“Bu tənqidlər emosiyadır və...” - Komitə sədri 4 erməninin qaytarılmasından DANIŞDI
Siyasət
255
14:22, Bu gün

“Bu tənqidlər emosiyadır və...” - Komitə sədri 4 erməninin qaytarılmasından DANIŞDI

Moderator.az xəbər verir ki, Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bugünkü qonağı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev olub. Millət vəkili 4 erməni məhbusun İrəvana təhvil verilməsi, bununla bağlı cəmiyyətdə səslənən tənqidlər və sülh prosesi barədə sualları cavablandırıb:
 
- Musa müəllim, ağır cinayətlərdə ittiham olunan ermənilərin qaytarılması tənqidlərlə qarşılandı. Onların narazılığını siz də bölüşürsünüzmü?
 
- Bu reaksiyalar təbii ki, emosiyalardır. Ona görə də başa düşüləndir. Biz bu reaksiyaları qəbul etməliyik. Onu da nəzərə alaq ki, Ermənistan da iki nəfəri ölkəsinə qaytarıb. Biz hazırda sülh yolunda gedirik, ötən ilin yayında Vaşinqtonda sülh mətni paraflanıb, müəyyən malların ərazimizdən keçib getməsinə icazə vermişik, neft məhsullarımız bu ölkəyə göndərilir... Yəni yeni dövrün tələblərinə öyrəşməliyik. Üstəlik, Qarabağda xuntaya başçılıq edənlərin İrəvana verilməsindən söhbət gedə bilməz. Amma tənqidləri də emosional reaksiya kimi qəbul etmək lazımdır. Biz Qarabağda qələbə qazansaq da, ağrılarımız, şəhidlərimiz, qazilərimiz var. O cümlədən, əsirlikdə olanların acı xatirələri var və uzun müddət davam edə bilər. Amma sülh yolunda mühüm addımlar atırıq.
 
- Sizcə, ermənilərlə barışıq prosesində bir az tələsmirikmi?
 
- Sülh yolunda tələsmək lazımdır. Dünyada gedən proseslərə baxanda görürsən ki, etibar yoxdur. Ona görə də addımlarımızı sürətləndirməliyik. Sülh prosesi təkcə barışıq və bir sənədin imzalanması deyil: Zəngəzur dəhlizi işə düşəcək, Naxçıvanla quru əlaqəmiz olacaq, Türkiyə ilə birbaşa əlaqə bərpa olunacaq. Bunları göz önünə alanda sülhə doğru tələsərək getməliyik. Eyni zamanda, tarixi dədə-baba torpaqlarımıza qayıdış məsələsi var. Qərbi Azərbaycana qayıdış gündəmdədir və hesab edirəm ki, sülh sənədinin imzalanmasından sonra bu məsələ reallaşa bilər. Ona görə də sülh nə qədər tez olsa yaxşıdır.
 
- Həmin erməni məhkumların təhvil verilməsi ilə bağlı digər bir yanaşma odur ki, biz Paşinyanın daxildə əlini gücləndiririk və sülh əleyhdarlarının, revanşist klanların müqavimətini sındırırıq. Rəsmi Bakının verdiyi qərara belə baxmaq olarmı?
 
- Sözsüz ki, müxtəlif razılaşmalar ola bilər. Ancaq hər şeyin detalları ictimaiyyətə açıqlanmalı deyil. Bizə lazımdır ki, Ermənistanda sabitlik olsun və indiki prosesi aparan siyasi qüvvə ölkəni idarə etsin. Onun soyadının kimliyi vacib deyil. Əsas odur ki, həmin hakimiyyət bu prosesi irəli aparsın və Ermənistanda qorxmadan “Qarabağ Azərbaycandır!” desin”.
Link kopyalandı!
Son xəbərlər