Siyasi interpretasiyalarının savaşı
Siyasət
156
18:25, Bu gün

Siyasi interpretasiyalarının savaşı

Anlaşılmazlıq müxtəlif münaqişələrin əsas səbəblərindən biridir. Burada prinsipial olaraq qeyd etməliyik ki, anlaşılmazlığın əsasında dayanan əsas amil məhz konkret informasiyadır. Sözügedən mülahizə həm siyasətdə, həm məişətdə yaşanan münaqişələrin sirlərini aşkar edən həqiqətdir. Qalmaqal axtaranlar təbii anlaşılmazlıq olmayan yerdə onu süni şəkildə qərəzli manipulyasiyalar vasitəsilə yaradırlar. Hətta bu halda belə “informasiya” yenə də təxribatın əsas aləti kimi çıxış edir. “İnformasiya” idarəetmə resursu və bilik mənbəyi kimi yox, məhz təxribat aləti kimi istifadə olunan zaman obyektiv həqiqət arxa plana keçir və saxta məlumatlar üstünlük təşkil etməyə başlayır.

Bəzi məmurların dekabr və ya yanvar aylarında “paytaxt Bakı soyuqlara hazır deyildi və qış qəfil gəldi” kimi ifadələri cəmiyyət tərəfindən yumşaq desək artıq təbəssümlə qarşılandığı kimi, indi də informasiya sahəsində analoji hallar ilə rastlaşmamaq üçün “Azərbaycan informasiya təxribatlarına hazır olmalıdır” ifadəsi hər bir məsuliyyətli vətəndaşı ciddi şəkildə düşündürməlidir. Çünki mövcud sahədə “çatların” baş verməsi daha dərin və sistemli problemlərin yaranmasına gətirib çıxarda bilər. “İnformasiya” artıq mütləq olaraq “ideologiya”, “siyasət” və “idarəetmə sistemi” kimi məfhumlar ilə eyni zəncirdə dayanan mühüm amildir.

Bizə uzaq və yaxın olan tarixdə ciddi siyasi böhran yaşamış bəzi dövlətlərdə informasiya sahəsində müşahidə olunan nöqsanlara diqqət yetirən zaman görürük ki, həmin dövlətlərdə informasiya siyasəti işinə cavabdeh olanlar öz vəzifələrinin icrasına adi “santexnik” kimi yanaşıblar. Yəni, su sızmasını dayandırmaq üçün su xəttini və ya sadəcə kranı bağlamaqla kifayətlənən “santexnik” kimi düşünürdülər. Kranların bağlanılması yararsız hala düşmüş su boru sistemini düzəltməz, əksinə vəziyyəti dözülməz hala gətirib çıxara bilər. Bu cür üsuldan istifadə edənlər könüllü şəkildə informasiyanın idarəolunması prosesindən imtina etmiş olanlardır.

Müasir dövrdə informasiya mənbələrinin sayı milyonlarladır və onları bir su kranı kimi bağlamaq mümkünsüzdür. Bağladığın təqdirdə isə “zəhərli” informasiya mütləq ki, vətəndaşa hansısa qanunsuz “boru” vasitəsilə çatacaqdır, o zaman isə bəzi arzuolunmaz proseslərin yaşanması qaçılmaz olur. Odur ki, siyasətdə, xüsusilə də böyük siyasətdə informasiya mütləq şəkildə idarə olunmalıdır.

İnformasiyanın ən optimal idarəetməsi isə onun qarşısının alınması deyil, lazımi kontentin yaradılmasıdır. Beləliklə, hamı üçün aydın olmalıdır ki, yuxarıda qeyd etdiyimiz şərti su kranının bağlanılması mövcud kontekstdə məsələnin həlli deyil.

Dünya ölkələrinin təcrübəsindən bilirik ki, uzun müddət davam edən iqtisadi böhran devalvasiyaya səbəb olduğu kimi, ideoloji böhran da milli təfəkkürün deqradasiyasına gətirib çıxara bilər. Qeyd olunanlar heç də hansısa nəzəri mülahizə deyil, əksinə, konkret ölkələrin təcrübəsindən gələn bilikdir. Müəyyən bir cəmiyyətdə “mədəniyyət” və “sosial məsuliyyət” kimi təzahürlər ilə bağlı çətinliklər yaşananda “ideoloji devalvasiya”nın da yaranması qaçılmaz olur. Qeyd etdiyimiz bütün bu fenomenlərin mərkəzində dayanan başlıca amil isə məhz informasiyadır. Odur ki, “su kranlarının” bağlanması cəmiyyət üçün onların nəzarətsiz şəkildə açıq qalması qədər zərərlidir.

Mövcud istiqamətdəki diskussiya bizi daha bir önəmli və müasir dünya üçün son dərəcədə aktual hesab olunan təzahürün üstünə çıxarır: media və ya informasiya məsuliyyətsizliyi. Bəli, etiraf etməliyik ki, sosial məsuliyyətsizlik bütün müasir cəmiyyətlərin yarasıdır. Məhz bu sosial-mədəni təzahürün yayılması səbəbindən müasir cəmiyyətlər bir çox problemlərin yaşamasına məhkumdur.
Ehtimal edə bilərik ki, media məsuliyyətsizliyi də sosial məsuliyyətsizliyin sadəcə bir təzahürüdür. Sosial məsuliyyətsizlik hər bir vətəndaşın individual davranışının təzahürü olduğu kimi “informasiya məsuliyyəti” də artıq hər bir fərdin şəxsi məsuliyyət zonasına daxil olmalıdır. Qlobal tendensiyaların məzmununu nəzərə alaraq, bu cür məsuliyyət hissləri sözün hərfi mənasında milli təfəkkürümüzdə həkk olunmalı və hətta milli keyfiyyətimizə çevrilməlidir. Əlbəttə ki, sözügedən vəzifələrin icrası yalnız ideoloji müstəvidə aparılan işlərin nəticəsində mümkündür. Burada təkcə inzibati resurslar kifayət etməz.

İnformasiya təhlükəsizliyin təminatı artıq hər bir müstəqil dövlət üçün həyatı əhəmiyyət daşıyır. Mövcud məsələdə ifrat liberallığın nümayişi özü də məsuliyyətsizlik kimi dəyərləndirilməlidir. Unutmayaq ki, cəmi bir informasiyanın cəmiyyətə yüzlərlə interpretasiyası təqdim oluna bilər. Lazımi siyasi kontenti yaradan amil “lüt” informasiya deyil, məhz cəmiyyətə təqdim olunan interpretasiyadır. Müasir informasiya müharibəsi məlumatların savaşı deyil, konkret hadisə ilə bağlı interpretasiyaların savaşıdır.

Misal üçün, Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri informasiya baxımından bizim üçün unikal fürsətlər yaradır. Bəli, Azərbaycan üçün bu tarixi hadisədir və bu hadisədən bütün mənalarda maksimum faydalanmaq lazımdır. Sadəcə səfər ilə bağlı faktların tirajlanması ilə kifayətlənərək, biz yalnız situativ dividentlər qazana bilərik. Səfər çərçivəsində yaşanan hadisələrin və səsləndirilmiş fikirlərin peşəkar interpretasiyası imkan yarada bilər ki, sözügedən tarixi hadisə milli təfəkkürümüzdə əks olunsun. Yalnız bu halda dayanıqlı nəticələrin əldə olunması mümkündür. Əks halda, informasiya məkanında “kim hansı geyimdə idi”, “kim kiməsə necə baxmışdır” və digər bu kimi “sarı” təfərrüatlar üstünlük təşkil edəcək və bununla da qeyd etdiyimiz unikal fürsətləri qaçırmış olacağıq. Yeri gəlmişkən, sosial məsuliyyət hissini itirmiş bəzi informasiya mənbələri məhz bu cür təfərrüatlara diqqət yetirərək hadisənin miqyasını kiçildir və siyasi qalmaqal yaradırlar.

Bu mənada Cey. Di. Vensin Azərbaycana rəsmi səfəri zamanı səsləndirdiyi fikirlərinə diqqət yetirək: “Mən ABŞ Prezidentinin şəxsən Sizə, eləcə də Azərbaycan xalqına ən səmimi salamlarını çatdırmaq istəyirəm”, – bu sözlər sadəcə diplomatik etiket deyil, onlar isti və səmimi insani hisslərin, habelə ali hörmətin təcəssümüdür. Qeyd olunan ifadə dövlət başçıları arasında mövcud münasibətləri hansısa diplomatik etiketdən üstün edir. Xatırladaq ki, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz çıxışlarında dövlət başçısı İlham Əliyevə xitabən “şəxsən” sözündən istifadə edir. Paralellər təsadüfi aparılmayıb. Mövcud kontekstdə “şəxsən” statusunun etirafı, habelə etibar, güvən, səmimiyyət və hörmət deməkdir.

Amerika Birləşmiş Ştatlarının Vitse-prezidentinin “Düşünürəm ki, bu, ABŞ üçün çox uzunmüddətli, çox mühüm tərəfdaşlıq və dostluqdur”, – sözləri isə hər iki dövlətin cəmiyyətlərinə bildirir ki, bizim münasibətlərimiz və cari səfər sadəcə bir siyasi aksiya və parlaq PR deyil, bu dövlətlərin mövqeyi və siyasi seçimidir. Cey. Di. Vensin “Bu gün biz bu dostluğa təşəkkür əlaməti olaraq buraya gəlmək istəyirdik, sözün əsl mənasında, səhifə çevirmək və növbəti fəslə keçmək istəyirdik”, – sözləri isə “ABŞ-Azərbaycan strateji tərəfdaşlığı” ifadəsinin beynəlxalq münasibətlər sisteminin gündəliyinə gətirilməsi deməkdir.

ABŞ dövlət xadiminin “Düşünürəm ki, gələcəkdə bir vaxtlar yalnız mübarizə və münaqişə olan yerdə əmin-amanlıq yaranacaq. Bu, Prezident Əliyevin liderliyinin və rəhbərliyinin bariz nümunəsidir”, – fikirləri isə sözün əsl mənasında böyük və unudulmaz etirafdır. Bu cür nailiyyətlərin heç bir maddi ekvivalenti ola bilməz. Cey. Di. Vensin digər sözləri heç də daha az əhəmiyyətli deyil: “Fikrimcə, ABŞ ilə Azərbaycan arasında tərəfdaşlıq regionda daha möhkəm sülhə və əmin-amanlığa aparacaq”. Bununla da Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti bildirmək istəyir ki, tərəflər arasında yaranmış münasibətləri korlamaq arzusunda olanlar həqiqətdə regionun inkişafını istəməyən qüvvələrdir. Əlbəttə ki, öz çıxışında ləziz milli yeməklərimizdən də danışan Cey. Di. Vens dolayısilə turizmin inkişafına da töhfə vermiş oldu.

politoloq Asif Adil

Link kopyalandı!
Son xəbərlər