Partiya bəyanat qəbul edib…
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ilk öncə bu gün partiyanın 35 yaşının tamam olması ilə bağlı bəyanat qəbul edilib. Bəyanatda deyilir:
"1991-ci il 26 yanvar tarixində təsis olunan Azərbaycan Demokrat Partiyası (ADP) Azərbaycanın ilk siyasi partiyalarından biri olaraq ölkədə demokratik düşüncənin formalaşması, milli müstəqillik ideyalarının yayılması və siyasi plüralizmin təşəkkülü istiqamətində mühüm tarixi rol oynamışdır. ADP yarandığı ilk gündən etibarən müstəqillik hərəkatını demokratik ideyalar ilə birləşdirən, azad, hüquqi və ədalətli cəmiyyət quruculuğunu əsas məqsəd kimi qarşıya qoyan siyasi təşkilat olmuşdur.
ADP ölkədə siyasi mətbuatın formalaşması sahəsində də öncül rol oynamış, ilk dəfə olaraq “Hürriyyət” qəzeti kimi partiya mətbuat orqanını təsis etməklə azad sözün, açıq fikir mübadiləsinin və demokratik dəyərlərin təbliğinə mühüm töhvə vermişdir.
35 illik fəaliyyəti ərzində ADP sıralarında yüz minlərlə vətəndaş siyasi təcrübə keçmiş, ictimai-siyasi proseslərdə iştirak edərək siyasi kimlik və siyasi düşüncə qazanmışdır. ADP təkcə bir siyasi təşkilat deyil, eyni zamanda demokratik məktəb rolunu oynamışdır.
Təəssüflə qeyd edilməlidir ki, ADP-nin 35 illik siyasi mübarizə yolu itkisiz də ötüşməmişdir. ADP fəaliyyət göstərdiyi dövr ərzində ölkədə siyasi fəaliyyət üçün münbit şəraitin olmadığı, demokratik institutların zəiflədildiyi bir mühitdə mübarizə aparmışdır. Partiya üzvləri və fəalları müxtəlif dövrlərdə repressiyalara məruz qalmış, həbs edilmiş, həbsxanada həyatını itirmiş, sosial və iqtisadi məhrumiyyətlərlə üzləşmiş, bu məhrumiyyətlər ucbatından bir çox partiya üzvləri ölkəni tərk etməyə məcbur olmuşdur. Bütün bu çətinliklərə baxmayaraq ADP öz ideya və prinsiplərindən geri çəkilməmişdir.
ADP eyni zamanda ölkədə müxalif ittifaqların və siyasi birliklərin yaradılmasında ya təşəbbüskar, ya da aparıcı qüvvələrdən biri olmuş, demokratik düşərgənin formalaşmasına ciddi töhfə vermişdir. 1995-2005-ci illər ərzində ölkədə baş verən siyasi proseslərdə ADP siyasi hərəkatın avanqard qüvvələrindən biri kimi çıxış etmişdir.
Bu gün ADP təkcə ölkə daxilində deyil, beynəlxalq miqyasda da tanınan, siyasi mövqeyi və tarixi rolu qəbul edilən bir partiyaya çevrilmişdir. Partiyanın bu günə gəlib çatmasında əməyi olan bütün təsisçilərə, rəhbərlərə, fəallara, sıravi üzvlərə və tərəfdarlara dərin təşəkkürümüzü bildiririk. Xüsusilə həyatını bu mübarizəyə həsr etmiş və bu yolda dünyasını dəyişmiş partiya üzvlərinin xatirəsini ehtiramla yad edirik.
ADP bundan sonra da demokratiya, azadlıq, hüquqi dövlət və sosial ədalət uğrunda mübarizəsini davam etdirəcək, xalqın siyasi iradəsinin ifadə olunduğu azad cəmiyyət quruculuğu yolunda prinsipial mövqeyini qoruyacaqdır.
Yaşasın demokratiya!
Yaşasın Azərbaycan Demokrat Partiyası!"
Daha sonra ölkə və beynəlxalq gündəmi əhatə edən bir sıra mühüm siyasi məsələlər ətrafında da geniş müzakirələr aparılıb. Müzakirələr zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda keçirilmiş Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyi bir sıra görüşlərin ölkəmizə olan beynəlxalq diqqət baxımından əhəmiyyəti qeyd edilib. Bununla yanaşı vurğulanıb ki, Davos Sammiti çərçivəsində ölkəyə yeni investisiyaların cəlb olunması gözləntiləri özünü doğrultmayıb.
