Siyasət
370
11:34, Bu gün

"Bujival" razılaşmasına qarşı "Kanaki Sazişi" təqdim edilib

Kanakinin (Yeni Kaledoniya) aparıcı müstəqillik tərəfdarı koalisiyası FLNKS (Front de Libération Nationale Kanak et Socialiste) 2026-cı il fevralın 3-də ictimaiyyətə Kanakinin Fransadan tam müstəqilliyini tələb edən "Kanaki sazişi" adlı sənəd ictimaiyyətə təqdim edib.

Moderator.az xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb.

Bildirilib ki, "Kanaki sazişi" sənədi Fransanın təşəbbüsü ilə hazırlanmış və Kanakinin siyasi gələcəyini uzun illərdir davam edən müstəmləkəçi status-kvo çərçivəsində saxlamağı hədəfləyən "Bujival sazişi"nə cavab olaraq, Fransa tərəfindən Kanaki xalqının öz müqəddəratını təyinetmə hüququnun məhdudlaşdırılmasını tənqid edən siyasi cavab kimi çıxış edir, Kanakidə uzun illərdir davam edən müstəmləkəçi idarəetmə modelinin və institusional asılılıq vəziyyətinin qorunub saxlanılmasına qarşı açıq və prinsipial mövqeni ifadə edir.

Qeyd edilib ki, "Kanaki Sazişi" 2025-ci il aprelin 26-da FLNKS tərəfindən Kanakidə təşkil edilmiş konqres çərçivəsində qəbul edilib. Həmin konqres zamanı, Fransada həbsdə olan hərəkat lideri Kristian Tein iştirakçıların diqqətinə çatdırıb ki, müstəqilliyin müəyyən edilməsi yalnız konkret tarix və aydın siyasi yol xəritəsi əsasında həyata keçirilməlidir.

Sazişdə gələcək Kanaki dövlətinin dünyəvi, demokratik və suveren respublika kimi formalaşdırılması nəzərdə tutulur. Sənəd konstitusiya aktının hazırlanması və referendum yolu ilə təsdiqlənməsi prosedurunu özündə ehtiva edir, eyni zamanda, mövcud institutların keçid dövründə müvəqqəti idarəetmə mexanizmi kimi saxlanılmasını nəzərdə tutur. FLNKS hesab edir ki, Fransa Kanakinin 2027-ci ilə qədər müstəqilliyə aparan geridönməz prosesi qəbul etmədiyi müddətdə, mövcud institutlar üzərindən aparılan dialoqlar və siyasi mexanizmlər real həll yolu rolunu oynaya bilməz. Sənəd Fransanın təşəbbüskarlığı ilə hazırlanan "Bujival sazişi"nə qarşı siyasi cavab olaraq, uzun illər boyunca Kanakidə qorunub saxlanılan müstəmləkəçi status-kvonun dəyişdirilməsinin zəruriliyini vurğulayır.

"Bujival sazişi" Fransanın Kanakidə kolonial idarəçiliyini "yenilənmiş status", "geniş muxtariyyət" və oxşar anlayışlar çərçivəsində davam etdirməsinə xidmət edirdi. "Kanaki sazişi" isə bu mövcud status-kvonun açıq şəkildə ləğvini və Kanaki xalqının tam siyasi suverenliyinin əldə olunmasını əsas hədəf kimi müəyyənləşdirir. "Bujival sazişi" müstəqilliyi qeyri-müəyyən və uzunmüddətli, perspektivi olmayan siyasi prosesə çevirirdisə, "Kanaki sazişi" konkret tarix, geridönməz yol xəritəsi və beynəlxalq səviyyədə, xüsusilə BMT çərçivəsində təminat tələb edir. Sənəd ilk dəfə olaraq Fransa ilə Kanaki arasında münasibətlərin müstəqillik əldə edildikdən sonra, iki bərabərhüquqlu suveren dövlət arasında qurula biləcəyini açıq şəkildə bəyan edir. Muxtariyyət və ortaq suverenlik kimi anlayışlar isə neokolonializm formaları kimi qətiyyətlə rədd edilir.

Sənədlə tanış olmaq üçün bu linkə keçid edə bilərsiniz.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər