Kremlin itləri yenə hürür: Köpəkləri susdurmağın yolu
Siyasət
258
14:57, Bu gün

Kremlin itləri yenə hürür: Köpəkləri susdurmağın yolu

“Siyasi analitik Aleksandr Duqinin bir daha sərsəmləməsi göstərir ki, biz türk dövlətləri ilə daha sıx inteqrasiyaya getməliyik. Prezident İlham Əliyevin ötən ilin oktyabrında Qəbələdə keçirilmiş Zirvə Görüşündə səsləndirdiyi fikri qəribçiliyə salmaq olmaz. Dövlət başçısı təklif etmişdi ki, biz Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində birgə hərbi təlimlər keçirməliyik. Bu, sadəcə təlim olaraq qalmamalı, hərbi inteqrasiya yolunda hərəkətimizi sürətləndirməlidir”.

Moderator.az xəbər verir ki, bunu siyasi şərhçi Azər Həsrət rusiyalı politoloq Aleksandr Duqinin Azərbaycanın müstəqilliyinə qarşı dil uzatmasını şərh edərkən bildirib. O qeyd edib ki, TDT Moskvanın təhdidlərinə qarşı mütləq birləşməlidir:

“Duqinlər, Solovyovlar meydandadır və onların sözlərini birbaşa Kremlin, yəni Putinin özü deyirsə, biz Putinin arxa bağçası rolunu oynamamalıyıq. Azərbaycan da daxil olmaqla MDB üzvü olan ölkələr – Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Türkmənistan – MDB-dən çıxmalı və öz müstəqilliklərini qorumalıdırlar.

Bu təşkilat Rusiyanın maraqları üçün qurulub. Biz niyə onun arxa bağçası rolunu oynayaq?”

Azər Həsrət əlavə edib ki, Azərbaycan indiki geosiyasi şərait və mövcud imkanlarını nəzərə alaraq bu prosesə rəhbərlik etməli, MDB-dən çıxış yolunu açmalıdır.

“Daim Moskvanın təhdidləri ilə üz-üzə olan, eyni zamanda onunla birgə hərbi-siyasi blokda təmsil olunan Qazaxıstan, Qırğızıstan və Tacikistan da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmalıdır. Bu təşkilat Moskvanın arxa bağçası rolunu oynayır.

Azərbaycan bu addımı atmalı və digər ölkələri də buna cəlb etməlidir.

Tacikistan da TDT-yə müşahidəçi üzv kimi qəbul olunmalıdır. Coğrafi və etnik baxımdan bu, tam düzgündür. Əhalisinin 30 faizi türklərdən ibarət olan Tacikistan Türk Dövlətləri Təşkilatı çərçivəsində təhlükəsizliyini təmin edə bilər”.

Azər Həsrət vurğulayıb ki, Rusiya postsovet ölkələrinin suverenliyi və müstəqilliyi ilə heç cür barışa bilmir. Şimaldan gələn səngimək bilməyən hədələr bunu bir daha göstərir.

Bu dəfə Kremlin “danışmanları”ndan olan avrasiyaçı politoloq Aleksandr Duqin diqqət çəkib. O, postsovet ölkələrinin, o cümlədən Azərbaycanın müstəqilliyinə açıq şəkildə qarşı çıxaraq bildirib ki, Moskva Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın müstəqilliyi ilə barışmamalıdır”.

Qeyd edək ki, elə bu həftə Kremlin başqa bir təbliğat ruporu, telejurnalist Vladimir Solovyov, eyni imperiya tezislərindən çıxış edərək adı çəkilən ölkələri “xüsusi hərbi əməliyyatla” hədələmişdi. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qalmaqalı yumşaltmağa çalışsa da, iki gün keçməmiş Kremlin başqa bir nümayəndəsi yenidən eyni tonda açıqlama ilə gündəmə gəlib. /Musavat.com/

Link kopyalandı!
Son xəbərlər