Separatçıların azad olunmasına çağırışlar qətiyyətlə pislənilib…
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və regionda baş verən ictimai-siyasi proseslər, eləcə də beynəlxalq gündəmin əsas mövzuları geniş müzakirə olunub.
İdarə Heyəti ilk öncə ötən həftə Qarabağ separatçılarına qarşı çıxarılan məhkəmə hökmləri və bu hökmlərə beynəlxalq reaksiyalar ətrafında müzakirələr aparıb. Müzakirələr zamanı Azərbaycan xalqına və dövlətinə qarşı ağır cinayətlər törətmiş Qarabağ separatçılarının liderlərinə oxunan ağır məhkəmə hökmləri ədalətli qərar kimi qiymətləndirilib. Eyni zamanda həm Rusiya, həm də Fransa tərəfindən bu hökmlərə qarşı verilən reaksiyalar - separatçıların azad olunmasına çağırışlar - qətiyyətlə pislənilib. Qeyd edilib ki, bu reaksiyalar göstərir ki, son 30 il ərzində bu separatçılara maliyyə və hərbi dəstək verən əsas dövlətlər məhz Rusiya və Fransa olmuş, lakin Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək xarici müdaxilələri iflasa uğratmışdır.
Toplantıda ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin yaxın günlərdə Azərbaycan və Ermənistana planlaşdırılan səfərinə diqqət çəkən toplantı iştirakçıları bu səfər çərçivəsində təkcə təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərinin deyil, eyni zamanda Azərbaycanda siyasi mühitin, insan hüquqları və azadlıqlarının, demokratik institutların vəziyyətinin də müzakirə olunacağına dair gözləntilərin olduğunu vurğulayıb.
İdarə Heyəti ötən həftə BƏƏ-nin Əbu-Dabi şəhərində Azərbaycan və Ermənistan dövlət başçılarının arasında baş tutmuş görüşü də müzakirə edib və əldə olunan razılaşmalar iki dövlət arasında sülh prosesinə mühüm töhfə kimi dəyərləndirilib. İdarə Heyəti hesab edib ki, bu təmaslar regional sabitlik və qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır və əldə olunan razılaşmaların praktik icrası sülhün dayanıqlılığı üçün vacibdir.
İdarə Heyəti son illər maliyyə problemləri ucbatından ödənişli təhsil alan minlərlə tələbələrin təhsillərini davam etdirə bilməmələri məsələsinə də diqqət çəkib. İdarə Heyəti hesab edib ki, yüksək təhsil haqları gənclərin konstitusion təhsil almaq hüququnu məhdudlaşdırır və sosial ədalətsizliyi dərinləşdirir. Bu problemin həlli üçün dövlət orqanlarının müvafiq olaraq güzəştli təhsil kreditlərinin, sosial dəstək mexanizmlərinin və təhsilə çıxış imkanlarının genişləndirilməsi istiqamətində dərhal addımlar atmasının vacibliyi vurğulanıb.
İdarə Heyəti ötən həftə Bakı şəhərindəki “İdrak” özəl litseyində təhsil alan şagirdin öz müəlliməsinə odlu silahdan atəş açaraq ona xəsarət yetirməsi faktına diqqət çəkib. Qeyd edilib ki, baş vermis hadisə ölkədə cinayətkarlığa qarşı mübarizənin yetərsizliyini ortaya qoyur. Eyni zamanda bundan əvvəl də, orta məktəblərdə baş verən neqativ halları da nəzərə alaraq gənclər arasında mənəvi və tərbiyəvi boşluqların aradan qaldırılması üçün ailə, məktəb və dövlət qurumlarının kompleks və sistemli tədbirlər görməsinin, psixoloji dəstək, tərbiyəvi iş və sosial maarifləndirmə mexanizmlərinin gücləndirilməsinin vacibliyi qeyd edilib.
İdarə Heyətində Hindistanın Azərbaycandan mavi yanacaq almaq təşəbbüsü və iki ölkə arasında enerji və iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib. Bu hadisənin Azərbaycanın həm iqtisadi, həm də siyasi maraqlarına cavab verdiyi bildirilib. Qeyd edilib ki, əməkdaşlıq yalnız enerji sahəsi ilə məhdudlaşmamalı, ticarət, investisiya və texnologiya sahələrini də əhatə etməlidir. Bu, Azərbaycan üçün strateji üstünlük və beynəlxalq nüfuzun artırılması deməkdir.
İdarə Heyəti Milli Məclisdə Naxçıvan MR-nın Konstitusiyasına edilən dəyişikliklərə də münasibət bildirib. Dəyişikliklərdə Konstitusiyanın preambulasından 1921-ci ildə imzalanmış “Moskva” və “Qars” müqavilələrinə istinadların çıxarılması Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün möhkəmləndirilməsi və Azərbaycanın unitar dövlət quruluşunu daha da gücləndirilməsi baxımdan müsbət addım kimi dəyərləndirilibr.
Toplantıda ötən həftə Pakistanda baş vermiş terror aktı da müzakirə olunaraq, harada baş verməsindən asılı olmayaraq terror qəti şəkildə lənətlənib. Toplantı iştirakçıları terrorun yalnız bir ölkəni deyil, beynəlxalq sabitliyi təhdid etdiyini, siyasi məqsədlər üçün terrorun alətə çevrilməsini qəbuledilməz olduğunu bildirib. Baş vermis terror hadisəsi ilə bağlı Pakistan xalqına başsağlığı verilib, qardaş Pakistanda bir daha belə faciələrin təkrarlanmaması arzusu ifadə olunub.
İdarə Heyəti həbsdə olan partiyanın Ali Məclis üzvü, “Hürriyyət” qəzetinin və eyni adlı internet TV-nin Baş redaktoru Vüqar Məmmədovun gözlənilmədən məhkəmə qarşısına çıxarılaraq barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasını qətiyyətlə pisləyib, bu hadisəni Vüqar Məmmədovun ictimai-siyasi və jurnalist fəaliyyəti ilə bağlı olduğunu qeyd edib.