Trampın “qələbə” PLANI: İranda inqilab, yoxsa böyük müharibə?
Siyasət
279
19:05, Bu gün

Trampın “qələbə” PLANI: İranda inqilab, yoxsa böyük müharibə?

“Tramp başa düşür ki, aralıq seçkilərində qalib gəlmək üçün ona İran üzərində qələbə lazımdır”

Bu sözləri Yenicag.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHDP) baş katibi, politoloq Niyaməddin Orduxanlı bildirib.

Politoloq ABŞ rəhbəri Trampın İranı məğlub edən prezident olaraq növbəti seçkilərə hazırlaşmaq istədiyini qeyd edib:

“Rusiya prezidentinin ünvanına komplimentlər deməklə Ukraynada müharibəyə son qoymaq istəyən Tramp başa düşür ki, ABŞ-nin qlobal güc imici zədələnib. Venesuela prezidentinin yerli hakimiyyətin dəstəyi ilə ‘oğurlanması’ da ABŞ-yə münasibətdə beynəlxalq ictimai fikri dəyişə bilmədi. İrana qarşı geniş hərbi əməliyyatlardan isə Tramp çəkinir. Tramp İrandakı etirazçılara müraciət edib ‘dövlət orqanlarını tutun, gəlirəm’ deyəndə, görünür, inanırdı ki, o gedib çıxana qədər İranda inqilab baş verəcək. İndi tökülən qanda onun da məsuliyyəti var. Artıq kimsənin məsuliyyət məsələsi və İranda islahatlar müzakirə mövzusu deyil. Hazırda nüvənin zənginləşdirilməsi və raket proqramının məhdudlaşdırılması müzakirə olunur. Tramp İranın bu istiqamətdə müəyyən güzəştlərə getməsi ilə məsələni qapatmaq istəyir. Düşünür ki, bu yolla İsraili və yaxın ətrafındakı yəhudi lobbisini də sakitləşdirə, bunu xalqına böyük qələbə kimi təqdim edə bilər. İran isə ABŞ-nin tərəddüdlərini görür və geri çəkilmək fikri yoxdur. İrandakı hakimiyyətə də, görünür, müharibə lazımdır ki, problemləri həll edə bilmədiklərini hərbi vəziyyətlə əlaqələndirsinlər. Çünki böyük islahatlara getmədən, imtiyazlardan imtina etmədən, korrupsiyaya qarşı effektli mübarizə aparmadan və dövlət idarəetməsini təkmilləşdirmədən iqtisadiyyatı dirçəltmək mümkün deyil”.

N. Orduxanlı Amerikanın Rusiyanın düşdüyü çətin duruma düşmə ehtimalını nəzərə aldığını xüsusi vurğulayıb:

“Ehtimal olunur ki, ABŞ Rusiyanın Ukraynada düşdüyü vəziyyəti görüb müharibədən çəkinir. Ancaq unutmamalıyıq ki, Ukraynada xalq orduya və Prezidentə ciddi dəstək verir. Mənfi 16 dərəcə şaxtada işıqsız, istiliksiz qalsa da, yenə də hökuməti müdafiə edir, öz müstəqilliyi uğrunda vuruşur”.

Politoloq ABŞ–İran müharibəsinin olma ehtimalının yüksək olduğunu diqqətə çatdırıb:

“İranda isə xalq, xüsusilə son hadisələrdən sonra, kənardan kömək gözləyir. Xalqla hakimiyyətin birliyi yoxdur. Xalq dəyişiklik istəyir. Ona görə də ABŞ və İsrailin güclü hücumları olarsa, İrandakı rejimin ciddi müqavimət imkanları olmayacaq. Ola bilsin, Çin və Rusiya Trampa ‘təmkinli’ olmağı tövsiyə edir. Lakin Trampın tərəddüdlərinə rəğmən müharibə ehtimalı olduqca böyük olaraq qalır. Tramp başa düşür ki, aralıq seçkilərində qalib gəlməsi və daxildə gündəmi dəyişmək üçün ona qələbə lazımdır. Sonda onu da əlavə edim ki, müharibə ehtimalı ciddi şəkildə gündəmdədir”.

Link kopyalandı!
Son xəbərlər