Azərbaycan Beynəlxalq Ayder Forumunda təmsil olunur
Siyasət
285
19:59, Bu gün

Azərbaycan Beynəlxalq Ayder Forumunda təmsil olunur

Türkiyənin Rize şəhərində İkinci Beynəlxalq Qara dəniz Rize Ayder Forumu öz işinə başlayıb.

Moderator.az "Report"a istinadən xəbər verir ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Parlament Assambleyası, Rize Valiliyi və Rize Bələdiyyəsi ilə əməkdaşlıq çərçivəsində təşkil edilən 2-ci Ayder Forumu Ayder Yaylasında təqdim edilib.

Forum Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə baş tutur.

14-17 yanvarda "Enerji, qlobal təhlükəsizlik və diplomatiya" başlıqlı forumda enerji təhlükəsizliyi, regional və qlobal enerji rəqabəti, dayanıqlı inkişaf, enerji diplomatiyası, Qara dəniz–Avrasiya regionunda strateji əməkdaşlıq perspektivləri mövzuları ətrafında müzakirələr aparılacaq.

Tədbir milli və beynəlxalq səviyyədə ekspertləri, akademikləri, dövlət qurumlarının nümayəndələrini, vətəndaş cəmiyyəti və özəl sektor təmsilçilərini bir araya gətirərək regionun potensialının qlobal miqyasda daha effektiv şəkildə təqdim olunmasını hədəfləyir.

Tədbirdə Azərbaycanı Milli Məclisinin deputatları Tahir Mirkişili, Sadiq Qurbanov, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Fəaliyyətlərin Təşkili və İdarə Edilməsi kafedrasının direktoru professor Zahid Fərrux Məmmədov, eləcə də azərbaycanlı media nümayəndələri təmsil edirlər.

Rize valisi İhsan Selim Baydaş bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aydərin Davos, dünya, milli və beynəlxalq məsələlərin müzakirə olunduğu mərkəz olması üçün həmyerlilərinin qarşısına bir vizyon və məqsəd qoyub: "Ayderin transformasiya və qorunma planı bu məqsədə doğru atılan addımlardan biridir. Bu səbəbdən və bu vizyonu nəzərə alaraq burada ən vacib tədbirlərdən biri olan Ayder Forumunu təşkil edirik. Keçən dəfə logistika və beynəlxalq nəqliyyata diqqət yetirərək Ayder Forumunu keçirdik. Bu il isə enerji mövzusu ilə bu forumu gerçəkləşdirəcəyik".

Qeyd edək ki, Qara dəniz bölgəsinin ən vacib iqtisadi, sosial və mədəni toplantılarından biri hesab edilən Birinci Beynəlxalq Ayder Forumu 28 sentyabr 2024-cü ildə milli və beynəlxalq ekspertlərin, qonaqların iştirakı ilə keçirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər