Putinə öz komandası böhranın baş verəcəyi barədə xəbərdarlıq edib
Siyasət
462
11 Feb 2026 | 22:48

Putinə öz komandası böhranın baş verəcəyi barədə xəbərdarlıq edib

Rusiya prezidenti Vladimir Putin sentyabrın 1-dək Donbasın qalan hissəsinin də işğalının yekunlaşmasını ordu qarşısında vəzifə kimi qoyub.

Rusiya ordusu qış aylarında ağır itkilər verməkdə davam edir, qarışqa sürətilə ərazilər ələ keçirir. İtkilər isə hər gün daha da artır. Artıq ay ərzində Rusiya ordusunun canlı qüvvə itkisi 30 minə yaxınlaşır. Putinin sentyabrın 1-i ilə bağlı qərarını Rusiya maliyyə strukturları təşvişlə qarşılayıb. Hələ ABŞ prezidenti Trampın tərəflərin iyun ayına qədər müharibəni dayandırmağını məqsədəuyğun hesab etməsi Putin komandasında birmənalı qarşılanmamışdı . Şərt kimi deyil, məsləhət xarakterli bu təklif təzyiq səviyyəsində olmasa da, Rusiya səlahiyyətliləri mart ayını son kimi düşünürdü. Putin də martın sonuna kimi Donbasın qalan hissəsini işğal edəcəyini planlayır və Ukraynanın işğal olunan əraziləri rəsmən Rusiya ərazisi kimi tanınmasını sülhün şərti kimi tələb edirdi. Faktiki Tramp bir növ yaya qədər Putinin planının reallaşacağına və Zelenskinin də əlində vaxtilə dediyi kimi “kozır olmadığını” fakt olaraq ortaya qoyacağına inamını nümayiş etdirirdi. Amma, Donbas cəbhəsində vəziyyət başqa mənzərəni göstərir. Rusiya cəbhədə 2025-ci ilin sürətindən də aşağı tempdə irəliləyir və bu sürətlə iki ilə ancaq ki, Donbasın işğalını tamamlaya bilər.

Rusiyanın bu müddətə potensialı çatarmı?

Alınan məlumatlara görə Rusiya iqtisadiyyatı qırılma nöqtəsinə yaxınlaşır. Səbəb dövlət müdafiə müqavilələrinə xərclənən trilyonlarla rubl və Ukraynada cəbhəyə cəlb edilənlərə görünməmiş ödənişlərdir. Rusiya hökumətinin maliyyə rəsmiləri prezident Vladimir Putinə xəbərdarlıq ediblər ki, ölkədə yaxın aylarda iqtisadi böhran baş verə bilər. Bu barədə Amerikanın "The Washington Post" nəşri Rusiyanın ali siyasi rəhbərliyi ilə birbaşa əlaqədə olan mənbəyə istinadən məlumat yayıb. Putinə siqnallar getdikcə daha israrlı olur və rəsmilər böhranın 2026-cı ilin yayında baş verə biləcəyinə şübhə etmirlər. Eyni zamanda, Putinə xəbərdarlıq edilib ki, vergi artımları olmadan neft və qaz gəlirlərinin azalması səbəbindən büdcə kəsiri artmağa davam edəcək.

Xüsusilə rusiya bank sistemi yüksək faiz dərəcələri və müharibənin maliyyələşdirilməsi üçün istifadə edilən böyük həcmli problemli kreditlər səbəbindən artan təzyiq altındadır. Moskvanın top meneceri nəşrə bildirib ki, “böhrana üç-dörd ay qalıb”. The Washington Post qəzetinin məlumatına görə, Rusiyada faktiki infilyasiya səviyyəsi artıq hakimiyyət tərəfindən elan edilən 6%-dən çox yüksəkdir. Bu, Rusiya Mərkəzi Bankının 16%-lik əsas faiz dərəcəsi ilə rekord sərt siyasətinə baxmayaraq baş verir.

Böhran özünü daha çox nədə göstərir? Alınan məlumatlar göstərir ki, böhranın yaxınlaşması, özəl şirkətlərdə minlərlə işçinin məcburi şəkildə işdən çıxarılması, eləcə də COVID-dən bəri rekord sayda restoran və bar bağlanması dalğası ilə özünü göstərir. Hakimiyyətin ən çox qoruduğu Moskva və Sankt Peterburqda belə, bahalaşma ilə yanaşı müəssisələrin bir-birinin ardınca bağlanması halları adi hal alıb. Rusiya iqtisadiyyatı ağır bir depressiya ərəfəsindədir. Kiçikdən böyüyə qədər şirkətlər kütləvi şəkildə kreditlərini ödəməkdə problemlər yaşamağa başlayıblar. Rusiya Mərkəzi Bankının məlumatına görə, bank balanslarında olan 10 trilyon rubldan çox kredit problemli duruma gəlib.

Rusiya Federasiyasının Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin mütəxəssisləri bu günlərdə xəbərdarlıq ediblər: "ölkə faktiki olaraq gizli bank böhranına girib". İlin əvvəlindən tətbiq edilən vergi artımlarının iki dalğasına baxmayaraq, Hindistanın neft alışının azalması və neftin barel üçün 30 dollardan aşağı endirimləri səbəbindən​ Rusiya büdcəsi 2026-cı ildə 10 trilyon rubl astronomik kəsirlə üzləşə bilər.

İqtisadi böhran Rusiya daxilində cəmiyyətin etirazlarına səbəb ola bilərmi? Bu etirazların ilk əlamətləri cəbhə bölgəsinə yaxın vilayətlərdən eşidilməyə başlanıb. Xüsusilə, Belqorod vilayətində bu proses açıq şəkildə, məhz vilayətin qubernatoru Qladkov tərəfindən səsləndirilib. Qubernator:” əvvəlcə bizə hava hücumundan müdafiə verin, sonra Ukraynanı bombalayın. Kiyevə və düşmənin başqa şəhərlərinə atılan hər raketdən sonra cavabı biz alırıq”. Belqorod şəhərinin əhalisinin yarısı demək olar ki, başqa regionlara evakuasiya edilib. Qubernator bildirib ki, Ukrayna silahlı qüvvələrinin zərbələrindən sonra 80​ 000 şəhər əhalisi istiliksiz qalıb, 3000 evin qazı, 1000 evin işığı yoxdur.

Onu da qeyd etmək yerinə düşər ki, neft emalı zavodlarına zərbələrin nəticəsində neft şirkətlərinin itkiləri bir trilyon rublu keçib. Ukraynanın Rusiya neft emalı zavodlarına hücum kampaniyası nəticəsində Rusiya neft şirkətləri bir trilyon rubldan çox ziyana məruz qalıblar. ​ Bu barədə Rusiya nəşri "Kommersant" qəzetində məlumat verilib. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin o vaxtkı rəhbəri Kirill Budanov 2025-ci ilin oktyabr ayının sonlarında təsadüfi olaraq deməmişdi ki, “bizim zərbələrimiz Rusiyaya tətbiq edilən bütün sanksiyaların cəmindən daha böyük təsir göstərib”.

Ukraynanın daha ağır durumda olduğu məlumdur. Amma, Rusiya istədiyi “qələbəni” bütün çətinliklərə dözən Ukraynadan ala bilmir. Yəni, artıq iddia ilə arzu, imkan üst-üstə düşmədiyi üçün hücum edən tərəf həm iqtisadi, həm siyasi böhranın dərinliyinə girir. Putin isə ambissiyalarından tezliklə geri çəkilmək niyyətində olmadığını nümayiş etdirir. Böhran isə getdikcə dərinləşir. Danışıqlar “konstruktiv”likdən çox dalana dirənişə aparır. Qorxu ilə idarə olunan Rusiya cəmiyyətinin İranda olduğu kimi bir gün ayağa qalxıb etiraz edəcəyinə səbəblər getdikcə artır. Bu gün real təsir bağışlamasa da, proseslər ona doğru aparır.

​İlham İsmayıl

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər