ABŞ prezidentinin İranla bağlı sərt açıqlamaları beynəlxalq gündəmdə yeni müzakirələr açıb. Regionda hərbi qarşıdurma ehtimalları yenidən ön plana çıxsa da, mövcud proseslərə daha dərindən baxdıqda klassik müharibə modelindən fərqli, hədəfi və alətləri öncədən hesablanmış bir strategiyanın işə salındığı görünür. Bu strategiyanın məqsədi genişmiqyaslı hərbi əməliyyatlar deyil, İran daxilində siyasi balansı dəyişmək, daxili təzyiqləri artırmaq və prosesləri daxildən yönləndirməkdir. Bütün bunlar fonunda əsas sual açıq qalır: Vaşinqtonun mesajları real müharibə təhlükəsi yaradırmı, yoxsa bu, uzunmüddətli siyasi təzyiq mexanizminin növbəti mərhələsidir?
Mövzu ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Moderator.az-a açıqlamasında ABŞ prezidentinin İrana müdaxilə ilə bağlı sərt çağırışlarının genişmiqyaslı müharibə kimi dəyərləndirilməsinin doğru olmadığını bildirib.
Ekspert qeyd edib ki, baxmayaraq ki, ABŞ prezidenti İrana müdaxilə ilə bağlı sərt çağırışlar edir. Amma bu sərt çağırışlar o demək deyil ki, irimiqyaslı müharibədir:
"Burada müdaxilə deyəndə raket zərbələri son anda nəzərdə tutulur. Necə ki zamanında 12 günlük İsrail–İran qarşıdurmasında, müharibəsində olduğu kimi. Yəni bu genişmiqyaslı müharibə olası deyil, çünki burada quru qoşunlarından istifadə olunmayacaq. Hazırkı proseslərin əsas hədəfi hərbi yox, siyasi xarakter daşıyır.
Bütövlükdə isə, bu məsələ daha çox rejimin dəyişdirilməsinə yönəlibdir. Amma burada raket zərbələrinin vurulması istisna deyil, tamamilə mümkündür".
İlham İsmayıl qeyd edib ki, mümkün zərbələrin İran cəmiyyətində hansı reaksiyaya səbəb olacağı birmənalı deyil:
"Bu hansı effekti verəcək? Rejimi dəyişdirə biləcək, yoxsa İran cəmiyyətində xarici qüvvələrə qarşı kəskin reaksiya yaradacaq? Bu bir az sual yaradır.
Çünki əvvəlki illərdən fərqli olaraq indi rejimin dəyişdirilməsi daha ön plandadır. Təəssüf ki, bu da birdən-birə mümkün deyil.
Hazırda genişmiqyaslı müharibə olmadığı üçün bunun Azərbaycan və Türkiyə üçün elə də ciddi təhlükə yaradacağı ehtimal olunmur. Yəni faktiki olaraq əgər quru qoşunları olsaydı və genişmiqyaslı müharibə bu formada davam etsəydi, bəlkə də biz güneyli soydaşlarımızın müəyyən bir axınını da gözləyə bilərdik”.
Pərvin Şakirqızı