Siyasət
22
12:43, Bu gün

"Xocalıdan verilən mesajın mənası odur ki, biz artıq qurban deyilik" - Zahid Oruc  

Milli Məclisin plenar iclasında çıxış edən İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Xocalı soyqırımından və Prezidentin Xocalıya səfərindən danışıb.

Moderator.az xəbər verir ki, komitə rəhbəri bildirib ki, dünən Xocalıdan - artıq soyqırım və məğlubiyyət deyil, qalibiyyət və milli bütövlük simvoluna çevrilən məkandan dünyaya səslənən prezident İlham Əliyevin Serbiyaya səfəri də son 35 ildə dünyada yaradılan yeni reallıqları görməyə imkan verir: “Görüş zamanı prezident Aleksandr Vuçiç bəyan etmişdi ki, Balkanlarda və Cənubi Qafqazda eyni vaxtda başlayan müharibələrdə tək qalib dövlət Azərbaycandır.

Yaxşı xatırlayırıq - bir vaxtlar keçmiş Yuqoslaviyada qanlı savaşlar Cənubi Qafqazla eyni dalğada cərəyan edirdi. Balkanlarda münaqişələr yeni hibrid dövlətin yaranması ilə nəticələndi. “Kosovo modeli”ni Qarabağ üçün də tətbiq etmək istəyirdilər.

Avropanın iki hissəsində eyni ssenari-xarici dövlətlərin müdaxilələri, oxşar vasitəçi monopolistlər olsa da fərqli nəticələr baş verdi. Cənubi Qafqazda Azərbaycan tarixin axarını dəyişdirdi, “dondurulmuş münaqişə” termininə son qoydu, yeni geosiyasi reallıqlar yaratdı. İndi gəlin bir əsr geriyə baxaq. 1919-1920-ci illərdə ABŞ prezidenti Vudro Vilson arbitraj qərarları ilə Ermənistanın ərazilərini genişləndirmək istəyirdi. Regionun xəritəsi və taleyi kənarda müəyyənləşirdi. İndi isə Qələbəmizin legitimliyi və suverenliyini məhz həmin Vaşinqtonda qəbul olunub”.

Z.Oruc daha sonra bildirib:

 “Bəli, qalib xalq strateji baxışla hərəkət etməlidir. Ermənistanla başlayan ticarət əlaqələrinə yalnız iqtisadi stimul kimi deyil, İrəvanı xarici asılılıqdan qurtaran siyasət kimi baxmalıyıq. Əgər region gerçək inteqrasiyaya nail olsa, kommunikasiyalar açılsa, o zaman xarici himayədarlara ehtiyac azalacaq.

Prezident İlham Əliyev dəfələrlə sual edib: axı Cənubi Qafqaz niyə inkişafdan geri qalıb? Çünki daimi savaş meydanı olub”.

Komitə sədri əlavə edib ki, dünən, başlayan Pakistan-Əfqanıstan qarışdırması göstərir ki, yerləşdiyimiz region indi dünyada ən böyük risklərlə üz-üzədir: “Lakin Xocalıdan verilən mesajın mənası odur ki, biz artıq qurban deyilik, soyumuz yaşayır və biz təkcə öz taleyimizi yox, regionu və erməniləri də dəyişdiririk. Bəli, Qələbəmiz təkcə torpaqlarımızı yox, həm də Ermənistanı keçmiş imperiyalardan xilas edir. Ona görə də xalqlarımızı barışa hazırlamalıyıq. Doğrudur, yaralarımız təzədir, düşmənçilik dərinə işləyib, lakin Ermənistanla sülh müqaviləsini bağlayandan sonra daha böyük düşmənlərimizi görəcəyik. Məgər tarixdə iki xalq arasında dinc birgəyaşayış olmayıbmı? Əlbəttə, olub! İkinci dünya müharibəsində erməni diviziyalarında azərbaycanlılar  qəhrəmanlıqla  vuruşurdular və “Sovet İttifaqı Qəhrəmanı” adını alan soydaşımız var. Halbuki yalnız baqramyanları, babacanyanları, isakovları qabardırlar”.

Z.Oruc bildirib ki, erməni kinoşünaslığını Sabir Rzayev adlı çoxlarının tanımadığı həmyerlimiz yaradıb:

“70 il sovet Ermənistanını qurub-yaradan azərbaycanlılar bütün vəzifələrdə təmsil olunublar. Xalqımızın mədəni konstitusiyasını yaradan böyük Üzeyir 1919-cu ildə bütün qafqazlılara müraciət edir və deyirdi- milli və dini ayrılıq bir ittifaqda yaşamağa mane olmur! Gəlin, uvertüra kimi sözlərə əməl edib ayırıcı divarlar və səngərlər yox, sülh və əməkdaşlıq körpüləri tikək”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər