Davosda İlham Əliyevlə Donald Trampın görüşü olub - YENİLƏNİB
Siyasət
245
16:41, Bu gün

Davosda İlham Əliyevlə Donald Trampın görüşü olub - YENİLƏNİB

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ilə görüşü olub.

Moderator.az xəbər verir ki, görüşdə Donald Trampın yenidən hakimiyyətə gəlməsindən sonra ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı razılaşmaların əldə edilməsində Prezident Donald Trampın tarixi rolu vurğulanıb.

Dövlətimizin başçısı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlara toxunub. Artıq regionda sülhün mövcud olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bunun iki ölkə arasında ticarət münasibətlərinin yaranmasında da özünü göstərdiyini bildirib. Bu xüsusda Azərbaycandan Ermənistana neft məhsullarının ixracını, həmçinin idxal edilən taxılın ölkəmiz vasitəsilə Ermənistana çatdırıldığını vurğulayıb.

Dövlətimizin başçısı Zəngəzur dəhlizinin, o cümlədən TRIPP layihəsinin regional bağlantılar baxımından mühüm rol oynadığını qeyd edib.

Söhbət zamanı ABŞ Prezidentinin sədrliyi ilə yaradılan Sülh Şurasının əhəmiyyətinə toxunuldu, bu qurumun Yaxın Şərqdə sülhü möhkəmləndirmək, eyni zamanda, qlobal münaqişələrin həllinə töhfə vermək baxımından önəmi qeyd edilib. Sülh Şurasına təsisçi üzv dövlət qismində Azərbaycanın dəvət olunması Azərbaycan-ABŞ strateji tərəfdaşlığının və ölkəmizin dünyada sülhün təşviqində oynadığı rolun təcəssümü kimi qiymətləndirilib.

Söhbət əsnasında dövlət başçıları ikitərəfli əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və təmasların münasibətlərimizin dərinləşdirilməsində rolunu qeyd ediblər.

15:56

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın görüşü olub.

Moderator.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 
 
Link kopyalandı!
Son xəbərlər