Ceyhun Bayramov çinli həmkarı ilə beynəlxalq prosesləri müzakirə edib
Siyasət
176
17:09, Bu gün

Ceyhun Bayramov çinli həmkarı ilə beynəlxalq prosesləri müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Van İ ilə görüşüb.

Bu barədə Moderator.az-a nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, görüşdə Azərbaycan ilə Çin arasında ikitərəfli və çoxtərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunub.

Nazirlər siyasi dialoqun yüksək səviyyədə olduğunu, 2025-ci ildə iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasının əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə töhfə verdiyini məmnunluqla qeyd ediblər. Azərbaycan Respublikası Prezidentinin Çinə ötən ilin aprel ayında həyata keçirdiyi dövlət səfəri zamanı imzalanmış çoxsaylı müqavilələrin bir sıra istiqamətlərdə əməkdaşlığa əlavə təkan verdiyi vurğulanıb.

2027-ci il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 35 illik yubileyinin qeyd olunacağı məmnunluqla xatırlanıb.

Nazirlər qarşılıqlı etimad və hörmətə əsaslanan əməkdaşlığın ticarət-iqtisadi, nəqliyyat-logistika, enerji, bərpa olunan enerji, sənaye, rəqəmsal transformasiya, kənd təsərrüfatı, humanitar və təhsil sahələrində daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Orta Dəhliz, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə görülən işlərdə birgə əməkdaşlıq təqdir olunub.

Görüş zamanı beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin önəmi qeyd olunub, regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. BMT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), Qoşulmama Hərəkatı və digər çoxtərəfli formatlar çərçivəsində əməkdaşlıq əlaqələri nəzərdən keçirilib.

Tərəflər həmçinin xalqlararası əlaqələrin möhkəmləndirilməsi, təhsil, mədəniyyət, turizm və gənclər arasında mübadilələrin genişləndirilməsinin ikitərəfli münasibətlərin dayanıqlı inkişafında mühüm rol oynadığını qeyd ediblər.

Görüşdə daha sonra qlobal və regional təhlükəsizlik məsələləri, Mərkəzi Asiya formatı çərçivəsində əməkdaşlıq planları nəzərdən keçirilib. Görüşdə, həmçinin post-münaqişə dövründə bərpa-quruculuq işləri və mina təhdidi barədə qarşı tərəfə məlumat verilib. Minasızlaşdırma fəaliyyətində ANAMA-ya dəstəyə görə Çin tərəfinə təşəkkür ifadə olunub.

Görüş zamanı habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər