Azay Quliyev:
Siyasət
245
16:12, Bu gün

Azay Quliyev: "Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan-ABŞ münasibətlərində çox şeyi dəyişəcək"

ABŞ-ın vitse-prezidenti Cey. Di. Vensin Bakıya səfəri və imzalanan Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan-ABŞ münasibətlərində və bütövlükdə Cənubi Qafqazda çox şeyi dəyişəcək. Bu addımla Tramp administrasiyası həm Cənubi Qafqazı geosiyasi maraq dairəsinə daxil etdiyini, həm də Azərbaycanı regionda etibarlı və strateji tərəfdaş kimi gördüyünü açıq şəkildə nümayiş etdirdi.

Vensin Bakıda verdiyi açıqlamaların bəzilərinə diqqət yetirsək bu məqamları açıq şəkiləd görərik:

1. Hazırda sülh sazişi baxımından düşünürəm ki, Prezident Əliyev həqiqətən böyük təşəkkürə layiqdir və gələcəkdə bir vaxtlar yalnız mübarizə və münaqişə olan yerdə əmin-amanlıq yaranacaq. Bu, Prezident Əliyevin liderliyinin və rəhbərliyinin bariz nümunəsidir.

2. Bu gün biz bu dostluğa təşəkkür əlaməti olaraq buraya gəlmək istəyirdik, sözün əsl mənasında, səhifə çevirmək və növbəti fəslə keçmək istəyirdik.

3. Düşünürəm ki, Prezident Trampın və Prezident Əliyevin rəhbərliyi ilə daha güclü və daha yaxşı münasibətlər qurulacaq. Bu, ötən il bir çox nailiyyətləri olan dostlar arasında baş tutan yaxşı bir görüşdür və hesab edirəm ki, növbəti üç ildə biz daha çox nailiyyət qazanacağıq.

4. Biz strateji tərəfdaşlıq sənədini imzaladıq. Fikrimcə, bu, tərəfdaşlığı rəsmiləşdirir və çox aydın şəkildə göstərir ki, ABŞ-Azərbaycan münasibətləri dayanıqlıdır və xalqlarımız üçün böyük nəticələr verməkdə davam edəcək.

5. Əfsuslar olsun ki, sonuncu administrasiya bir çox səhvlərə yol verdi. Onların yol verdikləri səhvlərdən biri Azərbaycana münasibətdə çox sərsəm siyasətin yürüdülməsi idi. Biz Prezidentin rəhbərliyi ilə bunu düzəltdik.

6. Prezident İlham Əliyev Trampdan başqa dünyada həm İsraillə, həm də Türkiyə ilə əla münasibətləri olan yeganə liderdir.

7. Azərbaycanlılar ABŞ-ın hərbi dənizçiləri ilə Əfqanıstanda çiyin-çiyinə vuruşublar və faktiki olaraq, dünyanın istənilən yerini götürsək belə, az sayda olan ən mübariz və cəsarətli qoşunlardan biri kimi nüfuz qazandılar.

8. Ərazi sularınızın qorunması ilə bağlı Azərbaycana bəzi yeni qayıqları göndərəcəyik.

Strateji Xartiyanın bəzi müddəalarına baxaq:

1. Azərbaycan və ABŞ ikitərəfli münasibətlərinin əsası kimi bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəklədiklərini bir daha təsdiqləyirlər;

2. Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək və regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdıracaq multimodal bağlantı layihəsi kimi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) əhəmiyyətini qəbul edirlər;

3. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları mülki nüvə əməkdaşlığını dərinləşdirmək niyyətindədirlər;

4. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları kritik mineralların Orta Dəhliz vasitəsilə qlobal bazarlara tranzitini asanlaşdırmaqla bağlı əməkdaşlıq etmək niyyətlərini ifadə edirlər;

5. Kosmik sənaye sahəsində əməkdaşlığı, AI data mərkəzlərinin inkişafı da daxil olmaqla, rəqəmsal infrastruktura sərmayə qoyuluşunu təşviq etmək niyyətindədirlər;

6. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları inkişafda olan texnologiyaların, platformaların və biznes təcrübələrinin tətbiqində uğurlu təcrübələri bölüşmək və texniki yardım göstərmək, dəstəkləyici tənzimləyici mühitə əsaslanaraq Azərbaycan Respublikasında istedadların inkişafı və bacarıqlı texnoloji işçi qüvvəsinin artımı üçün tərəfdaşlığı gücləndirmək və transsərhəd və Transxəzər rəqəmsal bağlantılar üçün sərmayələri təşviq etmək niyyətindədirlər;

7. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları, Azərbaycan Respublikasında rəqəmsal infrastrukturun inkişafı və AI tətbiqi üçün birgə tədqiqatı, inkişafı, kommersiyalaşmanı, texnologiyanın mühafizəsini və qarşılıqlı müəyyən edilmiş şərtlər əsasında, hüquqi və tənzimləyici çərçivələrə uyğun olaraq texnologiyaların könüllü ötürülməsini dəstəkləmək məqsədilə hökumətlərarası səviyyədə və dövlət-özəl tərəfdaşlıqları vasitəsilə əməkdaşlıq etmək niyyətindədirlər;

8. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirmək niyyətindədirlər;

9. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları terrorizm təhdidinə qarşı birgə mübarizə aparmaq öhdəliklərini nəzərə alaraq, mövcud antiterror əməkdaşlığını genişləndirmək niyyətindədirlər;

10. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları kibertəhlükəsizlik və mühüm infrastrukturun mühafizəsi sahəsində bacarıqları artırmaq məqsədilə əməkdaşlıq etmək niyyətindədirlər;

11. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikasının mina və digər partlayıcı maddələrlə çirklənmə səbəbindən üzləşdiyi ciddi çətinlikləri nəzərə alaraq, maliyyə dəstəyi və texnologiya ötürülməsi vasitəsilə humanitar minatəmizlənmə sahəsində potensialın artırılmasında əməkdaşlıq etmək niyyətindədirlər;

12. Strateji Tərəfdaşlıq çərçivəsinin bir hissəsi kimi, iqtisadiyyat və ticarət; enerji; bağlantılar, AI və rəqəmsal inkişaf; təhlükəsizlik və müdafiə daxil olmaqla, əməkdaşlıq sahələri üzrə işçi qrupları yarada bilərlər;

13. Müvafiq işçi qrupları hazırkı Xartiyanın imzalanmasından sonrakı üç ay ərzində layihələrin siyahısını və onların həyata keçirilməsi üçün yol xəritələrini razılaşdırmaq niyyətindədirlər;

14. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları hazırkı Xartiya çərçivəsində ildə ən azı bir dəfə müntəzəm olaraq görüşmək niyyətindədirlər və tərəfdaşlıqlarının həyata keçirilməsi üçün zəruri olan və qarşılıqlı olaraq müəyyən edilmiş digər dialoq platformaları yarada bilərlər.

Məncə artıq şərhə ehtiyac yoxdur.

Hesab edirəm ki, bundan sonrakı əsas məsələlərdən biri də ABŞ Konqresində qəbul edilmiş 907-ci düzəlişin tam ləğv edilməsidir. Bu məhdudiyyət aradan qalxarsa, Xartiyada nəzərdə tutulan müdafiə, təhlükəsizlik və iqtisadi əməkdaşlıq layihələrinin daha sürətli və effektiv şəkildə həyata keçirilməsi mümkün olacaq.

Ümumilikdə, bu səfər göstərdi ki, Azərbaycan artıq regionda yalnız enerji tərəfdaşı deyil, həm də geosiyasi sabitlik, nəqliyyat bağlantıları və yeni texnologiyalar sahəsində ABŞ üçün əsas strateji tərəfdaşına çevrilir.

Bütün bu məsələlərlə bağlı Real TV-yə verdiyim müsahibədə ətraflı danışdım. Maraqlananlar aşağıdakı linkdə müsahibə ilə tanış ola bilərlər.

 

Link kopyalandı!
Son xəbərlər