Xocalı Rayon İcra Hakimiyyətində hesabat yığıncağı keçirilib - FOTO
Siyasət
45
20:13, Bu gün

Xocalı Rayon İcra Hakimiyyətində hesabat yığıncağı keçirilib - FOTO

Yanvar 23-də Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Xocalı Rayon İcra Hakimiyyətinin başçısının hesabat iclası keçirilib.

Moderator.az xəbər verir ki, Rayon icra hakimiyyətinin akt zalında keçirilən tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 12-ci ərazi sektorunun müdiri Ziya Məmmədov, Milli Məclisin deputatı Elman Məmmədov, idarə və müəssisə rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.

Xocalı rayon İcra Hakimiyyətinin foyesində təşkil edilmiş Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xocalılarla görüşlərini əks etdirən sərgilərə, eləcə də Vətən müharibəsi və Antiterror əməliyyatlarına həsr olunmuş fotolara baxış keçirilib. Ulu öndərin həyat və fəaliyyətinə, həmçinin Şanlı Zəfər tariximizə həsr olunmuş kitablara baxılıb.

Daha sonra tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Şahmar Usubov hesabat məruzəsi ilə çıxış edərək ötən dövr ərzində rayonda həyata keçirilən sosial-iqtisadi layihələr, infrastrukturun inkişafı, əhalinin məşğulluğunun artırılması, sosial müdafiə tədbirləri, "Böyük Qayıdış" prosesi ilə ələqədar görülən tədbirlər və digər sahələr üzrə görülən işlər barədə geniş məlumat verib. Qarşıdakı dövr üçün nəzərdə tutulan prioritet istiqamətlər, yeni layihələr və inkişaf perspektivləri də diqqətə çatdırıb. Qeyd edib ki, Xocalı rayonunun işğaldan azad edilmiş ərazilərində 2025-ci ilin məhsuldarlığı üçün meyvə bağlarındada müəyyən işlər görülmüşdür. Belə ki, Agro Lid, Zəfər bağları və Yard Agro tərəfindən 256 hektar nar bağından ümumilikdə 674.4 ton məhsul yığılmışdır. Agro Lid tərəfindən 3 hektar heyva bağından 0.41 ton məhsul, 9.89 hektar şaftalı bağından isə 23.89 ton məhsul yığılmışdır. Ümumilikdə Xocalı rayon işğaldan azad edilmiş ərazilərində müxtəlif şirkətlər tərəfindən 484 hektar meyvə bağlarında aqrotexniki işlər görülmüşdür. 2025-ci il ərzində Xocalı rayonunun Ballıca və Xanyurdu kəndlərinin sakinləri ilə torpaqların əkin məqsədli istifadəyə verilməsinə dair icarə müqavilələri imzalanıb.

Rayonumuzun icra başçısı bildirib ki, Xocalı rayonunun artıq 8 yaşayış məntəqəsi ilk sakinlərini məcburi köçkünləri qəbul etmişdir. Belə ki, ümumilikdə 881 ailə, 3602 nəfər, o cümlədən tarixi və strateji əhəmiyyətə malik olan Xocalı şəhəri də daxil olmaqla, doğma yurdlarına qayıtmışdır. Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində Xocalı şəhərinə 114 ailə (502 nəfər), Ballıca kəndinə 239 ailə (1058 nəfər), Təzəbinə kəndinə 139 ailə (609 nəfər), Xanyurdu kəndinə 123 ailə (431 nəfər), Şuşakənd kəndinə 114 ailə (428 nəfər), Badara kəndinə 58 ailə (220 nəfər), Daşbulaq kəndinə 35 ailə (138 nəfər), Seyidbəyli kəndinə isə 59 ailə (216 nəfər) mərhələli şəkildə köçürülmüşdür.

Çıxış edənlər Şahmar Usubovun hesabat məruzəsini yüksək qiymətləndiriblər. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində əldə edilmiş Şanlı Qələbədən, ölkəmizin son illərdə qazandığı mühüm nailiyyətlərdən və inkişafından danışıblar. Həmçinin iqtisadi tərəqqi, sosial rifahın yüksəlməsi və beynəlxalq arenada Azərbaycanın nüfuzunun artırılmasından hər vətəndaşın qürur duymasının vacibliyini vurğulayıblar.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 12-ci ərazi sektorunun müdiri Ziya Məmmədov hesabat məruzəsini nəzərə alaraq 2025-ci il ərzində görülən işlər qənaətbəxş hesab edib, tapşırıq və tövsiyələrini verib.

Sonra yığıncağın qərar layihəsi təqdim edilərək səsə qoyulub və qəbul edilib. Daha sonra Xocalı rayon sakinləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə hazırlanmış müraciət oxunub.

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən şəxslər, həmçinin idman və digər sahələrdə nailiyyətlər əldə edən idmançılar rayon Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları ilə təltif edilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər