Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması İrəvanın əhəmiyyətli uğurlara nail olduğu paralel gedən iki prosesdir.
Moderator.az xəbər verir ki, bu barədə Ermənistanən xarici işlər naziri Ararat Mirzoyan yanvarın 21-də parlament iclasında deputatların suallarını cavablandırarkən bildirib.
"Siyasi gündəlik çərçivəsində iki nizamlama prosesi həyata keçiririk. Hər ikisində hiss olunan uğurlar əldə etdik və ideyaları, həmçinin növbəti addımlar və son nəticələrə dair gözləntiləri dəqiq formalaşdırdıq. Biz iddia edirik ki, onlar siyasi gündəm olaraq bir-birindən asılı deyillər", - deyə A.Mirzoyan vurğulayıb.
Ermənistan XİN rəhbərinin sözlərinə görə, Ankara ilə Bakı arasında sıx əlaqələr heç kim üçün sirr deyil.
"Müəyyən mənada biz bu əlaqəni tanımalıyıq... Düşünürəm ki, əgər bu gün Azərbaycanla razılığa gəlmişiksə, sülhün möhkəmlənməsi və ya təsisatlandırılması istiqamətində daha bir addım atmışıqsa, biz Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində də hadisələrin inkişafını gözləmədən bu addımları davam etdirə bilərik", - Mirzoyan deyib.