Şuşa İcra Hakimiyyəti ötən ilin yekunlarına dair hesabat verdi - FOTO
Siyasət
257
20:20, Bu gün

Şuşa İcra Hakimiyyəti ötən ilin yekunlarına dair hesabat verdi - FOTO

Şuşa Rayon İcra Hakimiyyəti başçısının 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. İclasda Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 12-ci ərazi sektorunun müdiri Ziya Məmmədov, Milli Məclisin deputatı Polad Bülbüloğlu, YAP Şuşa Rayon Təşkilatının sədri Təvəkkül Əliyev, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib. 

Moderator.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək onun xatirəsini ehtiramla anıblar. 

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi zamanı səsləndirdiyi bəzi fikirləri yığıncaq iştirakçılarının nəzərinə çatdıraraq bildirib ki, ölkə başçısının Azərbaycan mediasına ötən ilin yekunlarına dair verdiyi müsahibəsi dövlətimiz və xalqımız üçün görülmüş işlərin real sübutudur: "Cənab Prezidentin vurğuladığı kimi keçən ili ölkəmiz, xalqımız üçün çox uğurlu və tarixi il saymaq olar, bundan sonra da Azərbaycan xalqı sülh şəraitində yaşayacaq. Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanın döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və dünyanın bir nömrəli ofisində siyasi möhür vurulub".

Bayram Səfərov Prezident İlham Əliyevin Sərəncamına əsasən 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi və bu il çərçivəsində rayonda sosial-iqtisadi, ictimai-siyasi, kənd təsərrüfatı, və digər sahələrdə görülmüş işlər, həyata keçirilmiş tədbirlər haqqında geniş məlumat verib, qarşıda duran vəzifələrdən danışıb, 2025-ci ildə Şuşa Zəfərinin 5 illik yubiley ilini yaşadığımızı, bu Qələbə Zəfərinin Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, rəşadətli Milli ordunun, mərd oğullarımızın qəhrəmanlığı və xalqımızın birliyi ilə qazanıldığını, 44 günlük müharibə, 23 saatlıq lokal antiterror əməliyyatının Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini nəzərə çatdırıb. İcra başçısı yerli icra hakimiyyətlərinin Əsasnaməsinə, Prezident Administrasiyasının tapşırıqlarına, müvafiq icra hakimiyyətlərinin göstərişlərinə uyğun olaraq qarşıdakı illərdə də Şuşa rayonunun sosial, iqtisadi, ictimai, siyasi həyatının qanunlara uyğun idarə olunmasına nəzarət ediləcəyini, “Böyük Qayıdış Proqramı”nın həyata keçirilməsini yerli icra orqanlarının gündəlik fəaliyyətinin prioritet məsələsi kimi qəbul edəcəyini nəzərə çatdırıb.

Hesabat yığıncağında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Ziya Məmmədov ölkə başçısının 2025-ci il ərzində həyata keçirdiyi dövlət siyasəti, strateji islahatlar və ölkənin qarşısında duran yeni hədəflər barədə ətraflı məlumat verərək, rayonun gələcək fəaliyyətinə dair prioritet istiqamətləri xüsusi olaraq qeyd edib.

Milli Məclisin deputatı Polad Bülbüloğlu isə çıxışında Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi ilə Şuşanın füsunkar şəhərə çevrilməsi, şəhərdə gedən böyük bərpa-quruculuq işləri, tarixi abidələrin, məscidlərin, muzeylərin və yaşayış binalarının tikintisi,  nəqliyyat infrastrukturu, enerji, su və rabitə sistemlərinin yenilənməsi, əhalinin mərhələli şəkildə köçürülməsi, sosial obyektlərin tikintisi barədə yiğıncaq iştirakçılrına geniş məlumat verib.

YAP Şuşa Rayon Təşkilatının sədri Təvəkkül Əliyev, Şuşa rayon prokurorunun müavini Gülşən Hacıyeva, Vətən müharibəsi qazisi, I qrup əlil, Heydər Əliyev adına Ali Hərbi məktəbin məzunu, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ehtiyatda olan zabiti, baş leytenant Hüseyn Ələkbərli, ötən il Prezident İlham Əliyevin rəhbərliyi ilə xarici siyasət sahəsində əldə olunmuş uğurlardan, ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, əhalinin sosial rifah halının yüksəldilməsinə yönəlmiş tədbirlərdən söz açıb və Şuşa şəhərində aparılan bərpa və yenidənqurma işlərindən danışıblar. Şuşa Rayon İcra Hakimiyyətinin məsul işçisi Ülviyyə Bağırova yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanmış müraciətin mətnini iştirakçıların diqqətinə çatdırıb.

Tədbirin sonunda Şuşa Uşaq-Gənclər İdman Məktəbinin Azərbaycan çempionatında yüksək nəticələr əldə etmiş bir qrup qızıl medal qazanmış idmançılarına Şuşa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim edilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər