Tehranın taxt ssenarisi: Rza Pəhləvi faktoru İranı hara aparır?
Siyasət
1283
16:45, Bu gün

Tehranın taxt ssenarisi: Rza Pəhləvi faktoru İranı hara aparır?

İranda ard-arda baş verən etiraz dalğaları ölkənin gələcək siyasi arxitekturası ilə bağlı dərin sualların yenidən gündəmə gəlməsinə səbəb olub. Mövcud sistemin davamlılığına dair şübhələr artdıqca, alternativ idarəçilik modelləri ətrafında diskussiyalar da intensivləşir. Bu müzakirələrdə bəzən simvolik fiqurlar real siyasi aktora çevrilir, bəzən isə cəmiyyətin ümidsizliyinin göstəricisi kimi ön plana çıxır. Məhz bu kontekstdə Rza Pəhləvi adı İranın daxili və regional gələcəyi ilə bağlı ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.

Baş verən etirazlar fonunda Rza Pəhləvinin hakimiyyətə qayıdışının nə dərəcədə real olduğu, onun sosial dayaqlarının kimlərdən ibarət olduğu və bu ssenarinin İranın daxili etnik balansı ilə region ölkələrinə mümkün təsirləri siyasi ekspertlər tərəfindən fərqli rakurslardan qiymətləndirilir.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən siyasi şərhçi Tural İsmayılov bildirib ki, İranın gələcək idarəçilik modelində sonuncu şahın oğlu Rza Pəhləvinin hakimiyyətə qayıdışı məsələsi, 2026-cı ilin yanvar etirazları fonunda həm daxili, həm də beynəlxalq müstəvidə ciddi müzakirə olunan ssenarilərdən biridir. 

Siyasi şərhçinin sözlərinə görə Pəhləvinin real sosial dayaqlarını əsasən İslam inqilabından öncəki dövrə nostalji ilə baxan orta yaşlı nəsil, sekulyar meyilli şəhər elitası və Qərbdəki geniş İran diasporu təşkil edir:

1459360

 "Lakin onun rəhbərlik iddiaları ölkə daxilindəki gənc nəsil və solçu qruplar tərəfindən birmənalı qarşılanmır; bir çox etirazçı üçün "Pəhləvi" adı alternativ bir liderdən çox, mövcud vəziyyətdən çıxış üçün simvolik bir etiraz vasitəsidir.

Bu ssenarinin reallaşması İranın etnik balansı üçün ciddi risklər ehtiva edir. Pəhləvi sülaləsinin tarixi irsi mərkəzləşdirilmiş fars millətçiliyi və etnik azlıqların, xüsusilə azərbaycanlıların, kürdlərin və bəlucların dil və mədəni hüquqlarının sıxışdırılması üzərində qurulub. Rza Pəhləvinin "vahid İran" konsepti və "ərazi bütövlüyü naminə rəsmi Tehranın siyasətini dəstəkləyə biləcəyi" barədə keçmiş bəyanatları qeyri-fars millətlər arasında dərin inamsızlıq yaradır. Bu yanaşma, monarxiyanın bərpası halında etnik gərginliyin artmasına və İranın "livanlaşma" — yəni daxili xaos və etnik qarşıdurma poliqonuna çevrilməsi təhlükəsinə yol aça bilər".

Politoloq qeyd edir ki, Azərbaycan–İran münasibətləri müstəvisində Pəhləvi amili mürəkkəb proqnozlar vəd edir:

"Bir tərəfdən, sekulyar bir idarəçilik Bakı üçün ideoloji təhdidlərin azalması demək olsa da, digər tərəfdən Pəhləvi tərəfdarlarının "Böyük İran" ambisiyaları və Şimali Azərbaycanın müstəqil siyasətinə qarşı şovinist yanaşmaları ciddi diplomatik böhranlar yarada bilər. Pəhləvi ideologiyasının əsasını təşkil edən "fars mərkəzçiliyi" Azərbaycanın regional maraqları və Cənubi Azərbaycandakı soydaşlarımızın hüquqları ilə birbaşa ziddiyyət təşkil etdiyindən, bu ssenari regionda sabitlikdən çox, yeni bir rəqabət və gərginlik dövrünün başlanğıcı kimi qiymətləndirilir".

Pərvin Şakirqızı

Link kopyalandı!
Son xəbərlər