Azad Vətən Partiyası Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Bəyanat verib.
Moderator.az xəbər verir ki, Bəyanatda deyilir: “34 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı quldur dəstələri Rusiyanın 366-cı alayının güclü dəstəyi və bilavasitə iştirakı ilə Xocalı şəhərində Azərbaycanlılara qarşı soyqırım törətdilər. Bəşəriyyət tarixində görünməmiş vəhşiliklə törədilən bu cinayət erməni neofaşizminin və Türk millətinə qarşı nifrət düşüncəsinin mahiyyətindən irəli gəlirdi. Həmin gecə 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilmiş, 487 nəfər şikəst edilmiş, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalmışdır. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir. Təəssüflər olsun ki, insanlıq əleyhinə yönəlmiş bu vəhşilik ayrı-ayrı hökumətlər və təşkilatlar tərəfindən tanınsa da, hələ də bütövlükdə Beynəlxalq səviyyədə soyqırım kimi tanınmır. Heç vaxt baş verməmiş saxta “erməni genosidi” üzərində siyasət yürüdən bir çox qərb dövlətləri Xocalı soyqırımını qəbul etmək istəmirlər.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz və xalqımız Qarabağ və Şərqi Zəngəzur bölgələrini düşmənlərimizin işğalından azad etməklə Xocalı soyqırımının qisasını alıb. Bu vəhşiliyi törədən canilərin bir qismi Azərbaycan məhkəməsi tərəfindən mühakimə olunub və cəzalarını çəkirlər. Lakin Xocalı soyqırımını törədən cinayətkarların böyük qismi, o cümlədən R.Köçəryan, S.Sərkisyan, S.Ohanyan və digərləri hələ də azadlıqdadır. Hesab edirik ki, onların da əməllərinə görə cavab verəcəkləri gün uzaqda deyil.
Dünyada mütəmadi olaraq baş verən soyqırım cinayətlərinin qarşısını almaq üçün Azad Vətən Partiyası dünyanın bütün ölkələrini Xocalı soyqırımını tanımağa, bununla da bəşəri cinayətlərə qarşı mübarizədə birlikdə fəaliyyət göstərməyə çağırır”.