Siyasət
42
12:07, Bu gün

"Ermənistandan Xocalı qətliamını törətmiş şəxslərin cəzalandırılmasını tələb etməliyik" - Qüdrət Həsənquliyev

“Dünən xalqımız böyük hüznlə Xocalı qurbanlarını yad etdi. Ermənistan prezidentləri olmuş Robert Köçəryan və Serj Sərkisyanın rəhbərliyi ilə 34 il öncə erməni faşistləri Rusiyanın 366-cı alayının köməkliyi ilə Xocalının dinc sakinlərinə uşaq, qadın, qoca bilmədən dəhşətli divan tutublar. Bu faciənin “Xocalıya ədalət” çağırışı ilə beynəlxalq ictimaiyyətə çatdırılmasında müstəsna rol oynamış Heydər Əliyev Fondunun və xüsusilə Leyla Əliyevanın xidmətlərini də qeyd etmək istəyirəm. Xocalı işğaldan azad olsa da, həmin cinayəti törətmiş canilər son nəfərinə qədər cəzalandırılmayınca, soyqırımı qurbanlarının ruhu rahat ola bilməz”.
 
Moderator.az xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
 
Millət vəkili xatırladıb ki, İsrail alman faşistlərini müharibədən sonra ya tutub İsrailə gətirib ədalət mühakiməsi qarşısına çıxarır, ya da bu mümkün olmadıqda aşkar etdikləri yerdə cəzalandırırdı: “Azərbaycanın müvafiq dövlət orqanları Xocalıda azyaşlı qız uşaqlarını soyundurub təhqir etmiş və öldürmüş faşistlərin cəzalandırılması üçün eyni addımları atmalıdır. Bu gün həmin qatillər Ermənistanda hakimiyyətə qayıtmaq istəyirlər.
 
Ermənistanda sülh tərəfdarları açıq formada bəyan edirlər ki, qarşıdan gələn 7 iyun seçkiləri müharibə ilə sülh arasında seçim olacaq. İraqın keçmiş Baş naziri əl-Maliki yanvarın sonunda hakimiyyətə qayıtmaq istəyəndə Tramp açıq bəyan etdi ki, bunun İraq üçün ağır nəticələri olacaq və bu, ABŞ-İraq münasibətlərinə ciddi təsir edəcək.
 
İndi zamanı çatıb ki, Azərbaycan Ermənistan xalqına açıq müraciət etsin ki, Xocalı qatillərinin yenidən hakimiyyətə gətirilməsinin Ermənistan üçün ağır nəticələri olacaq. Revanşistlərin Ermənistanda hakimiyyətə gələcəkləri halda törədəcəkləri təxribatlardan müdafiə olunmaq məqsədilə, biz sərhəd bölgəsində bütün qoşun növlərinin iştirakı ilə genişmiqyaslı hərbi təlimlərə başlamalıyıq. Azərbaycan eyni zamanda Ermənistandan Xocalı qətliamını törətmiş şəxslərin cəzalandırılmasını tələb etməlidir. Bununla yanaşı Azərbyacan iqtidarını Ermənistanda 7 iyun seçkilərinə qədər sülh prosesini aparan, hazırda çətin günlərini yaşayan Paşinyanla sülh sazişi imzalamağa çağırıram. Bu, ona və sülh prosesinə dəstək olardı.
 
Həm də Ermənistanla kommunikasiya xətləri açılandan, iqtisadi və humanitar əlaqələr qurulandan, Türkiyənin Ermənistanla hərtərəfli əməkdaşlığa başlamasından sonra sülh sazişinin gecikdirilməsi Ermənistan üçün heç bir diskomfort yaratmır, bizə heç nə vermir. Heç bir Konstitusiya sülhü təmin edə bilməz. Biz eyni zamanda mağara təfəkkürlü, xarici dövlətlərin terror təşkilatı kimi istifadə etdiyi, öz xalqını ən adi hüquqlardan məhrum etmiş Talibana qarşı mübarizəyə başlamış qardaş Pakistana öz dəstəyimizi ifadə etməliyik”.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər