Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib, “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında edilən dəyişikliklərin müzakirəsi zamanı fikirlərini bölüşüb.
Moderator.az xəbər verir ki, millət vəkili öncə bildirib: “Mən öncə Xocalı soyqrımının qurbanlarına, şəhidlərimizə Allahdan rəhmət diləyirəm, eyni zamanda, Su çərşənbəsi münasibətilə sizləri və xalqımızı təbrik edirəm. Hörmətli sədr, mən işçi qrupların fəaliyyəti ilə bağlı fikrimi bildirmək istəyirəm. Yeni təyin olunacaq həmkarlarımı təbrik edirəm, onlara fəaliyyətlərində uğurlar arzulayıram. Bizim Konstitusiyamıza görə hakimiyyətin qanadları bir-birilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Ona görə də hesab edirəm ki, işçi qruplar həm də hökumətlərarası komissiyanın sədrləri və ya komissiyanın üzvləri ilə ildə bir dəfə görüş keçirsələr, məqsədəuyğun olardı. Azərbaycan hazırda Avropanın və dünyanın inkişaf etmiş, yeni texnologiyalara sahib onlarla ölkəsi ilə strateji tərəfdaşlığa dair saziş imzalayıb. Bu müqavilələrin dəyəri həm də onunla ölçülməlidir ki, onlar Azərbaycanın qeyri-neft sektoruna nə qədər investisiya qoyub, nə qədər müasir texnologiya gətirib, iş yeri açıb və yaxud neçə azərbaycanlı tələbəni pulsuz oxudub. Mən kiçik bir araşdırma apardım. 2019–2023-cü illərdə Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Niderland, İsveçrə başda olmaqla qeyri-neft sektoruna cəmi 6,2 milyard dollar investisiya yatırılıb. Təəssüf ki, son iki ilin rəqəmlərini əldə edə bilmədim. Hesab edirəm ki, bu, olduqca az bir vəsaitdir. Ona görə də bizim işçi qruplar çalışmalıdır ki, həmin o strateji tərəfdaş olduğumuz ölkələr Azərbaycana investisiya yatırsınlar. Məsələn, bu yaxınlarda cənab Prezidentin Serbiyaya səfəri zamanı biz gördük ki, Serbiyanın prezidenti Aleksandar Vuçiç cənab Prezidentdən təkidlə necə xahiş edirdi ki, Azərbaycan Serbiyada istilik elektrik stansiyası tiksin. Biz də öz strateji tərəfdaşlarımızdan bunu istəməliyik. Məsələn, Macarıstan dövlətinə minnətdarlığımı bildirirəm. Hər il təqribən 200 azərbaycanlı tələbəni dövlət hesabına orada oxutdurur. Əlbəttə, yaxşı olardı ki, bunu Çin də, ərəb ölkələrindən hansısa, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri də etsin və s. Vaxtilə mən xatırlayıram ABŞ Prezidenti Corc Buş Amerika vətəndaşlarına müraciət edirdi ki, Çin və ərəb dillərini öyrənin.
Hazırda hesab edirəm ki, ölkə iqtisadiyyatına böyük investisiyaların qoyulmasına ehtiyac var. Biz bilirik ki, dövlət idarə, müəssisə və təşkilatlarında ixtisarlar aparılır, həmçinin iri holdinqlərdə işçiləri ixtisar etməyə başlayıblar. Kiçik və orta sahibkarların isə bu insanları işlə təmin etmək imkanları çox məhduddur. Ona görə də bizim, məsələn, həm də İsrail kimi müttəfiqimiz var. Heç kim bizə silah satmayanda İsrail bizə silah satıb. Amma bu yetərli deyil. Onlar Azərbaycana müasir texnologiyalar gətirməlidirlər və Azərbaycan tərəfi də bunu öz tərəfdaşlarından xahiş etməlidir. Mənim sadəcə olaraq həmkarlarımın diqqətinə çatdırmaq istədiyim bu idi. Diqqətinizə görə təşəkkür edirəm”.