Siyasət
254
13:52, Bu gün

"Azərbaycanla əməkdaşlıq Davos İqtisadi Forumunun ən yaddaqalan hadisələrindən biri oldu" - RƏY

"Mövcud qlobal problemləri müzakirə etmək və çıxış yolları axtarmaq üçün dünya dövlətlərinin beynəlxalq platformalarda toplaşması artıq bir ənənəyə çevrilib. Hər il dövri olaraq İsveçrənin Davos şəhərində keçirilən Davos İqtisadi Forumu bu baxımdan xüsusi qeyd olunmalıdır. Adına nə qədər iqtisadi forum deyilsə də, hər il onlarla dövlət və hökumət başçısının, yüzlərlə siyasi liderin və aktivləri milyardlarla və hətta trilyonlarla ölçülən nəhəng şirkət rəhbərlərinin, digər nüfuzlu şəxslərin toplaşdığı bu ənənəvi platformada mövcud siyasi mövzular da müzakirələrdən kənarda qalmır. Bu baxımdan, Davos İqtisadi Forumunun beynəlxalq münasibətlərdə özünəməxsus yeri var".
 
Moderator.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov deyib.
 
O bildirib ki, Prezident İlham Əliyevin bu nüfuzlu, mötəbər beynəlxalq platformaya münasibəti çox ciddi, özünəməxsus olub və indi də belədir: “2007-ci ildən başlayaraq ənənəvi olaraq Davos İqtisadi Forumunda iştiraka önəm verən dövlətimizin başçısı mümkün qədər bu platformada şəxsən iştirak etməyə çalışır. Ancaq daha çox yaxınlaşmaya və bu forum çərçivəsində Azərbaycana marağın əhəmiyyətli dərəcədə artmasına səbəb ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə yekunlaşan Vətən müharibəsindəki tarixi Zəfərimiz oldu. Təkcə ölkəmizdə deyil, ümumilikdə Cənubi Qafqazda iqtisadiyyata təhlükəsizlik qarantiyasını təmin edən yeni reallıqlarla müşayiət olunan qələbəmiz Davos İqtisadi Forumunu və onun iştirakçılarını cəlb etməyə bilməzdi. Çünki uzun illərin münaqişəsini öz gücünə həll etmək güclü dövlətə, orduya, iqtisadiyyata sahib olmadan mümkün deyil. Bu prinsipləri əldə rəhbər tutan Azərbaycan artıq dünyaya təhlükəsiz, sabit və sülhün bərqərar olduğu bir Cənubi Qafqaz təqdim edir”.
 
Ekspertin sözlərinə görə, Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda bir neçə gün ərzində iyirmiyə qədər dövlət və hökumət başçıları, nəhəng şirkət rəhbərləri, digər siyasi və başqa sahələrə aid nüfuzlu şəxslərlə keçirdiyi görüşlər özü-özlüyündə bir çox məqamların izahı hesab oluna bilər. “ABŞ Prezidenti Donald Trampın Davosda təkbətək görüşdüyü iki liderdən birinin məhz Azərbaycan Prezidenti İlham Əliyevin olması da bu baxımdan xüsusi qeyd edilməlidir. Ərazisinin və əhalisinin kiçikliyi ilə müqayisədə dəfələrlə böyük imkanlara sahib olduğunu artıq isbat edən Azərbaycan ilə anlaşmaq, onun təşəbbüslərinə qoşulmaq və onunla əməkdaşlıq etmək Davos İqtisadi Forumunun ən yaddaqalan hadisələrindən biri oldu”, - deyə politoloq vurğulayıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər