Bakı və İrəvan normallaşma prosesini sürətləndirmək üçün yeni addımlar atır - VİDEO
Siyasət
282
04 Feb 2026 | 21:57

Bakı və İrəvan normallaşma prosesini sürətləndirmək üçün yeni addımlar atır - VİDEO

Azərbaycan və Ermənistan arasında sülh prosesi yeni mərhələyə keçir.

Bu dəfə tərəflər neytral platformada, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə bir araya gəldilər.

Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın görüşü göstərdi ki, danışıqlar yalnız siyasi bəyanatlar səviyyəsində deyil, ortada praktik nəticələr də var.

Liderlər Vaşinqtonda keçirilmiş Sülh Sammitindən sonra əldə olunan irəliləyişləri müsbət qiymətləndirdilər. ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə baş tutan həmin sammit tərəflər arasında yeni diplomatik xəritənin əsasını qoymuşdu. İndi isə həmin razılaşmaların həyata keçməsi müzakirə olunur.

Əsas diqqətçəkən məqam iqtisadi əlaqələrin başlamasıdır. Uzun illər qarşıdurma yaşayan iki ölkə arasında artıq ticarət dövriyyəsi formalaşır. Azərbaycanın Ermənistana neft məhsulları ixracı, üçüncü ölkələrdən yüklərin Azərbaycan ərazisindən tranziti və logistika xətlərinin açılması göstərir ki, sülh təkcə sənədlərdə deyil, bazarlarda, sərhəddə və yollarda da hiss olunur. Bu isə mühüm mesajdır. Sabitlik artıq siyasi ritorika yox, iqtisadi marağa çevrilir.

Danışıqlarda müzakirə olunan digər istiqamət nəqliyyat və kommunikasiya layihələridir. Xüsusilə TRIPP və digər bağlantı marşrutları regionu yeni tranzit mərkəzinə çevirə bilər. Bu layihələr reallaşarsa, Cənubi Qafqaz Şərqlə Qərb arasında daha aktiv ticarət körpüsünə çevriləcək.

Ekspertlər hesab edirlər ki, iqtisadi asılılıq artdıqca müharibə riski azalır. Çünki tərəflər itirməmək üçün əməkdaşlığa üstünlük verirlər.

Görüşdə humanitar və ictimai təmaslar da gündəmdə olub. Vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri, etimad quruculuğu addımları və dialoqun genişləndirilməsi artıq cəmiyyətlər arasında psixoloji baryerlərin aradan qaldırılmasına xidmət edir.

Bir sözlə, Əbu-Dabi görüşünün yekun mesajı belədir: Bakı və İrəvan dialoqu davam etdirməkdə qərarlıdır. Münaqişə mərhələsindən əməkdaşlıq mərhələsinə keçid region üçün yeni reallıq deməkdir.

Əgər proses bu templə davam edərsə, Cənubi Qafqaz uzun illərdən sonra ilk dəfə sabitlik və iqtisadi inteqrasiya zonası kimi formalaşa bilər. Bəli, sülh, seçim yox, zərurətdir.

 

Link kopyalandı!
Son xəbərlər