Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Siyasət
134
15:07, Bu gün

Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə

Donald Tramp bölgəyə ən çox inandığı və administrasiyada özündən sonra ikinci adam sayılan tərəfdaşını göndərir. Məqsəd Bakı və İrəvanda sülh prosesini, eləcə də Zəngəzur dəhlizini müzakirə etməkdir.

Cənubi Qafqazda yeni geosiyasi mühitin yarandığı artıq bir reallıqdır. Keçən il Vaşinqtonda əldə edilən tarixi razılaşmalardan sonra yeni mühitdə qurulan əməkdaşlıq sisteminin moderatoru rolunda isə Donald Trampın rəhbərlik etdiyi ABŞ çıxış edir. Cənubi Qafqaz dünyada təhlükəsiz və etibarlı ticarət zəncirinin ən mühüm halqalarından birinə çevrilir. Məhz bu amil beynəlxalq güclərin bölgəmizə olan marağını və həyata keçirilməsi planlaşdırılan layihələrdə rol almaq istəyini stimullaşdırır.

Moderator.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Nəzərə alınmalı ən mühüm məqam

Nəzərə alınmalı ən mühüm məqam ondan ibarətdir ki, yeni əməkdaşlıq sisteminin əsas qurucusu və təşəbbüskarı Prezident İlham Əliyev, onun rəhbərliyi ilə Azərbaycanın artan rolu, bölgəmizdə son illərdə yaradılan reallıqlar və iqtisadi-siyasi müstəqilliyimizdir. Bu, özünü ABŞ-Azərbaycan münasibətlərində də xüsusi olaraq büruzə verir. Bu günlərdə başa çatan Davos Forumu çərçivəsində Prezident İlham Əliyevin amerikalı həmkarı Donald Trampla görüşü, müzakirə olunan məsələlər sırasında ikitərəfli əlaqələrin dərinləşdirilməsinə xüsusi vurğu edilməsi Bakı-Vaşinqton əlaqələrinin Cənubi Qafqazın gələcək geosiyasi konfiqurasiyasında müstəsna əhəmiyyət daşıyacağından xəbər verir.

Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə

Trampın "ağır topu" Cənubi Qafqaza gəlir

İndi isə Donald Tramp bölgəyə ən çox inandığı və administrasiyada özündən sonra ikinci adam sayılan tərəfdaşını göndərir.

"ABŞ-nin vitse-prezidenti Jey Di Vens fevralda Vaşinqtonun Cənubi Qafqazda davam edən sülh səylərinin bir hissəsi olaraq Azərbaycan və Ermənistana səfər edəcək", - deyə Donald Tramp "Truth" sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, Vensin səfəri Azərbaycan və Ermənistan arasında sülh prosesini daha da irəli aparmağa, eləcə də "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) adlanan yolun həyata keçirilməsinə yönəlib.

Bakıdakı müzakirələrin əhəmiyyəti

ABŞ-nin Cənubi Qafqaz siyasətində Zəngəzur dəhlizi layihəsinin prioritet təşkil edəcəyi şəksizdir. Azərbaycanın milli maraqları, beynəlxalq hüquq və ədalətə əsaslanan haqlı tələbləri nəzərə alınmadan bu layihənin heç bir əhəmiyyət daşımadığı gerçəkliyi də ortadadır. Bu həqiqəti həm İrəvanda, həm də Vaşinqtonda çox yaxşı bilirlər. Bu səbəbdəndir ki, ABŞ vitse-prezidentinin bölgəyə səfəri çərçivəsində Azərbaycanda aparacağı müzakirələrə maraq beynəlxalq səviyyədə daha böyükdür. Çünki Bakıda əldə ediləcək razılaşmalar qeyd etdiyimiz kimi, ABŞ-nin Cənubi Qafqazdakı baxışlarının şəkilləndirilməsində əsas məqam hesab edilir.

Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə

Azərbaycanın uğurlu diplomatik gedişləri

TRIPP layihəsinin Azərbaycan və Ermənistan, həmçinin digər tərəflər üçün hansı üstünlüklər yaradacağı haqqında çox danışılıb. Lakin bu məsələdə Azərbaycanın mövqeyini nəzərə almalı olan tərəflər tək ABŞ və Ermənistanla yekunlaşmır. Bu siyahıda Mərkəzi Asiya, Çin, Avropa kimi nəhənglər də var. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qeyd olunan bütün tərəflərlə strateji əlaqələr qurmağı bacarıb. Avropa üçün Azərbaycan enerji və tranzit sahəsində uzunmüddətli etibarlı tərəfdaşdır. Mərkəzi Asiya üçün isə Azərbaycan quru sərhədlərimiz olmasa da, bölgənin ayrılmaz tərkib hissəsidir. Çinə gəldikdə isə ölkəmizlə münasibətlərdə yeni səhifənin açılması Pekin və Bakının qlobal tranzit sahəsində maraqlarının tamamilə üst-üstə düşdüyünün xəbərçisidir. Ən diqqət edilməli məqam isə odur ki, rəsmi Bakı bütün tərəflərin maraqlarını uzlaşdırmaqla Cənubi Qafqazı mövcud beynəlxalq konyunkturada strateji alternativə çevirməyə nail olub.

Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə

Sülh təşəbbüsünə Bakının töhfəsi

Burada Ermənistana münasibətdə atılan addımlar da qeyd olunmalıdır. Məhz Vensin səfəri ərəfəsində Bakının İrəvana vaxtilə tətbiq etdiyi tranzit embarqosunun aradan qaldırılması nəticəsində bu ölkəyə daşınan strateji məhsulların həcmindəki artım ABŞ Prezidenti Donald Trampın bölgəmizdəki sülh təşəbbüsünə Azərbaycanın töhfəsi kimi də dəyərləndirilə bilər. Azərbaycan artıq Ermənistana yanacaq məhsullarının ixracına başlayıb. Qazaxıstan və Rusiyadan taxıl və digər məhsullar ölkəmizin tranzit imkanlarından istifadə edilməklə Ermənistana daşınır. İndi isə Bakı və İrəvan arasında Ermənistandan əks istiqamətə yüklərin daşınması müzakirə olunur. Bütün bu addımlar Bakı və Vaşinqtonun Cənubi Qafqazda sülh strategiyasının sağlam təməllər üzərində daha da irəli aparılmasında Azərbaycan rəhbərliyinin qətiyyətli siyasi iradəsinin olduğunun göstəricisidir.

Maneələr aradan qaldırılmalıdır

Qarşılıqlı maraqların təmin edilməsi, ikitərəfli əlaqələrin inkişafı, Cənubi Qafqazın strateji tranzit qovşağa çevrilməsi istiqamətində maneələrin aradan qaldırılması da mühüm məqamdır. Burada əsas amil Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına birdəfəlik son qoyulması, ABŞ-Azərbaycan münasibətlərinin mövcud durumunun ruhuna uyğun olmayan 907-ci düzəlişin birdəfəlik ortadan qaldırılmasıdır. ABŞ vitse-prezidentinin Cənubi Qafqaz səfəri çərçivəsində Bakı və İrəvanda aparacağı müzakirələrdə bu məqamlar üzərində xüsusilə dayanacağı da istisna deyil.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər