Köhnə dostluqlar bitir – Tramp dünyanı sarsıdır
Siyasət
51
13:18, Bu gün

Köhnə dostluqlar bitir – Tramp dünyanı sarsıdır

Siyasətdə əbədi müttəfiqlər söhbəti gerçəkdən də yoxmuş.

Bu ölkədaxili siyasi münasibətlərə də aiddir, dövlətlərarası beynəlxalq siyasətə də.

Ötən əsrdəki parlaq müttəfiqlik büsatları gözümüzün önündə düşmənçilik, ən yumşaq halda qeyr-dostluq mühitinə transfer edib.

Hanı bir-biri ilə hər şeydə yardımlasan İsrail-Türkiyə dostluğu? Yerində kəskin ittihamlarla dolu düşmənçilik var. İsrail Türkiyəni artıq iki böyük düşmənindən biri sayır. Türkiyə də onu. İsrailin o biri böyük düşməni də 50 il əvvəl dostluq etdiyi İrandır. Ərəb dövlətləri qıraqda qalıb.

Rusiya-Ukrayna qardaşlığının sonunda dünyanın və az qala bütün zamanların ən qanlı qırğını duracağı kimin ağlına gələrdi? Gerçəklik belədir: qatı düşmənçilik.

6 il öncəyə qədər Ermənistan-Rusiya dostluğu da çox adama əbədi, sarsılmaz görünürdü. Rusiya 200 il əvvəl Qafqazda qala (İrəvan) işğal edib, dövlət qurub, ermənilərə vermişdi. Ancaq indi bir-birinə minnət qoyur, intriqa aparırlar.

Bir zamanlar SSRİ-dən qorunmağın yeganə yolunun NATO-ya sığınmaq olduğunu düşünən və ABŞ ilə yaxınlaşaraq “soyuq müharibə” dönəmində başının salamatlığını qoruyan Türkiyə bu gün ABŞ və Avropa ilə kağız üzərində müttəfiqdir. Tərəflərin arasından soyuq yellər əsir. İndi Türkiyə Rusiyanı NATO-dan qorumağa qalxıb.

Hazırda 20-ci əsrdə dünya düzəninə damğa vurmuş daha bir parlaq müttəfiqliyin demontajı prosesi gedir.

Bu, ABŞ-Avropa müttəfiqliyidir.

II dünya müharibəsindən ta günümüzə qədər dünyanın idarə olunmasında 1 nömrəli rol oynayan bu ittifaqda ciddi problemlər əmələ gəlib.

Tərəflər arasında fikir ayrılıqları N qədərdir.

Əsası Donald Trampın 1-ci prezidentlik müddətində qoyulan ixtilaflar onun ikinci prezidentlik dönəminin ikinci ilində daha da böyüyüb.

Tramp hələ prezidentiyə namizəd olduğu 2024-cü ildə NATO-ya qarşı nəzəri çıxışlar edirdi, artıq əməli hərəkətlərə keçib.

O, hesab edir ki, NATO ABŞ-nin təhlükəsizliyi üçün önəmli rol oynamır, ABŞ özünü lazımınca müdafiə edə bilər, Şimali Atlantika alyansı Avropaya lazımdırsa, qoy xərclərini özləri çəksin.

Bu mövqe ötən il avropalı siyasi liderlərin hiddətinə səbəb olurdu, bu il də eyni reaksiyanı doğurur.

Avropalı liderlər ABŞ prezidentinin Ukraynanın müdafiəsinə yönəlik mövqeyindən də narazıdırlar. Onlar Trampdan fərqli olaraq Ukraynanı Rusiyaya yem etmək istəmirlər və bu da ABŞ və Avropa arasında ayrıca intriqa mövzusudur.

Hələ ortada Qrenlandiya nifaqı da var. Avropa dövlətləri birmənalı olaraq Danimarkanın tərəfindədirlər. Tramp kollektiv Avropanın bu mövqeyindən olduqca narazıdır.

Ancaq Trampın Qrenlandiyanın gələcəyi ilə bağlı mübahisədə kəskin dönüş etməsi Avropa İttifaqı ilə iplərin tam qopmasının qarşısını aldı. İplər qopmadı, amma tarım çəkilmiş halda, gərgin olaraq qalır.

Belə görünür ki, avropalılar ABŞ-ni “keçmiş müttəfiq” saymağa hazır olublar və bu mövqe Vaşinqtonu coşqusunu azaldıb.

Məsələni qəlizləşdirən daha bir məqam odur ki, ABŞ prezidenti Fransa və Almaniya kimi “ənənəvi dirəşkən”lərlə yanaşı, bu dəfə qarşısında öz əzəli və əbədi müttəfiqi sayılan Britaniyanı da görür.

İki əsrə yaxındır ki, bu iki dövlət arasında fikir ayrılıqları ilk dəfə bu qədər kəskin və barizdir. İndiyədək ABŞ hansı dövlətlə intriqada oluvsa, “anqlo-sakson qardaşlar”ın böyüyü olan İngiltərəni yanında görüb. Ancaq indi vəziyyət dəyişib.

Bu, ixtilaflar, söz yox ki, Trampın yeni siyasi kursundan qaynaqlanır. ABŞ prezidenti dünyada şəriksiz hegemonluq statusuna iddialıdır və qarşısında iki gücdən biri olaraq birləşmiş Avropanı görür. O biri güc isə Çindir. Tramp Rusiyanı özünə maneə saymır.

Hazırda onun yaratmış olduğu “Qəzza Sülh Şurası” adlı quruma Avropa dövlətlərinin qoşulmaması “qoca qitə” ilə “yeni dünya”nın arasındakı münaqişəni dərinləşdirir.

Fransa bu ideyanı bəyənməyənlərin başında gəlir. Almaniya da “Sülh Şurası”na önəm vermir. Britaniya isə ağırtaxtalı mövqe sərgiləyir. Avropa İttifaqından Trampın ideyasına “hə” deyən bircə Macarıstandır.

Beləcə, “yeni dünya düzəni”nə yeni müttəfiqliklər və yeni düşmənçiliklər lazım olacaq. Hansı dövlət hansı səfdə yer alacaq, bunu yaxın gələcəkdə görəcəyik.

(Musavat.com)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər