Bizi sosial şəbəkələrdən izləyin:
ATƏT Parlament Assambleyasının Vyanada keçirilən 25-ci Qış Sessiyası çərçivəsində “İnsan hüquqları təhlükəsizliyin əsası kimi” mövzusunda komitələrin birgə iclasında çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü, ATƏT PA-nın İqtisadiyyat və ətraf mühit komitəsinin sədri Azay Quliyev Cənubi Qafqazda formalaşan yeni sülh reallıqlarından danışıb.
O bildirib ki, onilliklər boyu davam edən münaqişələrdən sonra region görünməmiş sülh və təhlükəsizlik mərhələsinə daxil olur. Azərbaycanın bu transformasiyada qətiyyətli liderlik rolunu vurğulayan deputat, eyni zamanda ABŞ-ın prosesə göstərdiyi mühüm dəstəyi xüsusi qeyd edib.
Çıxışda bildirilib ki, Azərbaycan və Ermənistan arasında Sülh Sazişinin mətni paraflanıb, ATƏT-in Minsk Qrupu strukturları ləğv edilib, Azərbaycan tərəfindən Ermənistana işğala görə tətbiq olunan tranzit məhdudiyyətləri aradan qaldırılıb və enerji məhsullarının tədarükü təmin edilib. Bu addımlar iki ölkə arasında normallaşma və dinc yanaşı yaşama üçün yeni dinamika yaradıb. Azay Quliyev vurğulayıb ki, Ermənistan yeni konstitusiyasını qəbul edən kimi Azərbaycan sülh sazişini dərhal, ertəsi gün imzalamağa hazırdır.
Deputat həmçinin ABŞ-ın regionda artan strateji fəallığını, JD Vance-in bölgəyə səfərini və Bakıda Azərbaycanla Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasını regional sabitliyə güclü dəstəyin göstəricisi kimi qiymətləndirib.
O qeyd edib ki, ikitərəfli münasibətlərin hərtərəfli inkişafına mane olan əsas məsələ ABŞ-ın Azərbaycanla dövlət səviyyəsində əməkdaşlığını məhdudlaşdıran Azadlığa Dəstək Aktının 907-ci düzəlişidir və onun tam ləğvi mövcud reallıqlara və hər iki ölkənin milli marağına uyğun olardı.
ATƏT PA-nın komitə sədri bu kontekstdə konqresmen Anna Paulina Lunanın 907-ci düzəlişin ləğvini nəzərdə tutan qanunvericilik təşəbbüsünü alqışladığını və ABŞ Nümyəndə heyətində respublikaçı və demokratlardan olan dostlarına və həmkarlarına çağırış edib ki, Konqresə təqdim olunan qanun layihəsini dəstəkləsinlər.
Azay Quliyev sonda bildirib ki, bu qərar Azərbaycan-ABŞ münasibətlərini daha da gücləndirməklə yanaşı, bütövlükdə regionda sülh, təhlükəsizlik və rifaha mühüm töhfə verəcək.