Vaşinqton təxribatında Rusiya izi - ARAŞDIRMA
Siyasət
254
23 Feb 2026 | 22:47

Vaşinqton təxribatında Rusiya izi - ARAŞDIRMA

AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya səmasında vurulması ilə başlanan proseslər regionda yeni və çoxqatlı geosiyasi dinamika formalaşdırdı. Hadisə ilkin mərhələdə texniki və ya hərbi insident kimi qiymətləndirilsə də, qısa müddətdə siyasi, informasiya və təhlükəsizlik ölçüləri ilə genişlənərək daha sistemli qarşıdurma müstəvisinə keçdi. Proseslərin inkişaf trayektoriyası göstərir ki, məsələ lokal epizod çərçivəsini aşaraq daha geniş strateji rəqabət kontekstinə inteqrasiya olunub.

Azərbaycanın təyyarənin vurulmasında günahı olan şəxslərin cəzalandırmasını qətiyyətlə tələb etməsi, suveren hüquqları çərçivəsində atdığı addımlar, o cümlədən Bakı şəhərində fəaliyyət göstərən "Rus Evi" ilə bağlı qərarlar Moskvanın reaksiyasını sərtləşdirdi. Bu mərhələdən etibarən münasibətlər klassik diplomatik polemika çərçivəsindən çıxaraq informasiya, siyasi psixoloji və kiberkomponentlərin paralel tətbiq olunduğu hibrid təsir modelinə yaxınlaşdı.

Vaşinqton təxribatında Rusiya izi - ARAŞDIRMA

Gərginliyin mərhələli eskalasiyası

Birinci mərhələdə informasiya müstəvisində intensiv aktivlik müşahidə olunub. Rusiya dövlətinə bağlı media resurslarında, siyasi tok-şoularda və ekspert platformalarında Azərbaycan əleyhinə ittiham xarakterli və manipulyativ tezislər sistemli şəkildə tirajlanıb. Diskursun tonu emosional və ittihamedici çərçivəyə keçirilib, rəsmi Bakının addımları kontekstdən çıxarılaraq təqdim olunub.

İkinci mərhələdə ritorika institusional səviyyəyə daşınıb. Dövlət Dumasının bəzi üzvləri tərəfindən açıq hədələyici bəyanatlar səsləndirilib, Azərbaycan rəhbərliyi barədə etik çərçivədən kənar ifadələr işlədilib, suverenlik və ərazi bütövlüyü ilə bağlı üstüörtülü mesajlar verilib. Bu mərhələ artıq diplomatik narazılıq deyil, siyasi psixoloji təzyiq mexanizmi kimi xarakterizə oluna bilər. Məqsəd informasiya məkanında legitimlik balansını dəyişmək və ictimai rəyə təsir göstərmək olub.

Kiberkomponent və sinxron təsir modeli

İnformasiya hücumları ilə paralel olaraq kibermüstəvidə də aktivlik qeydə alınıb. Dövlət qurumlarına və media resurslarına yönəlmiş müdaxilə cəhdləri təhlükəsizlik risklərinin artdığını göstərib. Zamanlama faktorunun üst-üstə düşməsi informasiya kampaniyası ilə kiberaktivliyin koordinasiyalı strategiyanın elementləri ola biləcəyini ehtimal etməyə əsas verir.

Hibrid təsir modelində informasiya və kiberkomponentlərin sinxron tətbiqi qarşı tərəfdə həm psixoloji, həm də texnoloji təzyiq mühiti yaradır. Məqsəd reputasiya zərbəsi ilə yanaşı, dövlət institutlarının dayanıqlılığını sınağa çəkmək və ictimai etimadı zəiflətməkdir.

Vaşinqton təxribatı

Rusiyanın Azərbaycan əleyhinə növbəti addımı Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə "Sülh Şurası"nın ilk iclasında iştirak etmək üçün Vaşinqtona səfəri zamanı ortaya çıxdı.

Rusiya xüsusi xidmət orqanları okeanın o tayında yerləşdirdiyi agentləri vasitəsi ilə Azərbaycan Prezidentinin qaldığı hotelin qarşısında etiraz aksiyası təşkil edərək növbəti təxribata əl atdılar.

Qeyd edək ki, bu il fevralın 19-da Vaşinqtonda bir qrup radikal şəxs təxribat xarakterli hərəkətlərə yol verib, Azərbaycan dövlətinin rəhbərliyinə qarşı təhqiramiz və qeyri-etik ifadələr səsləndirib, eyni zamanda mühafizə olunan əraziyə daxil olmağa çalışıblar.

Hadisə zamanı Prezidentin təhlükəsizlik xidməti ABŞ polisi ilə birlikdə operativ müdaxilə nəticəsində vəziyyəti nəzarət altına alıb, radikalları ərazidən uzaqlaşdırıb.

Sosial şəbəkələrdə yayılan videogörüntülərdə antimilli ünsürlərin açıq şəkildə nalayiq ifadələr işlətdiyi, radikal hərəkətlərə yol verdiyi aydın görünür.

Zahirdə lokal siyasi etiraz təsiri bağışlayan bu hadisə iştirakçıların keçmiş əlaqələri və miqrasiya trayektoriyası fonunda daha geniş təhlükəsizlik kontekstində qiymətləndirilməlidir.

Toplanmış məlumatların təhlili göstərir ki, aksiyada iştirak edən şəxslərin əhəmiyyətli hissəsi Rusiya ilə sıx əlaqələrə malik olub, bəziləri bu ölkənin vətəndaşlarıdır, bəziləri uzun müddət orada yaşayıb və ya oraya intensiv səfərlər həyata keçirib, daha sonra isə ABŞ-yə köçüblər. Bu ardıcıllıq təsadüfi miqrasiya məsələsi olmaqla yanaşı, koordinasiyalı plan ehtimalını da gündəmə gətirir.

Təxribatçıları Rusiyaya nə bağlayır?

Məlum olub ki, aksiyada radikal hərəkətləri ilə diqqət çəkən 02.08.1990-cı il təvəllüdlü Adil Vüqar oğlu Əmrahlı Rusiya vətəndaşıdır. Azərbaycanda olarkən tez-tez Rusiyaya səfərlər edib. Uzun müddət Rusiyanın Novqorod şəhərində yaşayıb. Sonuncu dəfə 2022-ci il oktyabrın 15-də Rusiya pasportu ilə Almaniyaya gedib. Hazırda ABŞ-də yaşayır. Milliyyəti barədə məlumat olmayan Tatyana Viktorovna adlı qadınla evli olduğuna dair məlumatlar var.

Vaşinqton təxribatında Rusiya izi - ARAŞDIRMA

Adil Əmrahlının atası Vüqar Əmrahov da Rusiya vətəndaşıdır. 2023-cü il iyulun 17-də Azərbaycandan Rusiyaya gedib, həmin il sentyabrın 25-də Azərbaycana gəlib.

Vüqar Əmrahovun 26 dəfə Rusiyaya getdiyi barədə məlumatlar var.

Aksiyanın ən fəallarından olan 06.04.1998-ci il təvəllüdlü Rəhim Tofiq oğlu Yaqublu "Müsavat" partiyasının üzvüdür.

Tofiq Yaqublunun oğlu olan Rəhim Yaqublu sonuncu dəfə 2022-ci il martın 20-də Azərbaycanı tərk edərək Türkiyəyə gedib. Hazırda ABŞ-də yaşayır.

Vaşinqton təxribatında Rusiya izi - ARAŞDIRMA

Rəhim Yaqublu Azərbaycanda olduğu müddətdə dəfələrlə Rusiyaya gedib qayıdıb. 2018-ci il iyulun 12-də Rusiyaya gedib, avqustun 13-də ölkəyə qayıdıb. Onun səkkiz dəfə Rusiyaya getdiyi barədə məlumatlar var.

Radikal aksiyanın daha bir iştirakçısı, 30.04.1972-ci il təvəllüdlü Bəxtiyar Əlövsət oğlu Abbasov da Rusiya vətəndaşıdır. Ölkədə olarkən tez-tez Rusiyaya səfərlər edib. Onun təxminən 16 dəfə Rusiyaya gedib-gəldiyi məlumdur.

Sonuncu dəfə 2015-ci il mayın 12-də Rusiya pasportu ilə Azərbaycandan Rusiyaya gedib, uzun müddət orada yaşayıb. AXCP üzvü olub.

Vaşinqton təxribatında Rusiya izi - ARAŞDIRMA

Məlumatlara görə, Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilib. Rusiyadan AXCP-yə qanunsuz maliyyə vəsaitləri göndərən Saleh Rüstəmovun yaxını olub, uzun müddət pul toplanılmasında onunla birgə iştirak edib. Saleh Rüstəmovun həbsindən sonra elə agentlik etdiyi xüsusi xidmət orqanlarının təlimatına əsasən maskalanıb, Amerikaya göndərilərək orada yerləşdirilib, hazırda ABŞ-də yaşayır.

O, həmçinin Fransada yaşayan AXCP üzvü Qənimət Zayıdov və AND təşkilatının Danimarkada yaşayan həmsədri Güllü Cahangirovanın təşkilatçılığı ilə 2021-ci il dekabrın 15-də Bakının Fəvvarələr Meydanında Saleh Rüstəmova azadlıq tələbi ilə keçirilmiş qanunsuz aksiyada cərimə edilmiş müxalif şəxslərə yardım məqsədilə başladılan ianə kampaniyası çərçivəsində pul göndərən şəxslərdəndir.

Aksiyanın daha bir iştirakçısı, 10.10.1995-ci il təvəllüdlü Xilas Osman oğlu İsayev də AXCP üzvüdür.

Vaşinqton təxribatında Rusiya izi - ARAŞDIRMA

Sonuncu dəfə 2024-cü martın 27-də Azərbaycandan Türkiyə gedib. Hazırda ABŞ-də yaşayır.

03.06.1988-ci il təvəllüdlü Kənan Həmid oğlu Cəfər isə 2015-ci il noyabrın 10-da Azərbaycandan Rusiyaya gedib, noyabrın 17-də ölkəyə qayıdıb.

Vaşinqton təxribatında Rusiya izi - ARAŞDIRMA

Sonuncu dəfə 2017-ci il aprelin 8-də Azərbaycanı tərk edərək Qətərə gedib. Hazırda ABŞ-də yaşayır.

Aksiyanın digər iştirakçısı 28.08.1981-ci il təvəllüdlü Tural Rza oğlu Ələkbərli də Azərbaycanda yaşayan vaxt dəfələrlə Rusiyaya səfər edib. Onun 54 dəfə Rusiyaya getdiyi barədə məlumatlar var.

Sonuncu dəfə 2018-ci il oktyabrın 16-da Azərbaycanı tərk edərək Rusiyaya gedib. Hazırda ABŞ-də yaşayır.

Vaşinqton təxribatında Rusiya izi - ARAŞDIRMA

Onun qardaşı Ələkbər Rza oğlu Ələkbərovda hazırda ABŞ-də yaşayır. Müxalifyönlüdür.

2024-cü il dekabrın 31-də ABŞ-də müxalif şəxslər - Natiq Ədilov, Mehman Hüseynov, Murad (Moni) Quliyev və digərləri ilə birlikdə yeni il münasibəti ilə keçirilən yığıncaqda, həmçinin 2025-ci il aprelin 12-də ABŞ-nin paytaxtı Vaşinqtonda Azərbaycan səfirliyinin qarşısında "Tofiq Yaqubluya azadlıq!" şüarı ilə keçirilmiş aksiyada iştirak edib.

Rusiyanın Azərbaycan əleyhinə planlarına alət olanlar

Göründüyü kimi, Azərbaycana və onun rəhbərinə qarşı planlaşdırılan təxribat aksiyasının iştirakçılarının Rusiya ilə sıx əlaqələri mövcuddur. Moskva uzaq ABŞ-də də öz agentlərini yerləşdirərək, onlardan öz məqsədləri üçün istifadə edir.

Vaşinqtondakı təxribat zamanı diqqətçəkən bir məqam da ortaya çıxıb. Məlumatlara görə, radikal qrup üzvlərinin bəziləri bir-birini yaxından tanımır. Aksiyadan yayılmış bəzi görüntülərdə də təxribatçı şəxslərin öncədən bir-birini yaxından tanımadığı görünür. Burada təəccüblü bir şey yoxdur. Klassik agentura qaydasına görə, kəşfiyyat və agentura fəaliyyətində geniş tətbiq edilən üsullardan biri agentlərin bir-birini tanımaması prinsipidir. Bu model şəbəkənin ifşa riskini azaltmağa və koordinasiyanın mərkəzləşdirilmiş qaydada aparılmasına imkan verir.

Nəticə etibarilə, AZAL insidenti ilə başlayan proseslər informasiya, siyasi ritorika, kibermüdaxilə və xarici platformalarda təşkil olunan aksiyalarla müşayiət olunan çoxsəviyyəli təzyiq modelinə çevrilib. Hadisələrin bu konfiqurasiyası regionda davam edən strateji rəqabətin yeni fazaya keçdiyini göstərir və mövcud dinamikanın yalnız siyasi deyil, həm də təhlükəsizlik prizmasından sistemli təhlilini zəruri edir. Bu kontekstdə Rusiyanın Azərbaycana qarşı apardığı siyasət, atdığı addımlar Moskvanın bəd niyyətlərindən xəbər verir. Ən ağrılı olanı isə bəzi soydaşlarımızın Rusiyanın əlində alətə çevrilməsi, onlardan agent kimi istifadə olunmasıdır.(apa)

Link kopyalandı!
Son xəbərlər