipləri, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi çərçivəsində dövlətlərin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə hörmət edilməsi vacibdir. Zorakılıq və hərbi müdaxilələr heç bir problemin həllini təmin etmir, əksinə regionda daha geniş münaqişələrə səbəb ola bilər.
Ədalət Partiyası beynəlxalq ictimaiyyəti bu böhranın dinc yolla həllinə yönəlmiş səyləri dəstəkləməyə çağırır. Regionun sabitliyi bütün xalqların maraqlarına cavab verir və yalnız dialoq vasitəsilə əldə oluna bilər.