Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı bəyanat yayıb.
Moderator.az xəbər verir ki, bəyanatda deyilir:
20 Yanvar 1990-cı il Azərbaycan Respublikasının müasir tarixində ən faciəli, eyni zamanda ləyaqətli və məğrur səhifələrdən birini təşkil edir.
36 il əvvəl sovet ordusu tərəfindən Bakı şəhərində və Azərbaycanın digər bölgələrində dinc əhaliyə qarşı həyata keçirilmiş amansız hərbi təcavüz nəticəsində 150 mülki şəxs qətlə yetirildi, 744 nəfər ağır yaralandı və 4 nəfər itkin düşdü.
20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq, milli ləyaqət və suverenliyə dair legitim arzularını boğmaq cəhdi idi.
Lakin, bu zorakılıq aktı Azərbaycan xalqının iradəsini sındıra bilmədi. Əksinə, xalqımızın müstəqilliyini bərpa etmək, Ermənistanın kütləvi deportasiya və işğal siyasətinə qarşı mübarizə aparmaq və öz suveren hüquqlarını tam şəkildə həyata keçirmək əzmini daha da gücləndirdi. 20 Yanvar şəhidlərinin fədakarlığı 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin yenidən bərpası üçün təməl rolunu oynadı.
20 Yanvar günü Azərbaycan xalqının nümayiş etdirdiyi vətənpərvərlik, birlik və müqavimət ruhu 2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri zamanı öz tarixi missiyasını yerinə yetirdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusu ərazilərimizi işğaldan azad edərək beynəlxalq hüquqa uyğun olaraq ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.
Şanlı Zəfərimiz və ondan sonrakı dövrdə Azərbaycan dövlətinin regionda yaratdığı yeni reallıqlar, irəli apardığı sülh və təhlükəsizlik gündəliyi, həyata keçirdiyi irimiqyaslı bərpa və quruculuq fəaliyyətləri, keçmiş məcburi köçkünlərin öz əzəli torpaqlarına qayıdışı xalqımızın sarsılmaz iradəsi və amalının, o cümlədən 20 Yanvar şəhidlərinin və Vətən uğrunda canlarını fəda etmiş bütün qəhrəmanlarımızın uğrunda mübarizə apardığı idealların təntənəsi oldu.
Bu hüznlü və bir o qədər də qürurlu gündə 20 Yanvar şəhidlərinin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını qurban vermiş bütün qəhrəmanlarımızın əziz xatirəsini ehtiramla yad edir, onların yaxınlarına dərin hüznlə başsağlığı veririk. Bu şərəfli yolda sağlamlıqlarını itirmiş bütün vətəndaşlarımıza cansağlığı diləyirik.
Xalqımıza qarşı 20 Yanvar kimi insanlığa və beynəlxalq hüquqa sığmayan cinayətlərin bir daha təkrarlanmaması üçün ardıcıl səyləri və məqsədyönlü fəaliyyətləri davam etdirmək əzmimizi bir daha bəyan edirik.