Azad olunmuş ərazilərdə bərpa prosesi: ayrılan vəsaitin əsas istiqamətləri bunlardır... - FOTO
Siyasət
486
17:57, Bu gün

Azad olunmuş ərazilərdə bərpa prosesi: ayrılan vəsaitin əsas istiqamətləri bunlardır... - FOTO

Azərbaycanın son illərdə həyata keçirdiyi ən mühüm dövlət siyasətlərindən biri işğaldan azad olunmuş ərazilərin bərpası və bu torpaqlara insanların qayıdışının təmin edilməsidir. Qarabağ və Şərqi Zəngəzurda aparılan işlər göstərir ki, Böyük Qayıdış prosesi artıq real nəticələr verir və bu proses həm sosial, həm də iqtisadi baxımdan ölkə üçün yeni imkanlar yaradır.

Millət vəkili Vüqar Bayramov Böyük Qayıdış çərçivəsində işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri ilə bağlı Moderator.az-a açıqlama verib.

Deputat bildirib ki, bu proses dövlət siyasətinin əsas prioritetlərindən biridir və ardıcıl şəkildə davam etdirilir:

1467604

"İşğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması, o cümlədən intensiv məskunlaşma bu gün Azərbaycanda həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir. Nəzərə alsaq ki, zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına 23 milyard manata yaxın vəsait ayrılıb və bütövlükdə 2026-cı il daxil olmaqla bu istiqamətə 3,7 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu o deməkdir ki, yalnız dövlət büdcəsindən 2026-cı il daxil olmaqla, zəfərdən sonra işğaldan azad olunmuş ərazilərimizin bərpasına 26 milyard manatdan artıq vəsaitin ayrılması təmin ediləcək.

Bu vəsait hesabına infrastrukturun yenidən qurulması, məskunlaşma üçün yaşayış evlərinin tikintisi, eyni zamanda sosial və kommunal xidmətlərin göstərilməsi ilə bağlı infrastrukturun bərpası və yenidən qurulması işləri daxildir. Artıq birinci qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizdə 75 minə yaxın Azərbaycan vətəndaşı yaşayır və çalışır. Bu rəqəmin 2026-cı ilin sonuna qədər 150 minə çatacağı gözlənilir. Yəni bu deməkdir ki, ilin sonunda 150 min vətəndaşımızın işğaldan azad olunmuş ərazilərdə məskunlaşmasını müşahidə edəcəyik".

Millət vəkili onu da qeyd edib ki, bu, qısa müddətdə Azərbaycanın əldə etdiyi mühüm uğurdur və eyni zamanda ölkənin gücünü göstərən əsas faktorlardan biridir:

"Çünki 30 ilə yaxın işğal dövründə tamamilə dağıdılmış və xarabalığa çevrilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur və bərpa edilir, keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdırlar. Bu proses eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda iqtisadiyyatın formalaşmasına və Azərbaycanın ümumi iqtisadiyyatına töhfənin artmasına gətirib çıxarır. İlkin qiymətləndirmələr göstərir ki, bu iki iqtisadi rayonun Azərbaycanın iqtisadiyyatında 10 faiz pay formalaşdırmaq potensialı var. Bu isə yaxın illərdə Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına 15 milyard manatdan artıq əlavə dəyər qatacağını göstərir və işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialının kifayət qədər yüksək olduğunu göstərir".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər