Tramp danışıqlardan geri çəkilərsə...
Siyasət
1383
13:04, Bu gün

Tramp danışıqlardan geri çəkilərsə...

Abu-Dabidə Rusiya-Ukrayna və ABŞ nümayəndlərinin iştirakı ilə keçirilən son görüşün də nəticəsiz qalacağı proqnozlaşdırılan məsələ idi. Növbəti görüşün eyni məkanda olacağı ilə razılıq əldə edilib, amma baş tutacağı şübhəlidir, çünki məlum olur ki, növbəti görüşə nə Uitkoff, nə də kürəkən Kuşner qatılmayacaq. Dəqiq səbəb məlum deyil. Beynəlxalq şərhçilərin verdiyi  proqnozlarda göstərilir ki, ABŞ-ni təmsil edən iki iş adamı - biznesmenlər indiyədək bu və ya digər ticarət müqavilələrində zamanı uzatmadan məsələnin razılığına və ya imtinasına adət etdiklərindən üzləşdikləri situasiyanın nəticəsizliyindən narazıdırlar. Amma, məsələ yalnız “bürokratik zaman”la və biznes təfəkkürü ilə bağlı deyil. Məsələ ondadır ki, ABŞ nümayəndələri Rusiyanın planının dəyişməyəcəyinə tam əmin olandan sonra növbəti görüşün əvvəlkilərdən fərqlənməyəcəyinə əmin olduqları üçün boş yerə görüşə gəlməkdən imtina ediblər. Ən azı 8-ci dəfə Kremldə Putinlə görüşən Uitkoffa tam aydın olur ki, hansı planlar müzakirə olunsa da, Rusiyanın planı dəyişməz olaraq qalır. Ukraynanın kapitulyasiyasına nail ola bilməyən Putinin məqsədi martın sonu, aprelin əvvəlinə kimi Donbasın qalan hissəsini də işğal etməkdir. Bununla o, dayanacaqmı? Əlbəttə dayanmayacaq. İşğaldan sonra Xarkov, Sumı, və Dnepropetrovsk istiqamətində bufer zonası yaratmaq, sülh razılaşmasına getməyib  Odessa və Nikolayevi növbəti işğal hədəfinə çevirmək Moskvanın strateji planına daxildir. Bu planın reallaşması isə, demək olar ki, mümkün görünmür. Bir ildən çox müddətdə Pokrovck şəhərini ələ keçirə bilməyən bir ordunun daha da möhkəmləndirilmiş Kramatorsk və Slavyansk şəhərlərini işğal etməsi heç cür inandırıcı görsənmir. Putin dondurucu qışda Kiyevin bütün enerji obyektlərini dağıtmaqla Ukrayna əhalisinin Zelenski hakimiyyətinə qarşı üsyan edəcəyi ümidindədir. Amma, bu günkü Ukraynanı öyrənənlər yaxşı bilirlər ki, Rusiyaya və onun liderinə nifrət ukraynalıları daha çox birləşdirib və ötən il Kiyevdə olarkən bu möhkəm birliyin şahidi oldum. Həmsöhbət olduğum bir general rus dilində danışmamağa and içdiyini söyləyib mənimlə tərcüməçi vasitəsilə danışdı.

Yeri gəlmişkən, Tramp da tərəfləri xəbərdar edib ki, mayın 15-dək atəşkəs müqaviləsi olmadığı halda, o danışıqlardan çəkiləcək. Tramp mövqeyini onunla əsaslandırıb ki, noyabrda aralıq seçkiləri keçiriləcək və demokratların seçkilərdə qalib gəlib üstünlük qazanmaması üçün diqqətini daxilə yönəltməlidir. Bu variant Putini qane edə bilərmi? Təbii qane etməz. Dostu Trampdan fərqli olaraq, birmənalı şəkildə Rusiyaya sərt mövqedə dayanan Avropa liderləri və Ukrayna ilə diplomatik danışıqlar aparmaq Kreml sahibinin ürəyincə olası deyil. Trampın son bir illik siyasətinin daha çox anti Zelenski, anti Avropa istiqamətində olması ABŞ-nin təcavüzkarın yanında durması deməkdir. Bu şərtlərdə Putin üçün Tramp ikinci Çin deməkdir. Rusiya, Çin, ABŞ tərəfindən sıxışdırılan Ukrayna dövləti möhkəm və iradəlidir. Ukrayna cəmiyyəti Şərqdən və Qərbdən gələn təzyiqlərə baxmayaraq konsolidasiya olmağı bacardı. Avropa da öz təhlükəsizliyi naminə Ukraynanın yanında olmağa məcburdur. Əgər Rusiya Ukraynanın qərb sərhədlərinə yaxınlaşmağı bacararsa bir rus generalın dediyi kimi “Avropa diz üstə çöküb rəhm diləyəcək”.

Məhz noyabrda keçiriləcək aralıq seçkilərində demokratların üstünlük əldə edib “impiçment serialına” başlanması təhlükəsi Trampı məcbur edir ki, Rusiyaya təzyiq etsin. Enerji obyektlərinə zərbə endirilməməsi barədə Putindən xahişi də bu istiqamətdə atılmış addım kimi dəyərləndirilir.

Zaman məsələsi yeni dünya düzəninin yaranmasında əsaslı amildir. Trampın hakimiyyəti maksimum üç il çəkəcək. Eyni zamanda hadisələrin bu cür inkişafı-yəni Trampın Ukrayna, Qrenlandiya, Avropa, Kanada siyasəti yalnız demokratların deyil, respublikaçıların da ciddi etirazları ilə qarşılanır və Trampa qarşı impiçment iddiası reallaşşa bilər. Az ehtimal edilsə də, Trampın vaxtından əvvəl istefaya göndərilməsi variantı da istisna deyil.

Qarşıdakı aylar Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün real vəziyyət formalaşdıra biləcək bir mərhələdir. Təcavüzkar Rusiya “qalib” illyuziyası yaradıb, ABŞ və Avropa sanksiyalarından uzaqlaşmaq şərtləri və Ukrayna üçün “təhlükəsizlik zəmanəti”nin detallarını dəqiqləşdirməklə atəşkəsə gedə bilər. Rusiyanın seçkilərin keçirilməsi, rus dili, provaslav kilsəsi tələbləri artıq ikinci dərəcəli tələblər siyahısında olacaq. Atəşkəsin reallaşması üçün ABŞ prezidentinin Rusiyaya yalnız yumşaq ritorika ilə təzyiqi keçərli olmayacaq. Bu ərəfədə Trampın öz nüfuzunu da qorumaq naminə Rusiyaya sərt təzyiqlər göstərməsi sülhü yaxınlaşdıra bilər.

İlham İsmayıl  

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər