Siyasət
361
16:10, Bu gün

"Müharibə ehtimalı böyük olaraq qalır"-Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.  
 
Moderator.az müsahibəni təqdim edir:

-Qüdrət bəy, gözləntilərin əksinə olaraq, Ukrayna ilə Rusiya arasında yenə də razılıq əldə olunmadı. Səbəb nədir?

-Tərəflər müharibədən yorulsalar da, hər iki tərəf müharibənin özü üçün daha əlverişli şərtlərlə yekunlaşmasını istəyir. Həm də tərəflər tam tükənməyib və müəyyən ümidlərlə müharibəni bir müddət də davam etdirmək fikrindədirlər. Putin Trampa və Çinə, Avropa İttifaqındakı agentlərinə, Ukrayna isə Avropa İttifaqındakı vicdanlı insanlara güvənir. Amma insan və hərbi ehtiyatlar tükəndikcə, müharibəni davam etdirmək imkanları azalacaq və Ukraynanın güzəştləri hesabına sülhə nail olmaq daha asan olacaq. Ukrayna və Avropadakı müttəfiqləri müharibədə daha zəif tərəf olduğundan, sonda Ukrayna böyük güzəştlərə məcbur ediləcək. Avropa İttifaqında Avropa xalqlarını, dövlətlərini birləşdirib arxasınca apara biləcək cəsarətli və güclü lider olmadığından Ukrayna ərazi itkisi ilə barışmalı olacaq. Amma hər şey Allahın əlindədir. Bu gün pronozlaşdırılması çətin olan geosiyasi möcüzə də baş verə bilər.

-İran ABŞ danışıqları da uğurlu olmadı. ABŞ İrana hücum edəcəkmi?

-Rusiya prezidentinin ünvanına komplimentlər deməklə Ukraynada müharibəyə son qoymaq istəyən Tramp başa düşür ki, ABŞ-nin qlobal güc imici dağılıb. Venesuela prezidentinin yerli hakimiyyətin dəstəyi ilə oğurlanması da ABŞ-yə münasibətdə beynəlxalq ictimai fikri dəyişə bilmədi. İrana qarşı geniş hərbi əməliyyatlardan isə Tramp çəkinir. Tramp İrandakı etirazçılara müraciət edib deyəndə ki, "dövlət orqanlarını tutun gəlirəm", görünür inanırmış ki, o gedib çıxana qədər İranda inqilab baş verəcək. İndi tökülən qanda onun da məsuliyyəti var. Artıq tökülən qana görə kimsənin məsuliyyət məsələsi və İranda islahatlar müzakirə mövzusu deyil. Hazırda nüvənin zənginləşdirilməsi və raket proqramının məhdudlaşdırılması müzakirə olunur. Tramp İranın bu istiqamətdə müəyyən güzəştlərə getməsi ilə məsələni qapatmaq istəyir. Düşünür ki, bu yolla İsraili və yaxın ərafındakı yəhudi lobbisini də sakitləşdirə, bunu xalqına böyük qələbə kimi təqdim edə bilər. İran isə ABŞ-nin tərəddüdlərini görür və geri çəkilmək fikri yoxdur. İrandakı hakimiyyətə də görünür müharibə lazımdır ki, problemləri həll edə bilmədiklərini müharibə ilə əlaqələndirsinlər. Çünki böyük islahatlara getmədən, imtiyazlardan imtina etmədən, korrupsiyaya qarşı effektli mübarizə aparmadan, dövlət idarəetməsini təkmilləşdirmədən iqtisadiyyatı dirçəltmək mümükün deyil.

-Bəlkə ABŞ Rusiyanın Ukraynadakı düşdüyü vəziyyəti görüb müharibədən çəkinir?

-Ukraynada xalq orduya və Prezidentə ciddi dəstək verir. Mənfi 16 dərəcə şaxtada işıqsız, istiliksiz qalsa da, yenə də hökuməti müdafiə edir, öz müstəqilliyi uğrunda vuruşur. İranda isə xalq, xüsusilə son qətliamdan sonra, kənardan kömək gözləyir. Xalqla hakimiyyətin birliyi yoxdur. Xalq dəyişiklik istəyir. Ona görə ABŞ və İsrailin güclü hücumları olacaqsa İrandakı rejimin ciddi müqavimət imkanları olmayacaq. Ola bilsin Çin və Rusiya Trampa "təmkinli" olmağı tövsiyə edir. Trampın tərəddüdlərinə rəğmən müharibə ehtimalı olduqca böyük olaraq qalır. Tramp başa düşür ki, aralıq seçkilərində qalib gəlməsi və daxildə gündəmi dəyişmək üçün ona qələbə lazımdır.

Link kopyalandı!
Son xəbərlər