“Qırğız Respublikası 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində aranızda keçirilmiş görüşün nəticələrinə dair Birgə Bəyannamənin imzalanmasını xüsusi məmnuniyyət hissi ilə alqışladı. Bu, sadəcə, siyasi və diplomatik addım deyil, Cənubi Qafqazda davamlı sülhün, təhlükəsizliyin və qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edən həqiqətən də tarixi bir nailiyyətdir”.
Moderator.az xəbər verir ki, bunu Qırğızıstan prezident Sadır Japarov "Zayed İnsan Qardaşlığı Mükafatı"nın laureatlarına təbrik müraciətində deyib.
Japarov daha sonra sözlərinə belə davam edib:
“Onu da xüsusi vurğulamaq istəyirəm ki, hörmətli İlham Heydər oğlu və hörmətli Nikol Vovayeviç görkəmli dövlət xadimliyinin, uzaqgörən liderliyin və siyasi məsuliyyətin ən yüksək səviyyəsini nümayiş etdirdilər. Qırğız Respublikası qəti şəkildə əmindir ki, ölkələriniz arasında münasibətlərin tam bərpası, ilk növbədə, hər iki xalqın mənafeyinə xidmət edir və davamlı sülhün güclü təməlini yaradır. Bu mənada biz sülh sazişinin ən qısa zamanda imzalanması istiqamətində Bakı və İrəvanın son vaxtlardakı səylərini tam dəstəkləyirik. Biz iki ölkə arasında qarşılıqlı etimadı gücləndirən və dayanıqlı sülh arxitekturasının yaradılmasına töhfə verən bu prosesin hərtərəfli dəstəklənməsinə hazırıq.
İnanıram ki, Azərbaycan və Ermənistan eyni şəkildə sülh münasibətlərinə nail olacaqlar və iki xalq arasında harmoniya, dostluq və firavanlıq naminə uzunmüddətli əməkdaşlığın möhkəm təməlini qoyacaqlar”.