Toplantıda ABŞ-nın Cənubi Qafqaz siyasəti ətrafında da fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, ABŞ-ın Azərbaycan və Ermənistanla münasibətlərə xüsusi diqqət ayırması Vaşinqtonun regionda strateji maraqlarının bir daha təsdiqi kimi qiymətləndirilə bilər. Eyni zamanda vurğulanıb ki, ABŞ-ın Azərbaycanla münasibətlərində insan hüquqları, əsas azadlıqlar və demokratik dəyərlər məsələsinə ciddi yanaşması vacibdir. İdarə Heyəti hesab edib ki, ABŞ Cənubi Qafqaz siyasətində ayrı-seçkiliyə yol verməməli, region ölkələrinə münasibətdə bərabər və prinsipial mövqe nümayiş etdirməlidir.
Toplantıda ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin gələn ay Azərbaycan və Ermənistana planlaşdırılan səfərinə diqqət çəkən toplantı iştirakçıları bu səfər çərçivəsində təkcə təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərinin deyil, eyni zamanda Azərbaycanda siyasi mühitin, insan hüquqları və azadlıqlarının, demokratik institutların vəziyyətinin də müzakirə olunacağına dair gözləntilərin olduğunu vurğulayıb.
İdarə Heyəti Azərbaycan və ABŞ arasında hazırlanan strateji tərəfdaşlıq xartiyasında demokratiya və insan hüquqları məsələlərinin də yer almasına ümidvar olduğunu bildirib. Qeyd edilib ki, iki ölkə arasında imzalanması nəzərdə tutulan strateji tərəfdaşlıq xartiyasında yalnız iqtisadi və geosiyasi məsələlər deyil, eyni zamanda Azərbaycanda demokratiyanın və əsas azadlıqların vəziyyəti də diqqət mərkəzində olmalıdır. ADP İdarə Heyəti hesab edib ki, uzunmüddətli və sağlam strateji tərəfdaşlıq yalnız dəyərlərə əsaslanan əməkdaşlıq üzərində qurula bilər.
İdarə Heyəti İranda baş verən hadisələr ətrafında bir daha müzakirə aparıb. Qeyd edilib ki, son bir ay ərzində İranda baş vermiş iğtişaşlar zamanı insanların kütləvi şəkildə həyatını itirməsi ilə bağlı faktlar beynəlxalq səviyyədə araşdırılmalıdır. Beynəlxalq ictimaiyyət bu məsələdə seyrçi mövqe tutmamalı, insan hüquqları və azadlıqlarının kobud şəkildə pozulmasına biganə qalmamalıdır. Müzakirələrdə iğtişaşların əsas səbəblərindən biri kimi İran hökumətinin qüsurlu, səmərəsiz və məsuliyyətsiz idarəetmə siyasəti göstərilib.
Toplantıda eyni zamanda ABŞ tərəfindən İrana qarşı mümkün hərbi əməliyyatlarla bağlı yayılan məlumatlar da ciddi narahatlıq doğurub. Qeyd edilib ki, belə bir hərbi müdaxilə təkcə İran üçün deyil, bütün region və qonşu dövlətlər üçün təhlükəsizlik təhdidi yarada bilər. ADP yaranmış problemin dinc, siyasi danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bildirib və Azərbaycan hökumətini bu istiqamətdə vasitəçilik səylərini davam etdirməyə çağırıb.
Toplantı iştirakçıları Rusiya-Ukrayna müharibəsi ətrafında aparılan müzakirələr zamanı son bir həftə ərzində Rusiyanın Ukraynanın mülki obyektlərinə qarşı həyata keçirdiyi hərbi əməliyyatları kəskin şəkildə tənqid edib, bu addımların beynəlxalq humanitar hüquqa zidd olduğunu vurğulayıb. İdarə Heyəti bir daha mövcud münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsipləri, dövlətlərin ərazi bütövlüyü və suverenliyi qorunmaq şərti ilə həll olunmasının vacibliyini bildirib. Müzakirələr zamanı Rusiyanın işğalçılıq və hegemonluq siyasətinin beynəlxalq münasibətlər sistemində təhlükəli presedentlər yaratdığı və bu yanaşmanın digər dövlətləri də oxşar iddialara təşviq etdiyi bildirilib, bu kontekstdə ABŞ-ın Qrelandiya ilə bağlı səsləndirdiyi ərazi iddiaları da narahatlıq doğuran presedent kimi dəyərləndirilib.
İdarə Heyəti son zamanlar Azərbaycana İranın və İsrailin rəsmi nümayəndələrinin səfərlərinə də münasibət bildirib. Qeyd edilib ki, bu səfərlərin intensiv xarakter alması regionda artan gərginlik fonunda Azərbaycanın xüsusi geosiyasi və strateji əhəmiyyət daşıdığını bir daha nümayiş etdirir, Azərbaycanın mövqeyi bir çox dövlətlərin diqqət mərkəzindədir və bu amil rəsmi səfərlərin artmasını şərtləndirir.
İdarə Heyəti sonda cari məsələləri müzakirə edib və müvafiq qərarlar qəbul edilib.