Dörd il əvvəl Ukrayna müharibəsi başlayanda yəqin nəinki siyasi şərhçilər, dünya siyasətini idarə edən dövlət adamları da fikirləşməzdi ki, müharibə daha genişmiqyaslı xarakter alaraq indiyədək davam edəcək. 2022-ci ilin fevralında başlayan Ukrayna müharibəsi ilə sarsılmış dünya düzəni sürətlə parçalanmağa başladı və bir-birinin ardınca müxtəlif regionlarda silahlı qarşıdurmalar başladı. Yaxın Şərqdə 2024-cü ildə başiayan və davam edən genişmiqyaslı Qəzza müharibəsi, Hindistan-Pakistan silahlı toqquşması, Kamboca-Tailand, Konqo-Ruanda müharibələri və sairə kiçik miqyaslı qarşıdurmaların yaratdığı gərginlik hələ bitməyib. Qarşıda isə hər an başlaya biləcək ABŞ-İran müharibəsi gözlənilir.
Müharibə davam edir, çoxsaylı görüşlər, danışıqlar aparılır və hər görüşdən sonra sülhə doğru real addım atılmasa da, artıq “konstruktiv görüş oldu” ifadəsinə də adət etmişik. Dünən Abu-Dabidə keçirilən Rusiya-Ukrayna-ABŞ üçtərəfli görüşündən sonra da “irəliləyiş” olduğu barədə informasiyalar yayıldı. Hər “irəliləyiş”, “konstruktivlik”dən sonra Kiyev daha amansız raket, dron hücumuna məruz qalır, insanlar mənfi 20 dərəcə soyuqda istilikdən, işqdan məhrum olub donurlar.
Rusiya prezidenti Vladimir Putinin nəhayət sülh müqaviləsi bağlamağa niyyəti varmı? Faktiki olaraq hər iki tərəfi əvvəlki heyətlərdən fərqli olaraq məhz kəşfiyyat rəhbərləri təmsil edirlər. Xüsusilə Rusiyanı təmsil edənlər Putin kimi, Medinski kimi uzun-uzadı “ilkin səbəblər”, “tarixi torpaqlar” mövzusunda yox, real situasiyanı müzakirə edib konkret şərtlər əsasında praktiki çıxış yollarını axtarırlar. Bu, onu göstərir ki, Rusiya da uzanan müharibədən ağır iqtisadi böhranla üzləşib və Avropanın Ukraynanı daha ciddi şəkildə silahlandıracağının fərqində olduğu üçün müharibəni bitirmək istəyir. Amma, “ərazi problemi” Qordi düyünü kimi vəziyyəti dalana dirəyib.Üstəlik, Rusiya Federasiyası bu dəfə daha ağır şərt irəli sürüb: Donbasın qalan hissəsini təhvil verməklə yanaşı, bütün Donbasın Rusiya ərazisi olduğunu rəsmən hüquqi cəhətdən tanınması. Rusiyanın iştahasının yalnız Donbasla bitməyib bütün Ukraynanı ələ keçirmək niyyətində olduğunu deyəndə, ABŞ və bəzi Avropa ölkələri buna inanmadıqlarını bildirirlər. Son şərt göstərir ki, Rusiya Ukrayna müharibəsi ilə dayanmaq istəmir və bu “qələbə”dən sonra hədəfində postsovet respublikaları olacaq.
Putin Rusiyanın və rus xalqının “qələbəsi” barədə ölkəyə təntənəli müjdə verə bilmir və bu səbəbdən də müharibəni indiki şərtlərlə bitirməyəcəyi daha real görünür. Rusiya generalları may ayınadək Donbasın qalan hissəsini də tutacağı barədə Putinə vəd verirlər və Kreml lideri də danışıqları uzadaraq həmin müddətədək Ukraynanın kapitulyasiya olacağını gözləyir. Bu məqsədlə Ukrayna mülki əhalisinə qarşı “qış terroru” amansızlıqla davam edir. Rusiya lideri eyni zamanda Trampın loyallığına da əsaslanaraq ümid edir ki, əhali Zelenski hakimiyyətini Donbası təhvil verməyə məcbur edəcək. Yeri gəlmişkən, bu istiqamətdə bəzi informasiya təbliğatı Ukrayna mətbuatında ara-sıra yer almağa başlayıb. “Müharibə bitəcəksə Donbas təhvil verilsin” çağırışları ayrı-ayrı tanınmış ukraynalılar tərəfindən səslənir.
İndiyədək müharibənin gedişi heç də Putinin may ayınadək Donbasın qalan hissəsini işğal etməsinin real olacağını demir. Kramatorsk və Slavyansk, o cümlədən Konstantinovka hətta Pokrovskdan da yaxşı müdafiə olunur. Pokrovsk, Kupyansk, Qulyapolya məntəqələrini bir ilə ala bilməyən rus ordusunun may ayınadək Putinin planını reallaşdırması inandırıcı görünmür.
O zaman hadisələr necə inkişaf edə bilər?
Birinci raund görüşdən sonra Zelenskinin reaksiyası daha çox tərəfdaşlarına ünvanlandı: həqiqi təhlükəsilik zəmanəti verilsin və Moskvaya təzyiq gücləndirilsin. Təcavüzkar təltif olunmamalıdır. Əgər təcavüzkar işğalla mükafatlandırılarsa, zaman keçdikcə, Rusiya istənilən müqaviləni pozacaq. Yəni, Ukrayna real sülh istəyir, yenidən hücuma hazırlaşmaq üçün pauza verilməsini istəmir. Zelenski onu da vurğuladı ki, sülhə bir ildən tez nail olmaq mümkündür. Bu müddətin dövlət başçısı tərəfindən qeyd edilməsi həm də Ukraynanın döyüş potensialından xəbər verir, eyni zamanda o, bu sonluğun hərb yolu ilə deyil, diplomatik yolla başa çatacağını vurğulayıb.
Bu günlərdə Kiyevə səfər edən NATO Baş katibi Ryuttenin “istəklilər koalisiyası” qoşunlarının atəşkəsdən sonra arxa planda olacağını vurğulaması bir dah göstərdi ki, Ukrayna daha çox öz döyüşçülərinə güvənməlidir. Necə ki, dörd ildir döyüşən də Ukrayna Ordusudur. Avropanın silahlı gücləri çox zəifdir və bu zəiflik Qrenlandiya məsələsində özünü göstərdi. NATO ölkəsi Danimarkanı belə müdafiə etməkdə Avropa aciz durumdadır, o ki qala Rusiya qarşısında üz-üzə döyüşə. Güvəndikləri ABŞ isə Çinə qarşı Rusiyanı öz tərəfinə çəkməyə cəhd edir və Ukraynanın, bütövlükdə Avropanın maraqlarını, təhlükəsizliyini boş verərək Putinə ciddi şəkildə dəstək verir.
Tramp hakimiyyəti bitəndən sonra ABŞ-ın yeni prezidenti Ağ Evi yenidən ənənəvi siyasətinə qaytara bilərmi? Tamamilə mümkündür. Problem ondadır ki, müharibə daha üç il davam edərsə Ukrayna buna dözə biləcəkmi? (Eyni sualı Rusiya üçün də vermək olar) Hələ Avropanın özündə hakimiyyətə aşırı sağçılar gələrsə..? Fransada Le Pen, Almaniyada sürətlə böyüyən “Almaniya üçün alternativ” partiyaları hakimiyyətə gələrsə.., Avropa bir daha parçalana bilər və bu ABŞ-ni Avropadan ayıran Putinin aqressiv siyasi buketinə əlavə gül qoymaq demək olacaq. Bu perspektivi Avropa liderləri görməli və hərəkət etməlidirlər.
Dünyanın yeni düzəni İranda, Qəzzada, Konqoda, Kambocada yaranmayacaq. Pozulduğu yerdə -yəni Ukrayna müharibəsində dayanıqlı və ləyaqətli sülh müqaviləsi olduğu halda dünya nizamı yaranacaq. Əks halda, indiki vəziyyət daha da mürəkkəbləşərək xaosa çevriləcək, yeni müharibə ocaqları yaranacaq.
İlham İsmayıl