ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
Siyasət
432
18:31, Bu gün

ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib

SEPAH-ın terror təşkilatı kimi tanınması gündəmə gətirilməlidir...
 
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və regionda baş verən ictimai-siyasi proseslər, eləcə də beynəlxalq gündəmin əsas mövzuları geniş müzakirə olunub. Toplantı iştirakçıları ilk öncə ötən həftə ABŞ-ın vitse-prezidenti C.D.Vensin Ermənistana və Azərbaycana etdiyi səfər ətrafında müzakirələr aparıb. Müzakirə iştirakçıları səfəri regionun geosiyasi əhəmiyyəti baxımından ümumilikdə müsbət qiymətləndirib. Qeyd olunub ki, Cənubi Qafqaz hazırda həm təhlükəsizlik, həm enerji layihələri, həm də nəqliyyat-kommunikasiya xətləri baxımından böyük güclərin diqqət mərkəzindədir. Bu mənada ABŞ rəsmisinin bölgəyə səfəri regionun beynəlxalq münasibətlər sistemində artan rolunun göstəricisidir. Bu cür təmaslar Azərbaycan üçün yeni əməkdaşlıq imkanları, təhlükəsizlik zəmanətləri və siyasi dialoq platformaları baxımından əhəmiyyət daşıyır. Bununla yanaşı, müzakirələr zamanı müəyyən narahatlıqlar da ifadə olunub. Qeyd edilib ki, səfər çərçivəsində ABŞ rəsmisinin Azərbaycanda demokratiya, insan hüquq və azadlıqları sahəsində mövcud vəziyyətə dair açıq və prinsipial mövqe ifadə etməməsi təəssüf doğurur. Azərbaycanda son dövrlər vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti, söz və mətbuat azadlığı, siyasi plüralizm sahəsində vəziyyətin pisləşməsinin bir səbəbi kimi Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq edən Qərb dövlətləri və beynəlxalq tərəfdaşların özlərinin bəyan etdikləri demokratik dəyərləri və insan hüquqlarına dair prinsipləri praktik müstəvidə daha ardıcıl müdafiə etməmələri göstərilib. Qeyd edilib ki, enerji təhlükəsizliyi və geosiyasi maraqlar naminə fundamental hüquq və azadlıqlar məsələsinin arxa plana keçirilməsi uzunmüddətli perspektivdə tərəfdaşlıq münasibətləri üçün arzuolunan nəticələr vəd etmir.
 
İdarə Heyəti Rusiyanın Ukraynanın BMT himayəsi altında xarici administrasiyanın idarəetməsinə verilməsi təşəbbüsünə də münasibət açıqlayıb. İdarə Heyəti bu təşəbbüsü beynəlxalq hüquq normalarına zidd yanaşma kimi qiymətləndirib və bunun Ukraynanın müstəqilliyi və suverenliyini dolayı şəkildə şübhə altına almaq cəhdi kimi dəyərləndirib. Qeyd edilib ki, hər bir dövlətin ərazi bütövlüyü, siyasi müstəqilliyi və suveren hüquqları beynəlxalq hüququn fundamental prinsipləridir, hər hansı ölkənin idarəçilik mexanizminin kənar qüvvələrin təşəbbüsü ilə beynəlxalq idarəetməyə verilməsi ideyası yalnız həmin xalqın iradəsi və beynəlxalq hüququn açıq, legitim prosedurları çərçivəsində mümkündür. İdarə Heyəti bir daha Rusiya-Ukrayna müharibəsinin həllində beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmasının, problemin həllinin sülh yolu ilə və diplomatik mexanizmlər vasitəsilə aparılmasının vacibliyini bildirib.
 
İdarə Heyəti ötən həftə Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyəti institutlarının nümayəndələri arasında baş tutan növbəti görüşlə bağlı da müzakirə aparıb. Müzakirələrdə qeyd edilib ki, uzun illər davam edən qarşıdurmadan sonra ictimai səviyyədə təmasların qurulması və fikir mübadiləsinin aparılması sülh prosesinə real töhfə verə bilər. Vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə keçirilən dialoqlar iki dövlət arasında münasibətlərin normallaşdırılması, qarşılıqlı anlaşmanın gücləndirilməsi və gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli mexanizm kimi dəyərləndirilib. İdarə Heyəti eyni zamanda hesab edib ki, növbəti mərhələdə bu görüş formatı daha da genişləndirilməlidir. Qeyd olunub ki, hər iki ölkənin siyasi partiya nümayəndələrinin də belə platformalarda təmsil olunması dialoqun daha sistemli və nəticəyönümlü olmasına töhfə verə, müzakirələrin yalnız ictimai deyil, həm də siyasi müstəvidə qarşılıqlı anlaşmaya xidmət etməsinə şərait yarada bilər. İdarə Heyəti bəyan edib ki, regionda dayanıqlı sülhün əldə olunması yalnız dövlətlərarası sənədlərlə deyil, eyni zamanda cəmiyyətlərarası etimadın qurulması ilə mümkündür ki, bu istiqamətdə atılan hər bir konstruktiv addım dəstəklənməlidir.
 
İdarə Heyəti İranın SEPAH təşkilatı tərəfindən son zamanlar davamlı olaraq Azərbaycana yönəlik təhdid xarakterli bəyanatlarını da gündəmə gətirib. ABŞ-ın vitse-prezidentinin Azərbaycana səfərindən sonra SEPAH tərəfindən ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü ilə bağlı sərt və təhdid dolu açıqlamaların yenidən səsləndirilməsi kəskin şəkildə pislənilib, bu cür ritorikanın regionda onsuz da həssas olan təhlükəsizlik balansına mənfi təsir göstərdiyi qeyd edilib. Eyni zamanda qeyd edilib ki, Tehranın müxtəlif dövlət qurumları tərəfindən Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, münasibətlərin normallaşdırılması və mehriban qonşuluq prinsiplərinə sadiqliklə bağlı bəyanatlar verildiyi halda, SEPAH-ın tamamilə fərqli və aqressiv mövqe sərgiləməsi anlaşılan deyil. İdarə Heyəti bunu İran hakimiyyətində vahid və koordinasiyalı siyasi xəttin olmaması, yaxud daxili ziddiyyətlərin mövcudluğu kimi dəyərləndirib. Avropanın bir sıra dövlətləri və siyasi institutları tərəfindən SEPAH-ın terrorçu təşkilat kimi tanımasına diqqət çəkən toplantı iştirakçıları adı şəkilən təşkilat tərəfindən ölkəmizə qarşı bu tipli bəyanatlar sistemli və davamlı xarakter alacağı təqdirdə, Azərbaycan dövlətinin də həmin qurumun terrorçu təşkilat kimi tanınmasını gündəmə gətirməsinin vacibliyini bildirib. 
 
İdarə Heyəti ölkədə son dövrlərdə müşahidə olunan sosial-iqtisadi problemləri də geniş və ətraflı şəkildə müzakirə edib. Xüsusilə əsas istehlak mallarının və xidmət sahələrinin qiymətlərində baş verən artımların vətəndaşların sosial rifahına ciddi təsir göstərdiyi vurğulanıb. Qeyd olunub ki, əhalinin gəlirlərinin real artımı təmin olunmadan qiymətlərin sürətlə yüksəlməsi sosial narazılığı artırır və cəmiyyət daxilində gərginliyi dərinləşdirir. İdarə Heyəti hesab edib ki, bazarda süni qiymət artımı halları ciddi nəzarətə götürülməli, şəffaf mexanizmlər tətbiq olunmalı və vətəndaşların alıcılıq qabiliyyətinin qorunması istiqamətində real addımlar atılmalıdır. Bununla yanaşı, vətəndaşların müxtəlif əsaslar üzrə əsassız şəkildə cərimələnməsi halları da tənqid edilib. Bildirilib ki, inzibati tədbirlər hüquqi əsaslara söykənməli, ədalət və bərabərlik prinsipləri qorunmalı, cərimə mexanizmi sosial təzyiq alətinə çevrilməməlidir. İdarə Heyəti hakimiyyəti qiymət artımları, əsassız cərimələr və sosial ədalətin təmin olunması istiqamətində effektiv tədbirlər görməyə çağırıb. 
 
İdarə Heyəti Münhen Təhlükəsizlik Konfransında ölkə başçısının iştirakı və tədbir çərçivəsində keçirdiyi ikitərəfli görüşlər ətrafında da müzakirə aparıb. Qeyd edilib ki, belə beynəlxalq platformalarda iştirak Azərbaycanın regional və qlobal təhlükəsizlik məsələlərində mövqeyinin ifadə olunması, diplomatik əlaqələrin genişləndirilməsi və milli maraqların müdafiəsi baxımından əhəmiyyətlidir. Keçirilən görüşlərin ölkənin strateji maraqlarına uyğun olduğu və dialoq mühitinin gücləndirilməsinə xidmət etdiyi vurğulanıb.
 
İdarə Heyətində Münhen Təhlükəsizlik Konfransının iştirakçıları sırasında Rza Pəhləvininin də iştirakı ayrıca müzakirə mövzusu olub və tənqid edilib. Bildirilib ki, İranın gələcəyi ilə bağlı hər hansı beynəlxalq platformada konkret şəxslərin alternativ hakimiyyət modeli kimi təqdim olunmasına cəhd həssas və mübahisəli məsələdir. Qeyd olunub ki, əgər bəzi Qərb və Avropa dairələri İranda monarxiya üsul-idarəsinin bərpasında maraqlıdırlarsa, bu proses kənardan yönləndirilməməli və müəyyən bir şəxsin hakimiyyətə gətirilməsi ssenarisi üzərində qurulmamalıdır. Vurğulanıb ki, İran tarixində Pəhləvi hakimiyyəti dövrü ciddi siyasi repressiyalar və insan haqları pozuntuları ilə yadda qalıb və bu keçmiş nəzərə alınmadan hər hansı siyasi layihənin irəli sürülməsi düzgün yanaşma hesab edilə bilməz. Eyni zamanda İranda mümkün siyasi dəyişikliklər zamanı ölkə əhalisinin, o cümlədən orada yaşayan milyonlarla türk mənşəli vətəndaşın milli, mədəni və siyasi hüquqlarının mütləq şəkildə nəzərə alınmasının, İranın gələcək idarəetmə modelinin müəyyənləşdirilməsinin yalnız İran xalqının azad iradəsi ilə, demokratik və şəffaf mexanizmlər vasitəsilə həyata keçirilməsinin vacibliyi qeyd edilib. Müzakirələrdə tarixi kontekstə də toxunularaq Qacar dövrü xatırladılıb və qeyd olunub ki, əgər nəzəri olaraq monarxiya modeli gündəmə gələrsə, bu halda tarixi legitimlik və ictimai qəbul məsələləri geniş şəkildə müzakirə olunmalıdır. 
 
İdarə Heyəti sonda qarşıdan gələn Ramazan ayı münasibətilə xalqımıza öz səmimi təbriklərini çatdırıb. Təbrikdə vurğulanıb ki, Ramazan ayı həm fərdi mənəviyyatın möhkəmləndirilməsi, həm də sosial ədalət və birgəyaşayış prinsiplərinin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu müddət ərzində ehtiyacı olanlara dəstək olmaq, ailə və icma dəyərlərini möhkəmləndirmək və qarşılıqlı hörmətə əsaslanan münasibətləri gücləndirmək hər bir vətəndaşın vəzifəsidir. İdarə Heyəti bütün xalqımızı bu müqəddəs ayın mənəvi ruhuna uyğun davranmağa və cəmiyyətimizdə həmrəyliyi, ədaləti və qarşılıqlı anlaşmanı gücləndirməyə çağırıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər