Siyasət
199
12:00, Bu gün

"Prezidentə yönəlmiş təzyiqlərə və təxribatlara dərhal son qoyulmalıdır" -Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Xalqcəbhəsi.az müsahibəni təqdim edir:

- Qüdrət bəy, son vaxtlar Prezidentə qarşı yönələn təxribatlar barədə fikirlərinizi öyrənmək istərdik...

- İqtidara yaxın siyasi ekspertlər açıq söyləyirlər ki, bu təxribatlar qonşu ölkə tərəfindən təşkil olunur və bunun cavabı olacaq. Priqojinin Moskvaya yürüşü zamanı yüksək çinli dövlət adamlarının öz ailələrini ölkədən çıxarması barədə də məlumatların yayıla biləcəyi barədə xəbərdarlıq da edilib. Bilirsiniz, ingilislərdə belə bir deyim (idiom ) var - "everyone has skeletons in their closet", yəni hər kəsin açılmasını istəmədyi bir sirri var. Siyasətlə məşğul olmaq kişilikdən imtina demək deyil. Dalaşanda da barışmağa yer qoymaq lazımdır. Hər zaman etibarlı tərəfdaş olduğunu söyləyən İlham Əliyev Putinin ona xəyanət etməyəcəyinə inandığını söyləmişdi. Çox istərdim ki, Prezidentə yönəlmiş təzyiqlərə və təxribatlara dərhal son qoyulsun. İlham Əliyev Qarabağı işğaldan azad etməklə adını xalqımızın tarixinə qızıl hərflərlə yazıb. Gələcək nəsillər bunun əsl qiymətini verəcək. İnanıram, o, xalqımızın qarşısında dayanan digər ağır problemləri də həll etmək gücündədir. Ona qarşı təşkil olunan hibrid savaş xalqımız tərəfindən qınanır və qəbul olunmur. Bu cür təxribatlarla nə Prezidenti, nə Azərbaycanı sarsıtmaq olmaz. Regionda və dünyada böyük geosiyasi dəyişikliklər baş verir. Rusiyadan sonra ikinci qonşumuz İran da müharibə astanasındadır. Xalqımız bu çağırışlara və dəyişikliklərə hazır olmalı, bir yumruq kimi birləşməlidir.

- Bu təxribatlar hansı məqsədlə təşkil oluna bilər?

- Əgər həqiqətən bu təxribatların arxasında Rusiya dayanıbsa, bu, Ermənistanla yaxınlaşmaya,Türkiyənin Ermənistanla sərhədləri açmağa hazırlaşmasına və bizim bunu dəstəkləməmizə, ABŞ ilə strateji tərəfdaşa çevrilməyimizə görə ola bilər. Azərbaycanın Ukraynaya humanitar yardım etməsi və müstəqil xarici siyasəti, o cümlədən, ola bilsin, Rusiyanın liderliyi ilə yaradılmış ittifaqlara qoşulmamağımız da onları qıcıqlandıra bilər.
Onu da qeyd edim ki, bunun Rusiya ilə müharibə vəziyyətində olan 3-cü dövlətlərin xüsusi xidmət orqanları tərəfindən təşkil olunma ehtimalı da var. Onlar Rusiya-Azərbaycan münasibətlərini geridönməz səviyyədə korlamaq üçün bunu edə bilərlər.

- Qüdrət bəy, Avropadakı Rusiya və ermənipərəst dairələr Azərbaycana sanksiyalar tətbiq olunmasına nail ola bilərmi?

- Bunun qarşısını alamq üçün çevik siyasət aparmalı, Qərblə aktiv formada işləməliyik. Əleyhimizə qəbul olunan qərarlara görə küsmək və qarşılığında tərəfimizdən güc nümayişi effektli olmaya bilər, yaxşı nəticə verməz. Azərbaycan Qərblə əməkdaşlıq edirsə və bizim ixrac məhsullarını əsasən onlar alırsa, müəyyən məsələlərdə qarşılıqlı güzəştlərə getməyi də bacarmalıyıq. Çünki iqtisadiyyatımız neft gəlirlərindən asılıdır. İranın sanksiyalardan necə əziyyət çəkdiyini və hansı vəziyyətə düşdüyünü görürük.

- Rusiya ilə qarşıdurmada Azərbaycan Qərbdəki tərəfdaşlarına nə qədər güvənə bilər?

- Bizim Türkiyə kimi təbii müttəfiqimiz var. Amma xarici siyasətimizi quranda öz gücümüzü hesablamalı və ona əsaslanmalıyıq. Xristianlar deyirlər ki, "şeytanlar yolunu azmış mələklərdir". Bu gün mələk kimi gördüyümüz və güvəndiyimiz Qərbdəki bəzi tərəfdaşlarımız bir gündə yollarını azıb şeytana çevrilə bilər.

- Rusiya ilə münasibətlərin bərpasını mümkün sayırsınızmı?

- Rusiya hazırda nə bizimlə, nə Mərkəzi Asiyadakı türk respublikaları ilə münasibətlərdəki gərginliyi aradan qaldırmağa və münasibətləri daha yüksək səviyyəyə qaldırmağa hazır görsənmir. Görünür Ukraynadakı uğursuzluq müəyyən komplekslər yaradıb. Əminəm ki, Ukraynada savaş bitəndən sonra Rusiya münasibətləri bərpa etmək üçün gərəkən addımları atacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər