İdarəetmədə bürokratik “əyləclərdən” imtina - RƏY
Siyasət
226
12:29, Bu gün

İdarəetmədə bürokratik “əyləclərdən” imtina - RƏY

Baş verən müxtəlif proseslərə, habelə bəzilərinin siyasi davranış və ritorikasının əsas məzmununa diqqət yetirən zaman elə bir təsəvvür yaranır ki, onların Prezident İlham Əliyev tərəfindən dəfələrlə səsləndirilmiş “yeni reallıq” haqqında xəbərləri belə yoxdur və ya ümumiyyətlə, fərqli bir dünyada yaşayırlar. “Yeni reallıq” əsla ancaq ərazi bütövlüyünün bərpası demək deyil. Ərazi bütövlüyün bərpası ilk növbədə tarixi ədalətin bərqərar olunması deməkdir. Dövlət başçısının ritorikasında rastlaşdığımız “yeni reallıq” isə Azərbaycan xalqının tarixi Qələbəsindən sonra bütün regionda, eləcə də dövlətin daxilində böyük mənada yeni münasibətlər sisteminin formalaşması deməkdir.
 
İnkişaf prosesində keyfiyyət etibarı ilə yeni mərhələnin yaşanması isə müvafiq islahatları qaçılmaz edir. Əslində, Prezidentin şəxsi təşəbbüsləri sayəsində dövlətimiz çoxdandır ki, islahatlar dövrünü yaşamaqdadır. Qeyd edək ki, burada “Prezidentin şəxsi təşəbbüsü” ifadəsindən istifadə olunması təsadüfi deyil. Bu hətta hansısa komplimentar ritorikanın da təzahürü deyil. Cəmiyyət bilməlidir ki, qaçılmaz dəyişikliklərlə bağlı lazımi təşəbbüs və impulsların bilavasitə ölkə rəhbərliyi tərəfindən verilməsi bu gün aparılan islahatların sabah dövlətimizi daha güclü edəcəyinin əlavə zəmanətidir.
 
Əlbəttə ki, istənilən bir dövlətin daxilində və ya dövlətlər arasındakı münasibətlərdə yeni davranış sisteminin bərqərar olunması olduqca mürəkkəb, habelə bəlli bir zaman tələb edən prosesdir. Yeni davranış sisteminin formalaşması prosesi siyasi münasibətlərə mürəkkəblik qatmaqla yanaşı, müxtəlif potensial təhdidlərin yaranmasına da səbəb ola bilər. Siyasi münasibətlər sisteminə yeniliklərin məhz təkamül yolu ilə gətirilməsinin əsas işlək mexanizmi siyasi dialoq mühitidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə mövcud istiqamətdə son illər ərzində müxtəlif məzmunlu layihələr bütün təzyiq və maneələrə baxmayaraq, davamlı şəkildə icra olunur. Odur ki, təşviq olunan siyasi dialoq mühiti də öz növbəsində yeni reallığın ayrılmaz parçasıdır. Yeri gəlmişkən, müasir dövrdə yeni ideoloji vurğu və prioritetlərin müəyyən olunmasının zərurəti haqqında fikirlərin bilavasitə Prezident İlham Əliyev tərəfindən rəsmi müsahibə və çıxışlar zamanı səsləndirilməsi faktı da təsadüfi hal deyil. Prezidentin bu cür açıq ismarıcları ona dəlalət edir ki, əhalinin siyasi-ictimai təfəkküründə mütləq şəkildə dəyişikliklər baş verməlidir.
 
Dünyada cərəyan edən müxtəlif proseslərə sistemli şəkildə yanaşan zaman daha aydın şəkildə anlamağa başlayırsan ki, bütün müstəvilərdə olan münasibətlər qaçılmaz şəkildə format olunmalıdır. Zamanında idarəetmə sisteminin sütunu hesab olunan bürokratik metodlar da müasir dövrdə artıq cəmiyyətdə səsləndirilən tənqidlərin əsas səbəbinə çevrilib. Bu metod nəinki öz ilkin effektivliyini itirib, hətta hökumətlər üçün ağır “yükə” çevrilib. Misal üçün Sumqayıt şəhərində adi bir məmurun bəlli davranışına sosial şəbəkələrdəki təpki ondan xəbər verir ki, bu cür yanaşma artıq sosial eybəcərlik kimi qəbul olunur.
 
Şişirdilmiş bürokratik aparat bəzən idarəetmə sisteminin çevikliyini pozur, zaman itkisinə səbəb olur, iqtidar ilə cəmiyyət arasında olan münasibətlərdə etimadsızlıq yarada bilir və sistemin funksional yenilənməsinə mane olur. Təyinatdan öncə səlahiyyətli şəxslərin bilavasitə Prezident tərəfindən qəbul olunması təcrübəsinin inkişaf etdirilməsi də idarəetmədə aparılan islahatların təzahürü kimi qəbul olunmalıdır. Əgər həmin qəbullar zamanı dövlət başçısı tərəfindən səsləndirilən fikirlərə diqqət yetirsək görə bilərik ki, təyinat prosesinin ictimailəşdirilməsi ilk növbədə məmurlar arasında məsuliyyət hissinin daha da dərinləşdirilməsinə xidmət edir.
 
“Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər”, – Prezidentin bu sözləri dəyişikliklərin qarşısında dayanan bütün süni maneələri aradan qaldırmalı və münasibətlər sistemini yeni müstəviyə çıxarmalıdır.
 
Obyektivlik naminə qeyd olunmalıdır ki, əksər dövlətlərdə hökm sürən bürokratik idarəetmə sistemləri əhalinin ictimai təfəkküründə neqativ stereotiplərin formalaşmasına səbəb olub. Belə ki, dövlət aparatının uzun illər ərzində arxayın olduğu metodlar artıq problemlərin mənbəyinə çevrilib. Sistemli islahatların aparılması, o cümlədən “ASAN xidmət” kimi dövlət qurumlarının yaradılması da məhz mövcud istiqamətdə məqsədyönlü şəkildə aparılan işlərin təzahürüdür. Bütün bunlara kompleks şəkildə baxan zaman onu da deyə bilərik ki, aparılan islahatlar vasitəsilə ölkədə yeni “məmurluq institutu” da formalaşır.
 
Bəli, potensial təhdidləri uzaqlaşdırmaq və dayanıqlı inkişafı təmin etmək naminə idarəetmədə yanaşma və düşüncə paradiqmaları yenilənməlidir. Özəl sektorda bu cür proseslər bir qədər öncə başlandığı üçün etiraf olunmalıdır ki, orada tətbiq olunan yeniliklərin sayı daha çoxdur. Kökündə yalnız ciddi və mübahisəsiz səlahiyyətlər bölgüsü dayanan köhnə bürokratik idarəetmə üslubu fərdi peşəkarlıq və məsuliyyət bölgüsünə əsaslanan yeni sistem ilə əvəz edilməlidir. “Dialoq” məfhumu demokratik siyasi münasibətlərin keyfiyyət indikatoru olduğu kimi, “peşəkarlıq” amili də müasir idarəetmə sisteminin əsas meyarına çevrilməlidir. Bürokratik aparatlarda effektiv fəaliyyətin əsas göstəricisi olan “sadiqlik” amilinə artıq “peşəkarlıq” amili də mütləq əlavə olunmalıdır.
 
Müxtəlif informasiya texnologiyalarının anbaan inkişaf etdiyi dövrdə dövlət idarəetmə prosesində bürokratik metodların üstünlüyü sistemi əsaslı şəkildə zəiflədə bilir. Müasir dövrdə effektivlik üçün sadəcə müvafiq informasiyaya sahib olmaq kifayət etmir. Dünya ölkələrinin təcrübəsi onu deməyə əsas verir ki, informasiyanın yalnız toplanmasına diqqət yetirən idarəetmə sistemləri zamanla inkişafa yox, məhz nəzarətə üstünlük vermiş olurlar.
 
Heç şübhəsiz ki, idarəetmənin mühüm istiqaməti olan informasiya siyasətində də müəyyən standartlar mütləq olmalı, ancaq burada da üstünlük analitik metodlara verilməlidir. Analitika idarəetmədə “daşdaşmanın” qarşısını alır və sahənin davamlı effektivliyini təmin edir. Odur ki, analitikanı sadəcə “nəzəri yanaşma” kimi qəbul etmək rəqabətdə üstünlüyü öz rəqiblərinə könüllü şəkildə təhvil vermək və daha çox resursların xərclənməsi deməkdir. Peşəkar analitika olmayan yerdə informasiya zamanla lazımsız tullantıya çevrilir və sistem sadəcə məlumatların kütləvi şəkildə tirajlanması ilə məşğul olmağa başlayır. Bu cür mənzərə idarəetmə sistemini hadisələrin önündə yox, arxasınca addımlamağa vadar edir. Məsuliyyət bölgüsünə deyil, məhz vəzifə bölgüsünə üstünlük verən sistemlərdə zamanla effektiv fəaliyyətin meyarları təhrif olunur. Belə sistemlərin enerji və potensialı inkişafa yönəldilmir, onlar sadəcə öz mübarizəsini ağrısız adaptasiya uğrunda aparırlar.
 
Asif Adil, politoloq
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər