Müxalifətdə “namuslu kişi” mükafatı qalmaqalı - Qurban Məmmədov Cəmil Həsənlini və Əli Kərimlini ifşa etdi
Siyasət
165
14:18, Bu gün

Müxalifətdə “namuslu kişi” mükafatı qalmaqalı - Qurban Məmmədov Cəmil Həsənlini və Əli Kərimlini ifşa etdi

Londonda yaşayan, hüquqşünas Qurban Məmmədovla Milli Şura sədri Cəmil Həsənli arasında son illərdəki gərginlik bu günlərdə artan fazaya keçib. Vəkil yazdığı son statuslarında Həsənlini, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işinə görə həbs edilən və vaxtı ilə hüquqlarını qoruduğu, AXCP sədri Əli Kərimlini ifşa edib.

Q.Məmmədov adı çəkilən şəxslərin bostanına əməlli-başlı daş atıb... Elə hər şey də bu statuslardan sonra başlayıb...

Hüquqşünasın son gərginliklərin baş verməsinə yol açan ifşaedici statusunu təqdim edirik: “Cəbhəçilər və böhtançı, yalançı Cəmil Həsənli iddia edir ki, Əli Kərimli 1994-cü ildə “qanunsuz silah saxlama” ittihamı ilə həbs edildikdən sonra təqib edilirmiş.

O işdə mən Əli Kərimlinin vəkili olmuşam. Məndən imtina edəcəyi halda azadlığa buraxılacağı şərtini qəbul etdi, mənim müdafiəmdən imtina etdi və azadlığa buraxıldı.

Bundan sonra Əli Kərimlinin dəhşətli təqibləri başladı:

Ramiz Mehdiyev 1995-ci ildə zorla ona deputat mandatı verdi. Təqib bununla bitmədi. Ramiz Mehdiyev ikinci dəfə, 2000-ci ildə, yenə də zorla Əli Kərimlini sürüyüb Milli Məclisə saldı. Bu, Kərimli üçün əsl işgəncə idi”.

Q.Məmmədov onu da bildirib ki, Ə.Kərimli Ramiz Mehdiyev 2019-cu ilin oktyabrında vəzifəsindən azad edilənədək, “Azərbaycanda demokratiya var” görüntüsü vermək üçün “yalana son, talana son” şüarları ilə mitinqlər keçirməyə, 2019-cu ilin 2 noyabrında icazəsiz mitinq keçirməyə məcbur edilib.

Vəkil AXCP sədrinin 2019-cu ildəki 2 noyabr mitinqindən sonra canlı efirdə yalan danışmağa məcbur edildiyini də xatırladıb: “Gah Xətai rayon polis idarəsində 4-5 nəfər tərəfindən 5-6 saat fasiləsiz döyüldüyünü, gah da Xətai rayon polisində nəzakətlə qarşılandığı və hətta yardım edildiyini danışdı.

Əsl təqiblər isə Ramiz Mehdiyev 2019-cu ildə vəzifədən kənarlaşdırılandan sonra başladı:

- deputat mandatı verilmədi,

- mitinq-mitinq oyunundan kənarlaşdırıldı,

- AXCP-nin yenidən qeydiyyatı zamanı 5000 imza təqdim etməyə-etməyə qeydə alındı və bununla da uzun müddət şantaj altında qaldı və istifadəyə tam yararsız hala salındıqdan sonra 2025-ci ilin sonunda həbs edildi”.

Q.Məmmədov növbəti paylaşımında sözün həqiqi mənasında C.Həsənlini ələ salıb. Həmin statusda isə bu sözlər yer alır: “Tapmaca: o kimdir ki, xarici pasport ala bilmir, ancaq Milli Məclisə 3 dəfə deputat mandatı alır.

Bəs o kimdir ki, hakimiyyət tərəfindən ciddi təqib edilir və deputat mandatı alıb AŞ PA-da Azərbaycan müxalifətini təmsil edir.

Tapmacanın cavabını düz tapana “Cəmil Həsənli adına namuslu kişi” mükafatı veriləcək”.

Bütün bunlar azmış kimi, Q.Məmmədov müdhiş bir iddia  da irəli sürüb. O hesab edir ki, tezliklə AXCP sədri azad olunacaq. Hüquqşünas yazır: “Əli Kərimli, 1994-cü ildə olduğu kimi, müəyyən şərtlərlə tezliklə azadlığa buraxılacaq və verilən məlumatlara görə: ya Əli Əliyev kimi özünü və partiyasını buraxacaq, ya da Ramiz Mehdiyevlə əlaqələrini kəsib başqa bir patronun rəhbərliyi altında, əvvəlki kimi, formal siyasi fəaliyyətini davam etdirəcək. Yəni istənilən halda, Ə.Kərimli tezliklə azadlıqda olacaq”.

Q.Məmmədovun bu statuslarının hər birinin rəy bölümündə ittihamlar havada uçuşur. Cəbhəçilər Q.Məmmədovun ünvanına ən ağır ifadələr işlədirlər. Hüquqşünas isə, onlara cavabını növbəti statuslarında verməkdədir… /Musavat.com/

Link kopyalandı!
Son xəbərlər