Münhen və Vaşinqton təxribatı gözlənilən idi
Siyasət
137
11:38, Bu gün

Münhen və Vaşinqton təxribatı gözlənilən idi

Nə vaxt regionda Azərbaycanın geosiyasi gücü artıb, dövlətimiz beynəlxalq arenada strateji əhəmiyyətini yüksəldib və qarşısına qoyduğu milli hədəflərə ard-arda nail olubsa, eyni paraleldə ölkəmizə, onun Liderinə və ailə üzvlərinə qarşı təzyiq, şantaj və açıq təxribat cəhdlərinin kəskin şəkildə çoxaldığını görmüşük. Bu bizim üçün yeni deyil, artıq belə çirkli ssenarilərə, sifarişli təxribatlara və koordinasiyalı informasiya hücumlarına qarşı illərdir formalaşmış siyasi və institusional immunitetimiz var.
 
Lakin son günlərin hadisələri əvvəlkilərdən ciddi şəkildə fərqlənir. Çünki bu dəfə dövlətimizə qarşı düşmən dairələrin məkrli planları bütün “qırmızı xətləri” aşaraq daha aqressiv, daha həyasız və daha iyrənc forma alıb.
 
Niyə məhz indi?
 
Bu sualın cavabını anlamaq üçün heç, son 5 ili demirəm, təkcə son bir ayın faktlarına baxmaq kifayətdir: Azərbaycan qlobal təhlükəsizlik sistemində yeni mexanizm kimi formalaşan “Sülh Şurası”nın təsisçi üzvlərindən biri kimi çıxış etdi, Cənubi Qafqazın geosiyasi xəritəsinin, habelə sülh və əməkdaşlıq strategiyasının yenidən dizayn olunması prosesində əsas oyunçuya çevrildi, ABŞ-la Strateji Tərəfdaşlıq Xartiyasını imzaladı, Ruben Vardanyan başda olmaqla müharibə canilərinin məhkəmə qarşısında layiqli cəza almasına nail oldu, ölkə rəhbəri sülh qurucusu kimi beynəlxalq səviyyədə mükafatlandırıldı.
 
Bu silsilə uğurlar bir çox dairələri ciddi təşvişə saldı. Narazıların coğrafiyası genişdir- Rusiyadan başlayaraq Fransaya, ABŞ-ın müəyyən siyasi çevrələrinə qədər uzanır. Çünki bəziləri Cənubi Qafqazda itirdikləri təsir dairəsinin, digərləri Tramp hakimiyyətə gəldikdən sonra məhrum olduqları siyasi rıçaqların, başqa bir qrup isə birdəfəlik məhv edilmiş “Arsax” layihəsinin və ya çirkli maliyyə kanallarının bağlanmasının heyifini bizdən almağa çalışır.
Məhz buna görə bu dairələr koordinasiyalı şəkildə anti-Azərbaycan şəbəkəsində birləşərək klassik böhtan, şantaj və informasiya terroru kampaniyasına start verdilər. Münhen və Vaşinqtonda keçirilən beynəlxalq tədbirlər isə onlar üçün əlverişli meydan kimi seçildi.
 
Uzun müddət xaricdə himayə edilən, cinayət məsuliyyətindən qorumaq üçün külli miqdarda vergi borcunu ödəməklə xarici işlər nazirinin təyyarəsilə İsveçrəyə aparılaraq bu günlər üçün yetişdirilən Emin Hüseynov və sonradan ona qoşulan qardaşı Mehman Hüseynov bu çirkli ssenarinin icraçı aləti olaraq fəallaşdırılıblar. Onların əli ilə Prezidentimizə və ailəsinə qarşı açıq, əslində isə dövlətimizin sütünlarını hədəfə alan məqsədli və planlaşdırılmış çirkli kampaniyalar həyata keçirilir.
Emin Hüseynov tərəfindən Münhendə cənab Prezidentə və hörmətli Mehriban xanıma qarşı təşkil olunan ucuz siyasi şounun və primitiv təlxəkliyin nəticəsiz qaldığını görən bu şəbəkə Vaşinqtonda daha aqressiv və daha iyrənc ssenariyə əl atdı. Prezident korteji mehmanxana ərazisinə yaxınlaşarkən “etirazçı” adı altında bir qrup şəxs mühafizə perimetrini zorla yarmağa cəhd etdi, açıq təhqirlər səsləndirdi və dövlət başçısının avtomobilinə hücum xarakterli hərəkətlərə yol verdi.
Bu planı hazırlayanlar çox yaxşı bilirdilər ki, dünyanın istənilən ölkəsində dövlət başçısının mühafizə olunduğu zonaya müdaxilə ölümcül təhlükə və təhdid sayılır və dərhal sərt reaksiya doğurur. Bu, dəyişilməz beynəlxalq təhlükəsizlik qaydasıdır.
 
Bunun ən açıq sübutu isə cəmi bir neçə gün əvvəl baş vermiş hadisədir. Donald Trampın Floridadakı Mar-a-Laqo iqamətgahının mühafizə olunan ərazisinə daxil olmağa cəhd edən şəxs ABŞ Məxfi Xidməti tərəfindən yerindəcə güllələnərək zərərsizləşdirildi. Yəni, fakt ortadadır, təhlükəsizlik perimetrini pozmaq dünyanın ən sərt şəkildə qarşısı alınan cinayətlərindən biridir.
 
Deməli, Vaşinqtondakı insident spontan aksiya deyildi, əvvəlcədən hesablanmış təxribat idi.
 
Görünür, siyasi şüarlarla maskalanaraq bu iyrənc və düşünülmüş təxribat ssenarisini hazırlayan qüvvələr qəsdən Prezidentin təhlükəsizlik xidmətinin əməkdaşlarını açıq qarşıdurmaya sürükləmək və həmin qarşıdurmanı beynəlxalq informasiya məkanında maksimal şəkildə istismar etməyi planlaşdırıblar.
 
Təsadüfi deyil ki, təxribatın baş verdiyi an ABŞ-dakı erməni diasporu tərəfindən sinxron şəkildə canlı yayımlanıb, hadisə ilə bağlı görüntülər isə dəqiqələr içində beynəlxalq mediaya servis edilərək informasiya hücumunun bir hissəsinə çevrilib. Bu, klassik hibrid savaş texnologiyasıdır. Əvvəl provokasiya yaratmaq, sonra onu manipulyasiya olunmuş “insan haqları” və “təhlükəsizlik” narrativləri ilə qabardaraq siyasi təzyiq alətinə çevirmək.
 
Bundan başqa, bu planı hazırlayanlar ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq, Azərbaycan dövlətinin legitim təhlükəsizlik tədbirlərini gözdən salmaq və anti-Azərbaycan şəbəkəsinin uzun illərdir apardığı koordinasiyalı informasiya müharibəsinə yeni “material” qazandırmaq istəyirdilər.
Lakin bu dəfə də onların məkrli planı Mehdiyev-Kərimli cütlüyünün xəyanət və dövlət çevrilişi planı kimi ifşa olundu və fiasko ilə nəticələndi. Anti-Azərbaycan şəbəkəsinin iyrənc ssenarisi iflasa uğradı. Adı və soyadı bizə, ruhu və milli kimliyi isə xalqımıza yad olan bu ünsürlər növbəti dəfə də sığındıqları mərkəzlərin sifarişlərini yerinə yetirməkdə aciz qaldılar.
 
İctimaiyyət yaxşı başa düşür ki, Azərbaycan torpaqları işğaldan azad edildikdən, Qarabağda iki əsrlik erməni separatizm yuvası darmadağın olunduqdan sonra bunu özlərinin geosiyasi məğlubiyyəti kimi qəbul edən ölkələr və siyasi dairələr həm də xalq-hakimiyyət birliyinin sarsılmaz gücündən və dövlətimizin artan nüfuzundan açıq şəkildə narahatdırlar. Onlar yaxşı anlayırlar ki, cənab İlham Əliyev rəhbərliyində Azərbaycan artıq regionda diktə edən gücə çevrilib və bu reallığı dəyişmək mümkün deyil.
 
Sonda isə bütün manqurtlara açıq şəkildə xatırlatmaq istəyirəm: siz bu millətə və bu dövlətə qarşı apardığınız xain fəaliyyətlə yalnız xalqın nifrətini və siyasi iflasınızı daha da dərinləşdirirsiniz. 
 
Azərbaycan xalqı bütün bu oyunların tam fərqindədi, ucuz siyasi şoulara aldanmır və dövlətini hər zaman olduğu kimi bundan sonra da qətiyyətlə qorumağa hazırdır.
 
Prezidentimizin sarsılmaz iradəsi, dövlətimizin gücü və düşmənin başı üzərində hazır vəziyyətdə dayanan “dəmir yumruq” isə hər zaman yerindədir.
 
Azay Quliyev, millət vəkili
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər