ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
Siyasət
433
17:22, Bu gün

ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib

Rusiya ilə müttəfiqlik münasibətlərinə yenidən baxılmasının vacibliyi bildirilib...
 
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və regionda baş verən ictimai-siyasi proseslər, eləcə də beynəlxalq gündəmin əsas mövzuları geniş müzakirə olunub.
 
İdarə Heyəti ilk növbədə Rusiya-Ukrayna arasında davam edən və minlərlə insanın həyatına son qoymuş qanlı müharibə ilə bağlı bir daha mövqeyini ifadə edib. Soyuq hava şəraitində Rusiya tərəfindən Ukraynanın mülki infrastrukturuna və dinc əhalisinə qarşı zərbələrin dayandırılması ilə bağlı beynəlxalq çağırışlar müsbət qiymətləndirilib. ABŞ-ın moderatorluğu ilə aparılan danışıqların beynəlxalq hüququn fundamental prinsipləri - dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında nəticələnəcəyinə ümid ifadə olunub. İdarə Heyəti hesab edib ki, bu müharibənin uzanması təkcə region üçün deyil, bütün dünya üçün ciddi təhlükələr yaradır və onun tezliklə başa çatdırılması mühüm əhəmiyyət daşıyır.
 
Toplantıda İran ətrafında formalaşan təhlükəli hərbi-siyasi vəziyyət də ciddi narahatlıq doğurub. Qeyd edilib ki, ABŞ-ın bölgəyə geniş hərbi kontingent cəmləməsi müharibə riskini kəskin şəkildə artırır, İrana qarşı mümkün hərbi müdaxilə təkcə bu ölkəni deyil, bütövlükdə region dövlətlərini ağır hərbi eskalasiya və təhlükəsizlik böhranı ilə üz-üzə qoya bilər. İdarə Heyəti ABŞ-İran münasibətlərində mövcud ziddiyyətlərin yalnız diplomatik danışıqlar yolu ilə həll edilməsini yeganə düzgün yol hesab edib və beynəlxalq ictimaiyyəti bu istiqamətdə məsuliyyətli mövqe sərgiləməyə çağırıb. Eyni zamanda xüsusi vurğulanıb ki, gərginliyin artdığı bir şəraitdə Azərbaycan hökuməti Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın təhlükəsizliyi məsələsində açıq, prinsipial və ciddi siyasi mövqe ortaya qoymalıdır.
 
İdarə Heyəti Fransanın Ermənistandakı səfirliyinin Ermənistan silahlı birləşmələrinin Azərbaycana qarşı işğalçı müharibədə məhv edilmiş üzvlərini “vətən uğrunda həlak olanlar” kimi təqdim edən bəyanatını qətiyyətlə pisləyib. Qeyd olunub ki, Azərbaycan ərazilərində işğalçılıq müharibəsi aparan şəxslərin “vətən müdafiəçisi” kimi təqdim edilməsi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə açıq hörmətsizlikdir. Bu mövqe təxribat xarakteri daşıyır, Azərbaycan-Ermənistan arasında aparılan sülh danışıqlarına kölgə salır və regionda davamlı sülhə xidmət etmir.
 
Toplantıda NATO-nun Baş katibinin müavininin Azərbaycana səfəri və səfər çərçivəsində aparılan danışıqlar müsbət dəyərləndirilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolun vurğulanması, NATO ilə əməkdaşlığın dərinləşdirilməsi, minaların təmizlənməsi, vacib infrastrukturun qorunması və dəniz limanlarının təhlükəsizliyi sahələrinə dəstək məsələləri Azərbaycanın regional təhlükəsizliyə verdiyi töhfənin göstəricisi kimi qiymətləndirilib. Hesab edilib ki, bu əməkdaşlıq ölkəmizə qarşı mümkün təhlükə və təhdidlərin qarşısının alınması baxımından da mühüm əhəmiyyət kəsb edir.
 
İdarə Heyəti Rusiyanın rəsmi və qeyri-rəsmi dairələri tərəfindən səsləndirilən, postsovet ölkələrinin ərazi bütövlüyünü və müstəqilliyini şübhə altına alan bəyanatları ciddi təhlükə kimi dəyərləndirib. Bu cür açıqlamaların həm MDB-nin Nizamnaməsinə, həm də Azərbaycan ilə Rusiya arasında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannaməyə zidd olduğu qeyd edilib. İdarə Heyəti hesab edib ki, əgər bu təhdidlər sistemli və davamlı xarakter alarsa, Azərbaycan dövləti Rusiya ilə müttəfiqlik münasibətlərinə və MDB çərçivəsindəki iştirakına yenidən baxmalıdır.
 
Toplantıda Pakistanda bəzi etnik qruplara xarici dəstək verilməsi və separatçı fəaliyyətlərin təşviqi ilə bağlı məsələlər də müzakirə olunub. İdarə Heyəti hesab edib ki, nüvə silahına malik Pakistan kimi bir dövlətdə separatizmin alovlandırılmasına cəhdlər bütün region üçün ciddi və təhlükəli nəticələrə yol aça bilər. Bu baxımdan bölgə dövlətləri bu cür məsuliyyətsiz addımlardan çəkinməyə çağırılıb, Azərbaycan hökumətinin isə Pakistanla mövcud müttəfiqlik münasibətlərinə uyğun olaraq bu ölkəyə açıq siyasi dəstək verməsinin vacibliyi vurğulanıb.
 
İdarə Heyəti 2 Fevral - Gənclər Günü münasibətilə bütün Azərbaycan gənclərini təbrik edib. Azərbaycan gənclərinin elm, təhsil və idman sahəsində ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil etməsini yüksək qiymətləndirib. Bununla yanaşı, ölkədəki mövcud gənclər siyasəti kəskin tənqid olunub. Gənclərin mənzil problemləri, təhsil imkanlarının məhdudluğu, işsizlik, ailə quran gənclərə sosial dəstəyin olmaması Azərbaycan hakimiyyətinin gənclərlə bağlı siyasətinin qənaətbəxş olmadığının göstəricisi kimi dəyərləndirilib. İdarə Heyəti hesab edib ki, gənclik milli-mənəvi dəyərlər və azad düşüncə ruhunda tərbiyə olunmalı, hər bir gəncə öz potensialını reallaşdırmaq və ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmək üçün real imkanlar yaradılmalıdır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər