İranın daxili xəritəsi yenidən çəkilir? - Etnik dalğa Tehranın nəzarətini sarsıdır
Siyasət
593
16:33, Bu gün

İranın daxili xəritəsi yenidən çəkilir? - Etnik dalğa Tehranın nəzarətini sarsıdır

Günlərdir İranda davam edən etiraz aksiyaları artıq sosial narazılıq çərçivəsindən kənara çıxıb.

Qarşıdurmaların uzanması, təhlükəsizlik vəziyyətinin ağırlaşması və mərkəzi hakimiyyətin proseslərə tam nəzarət edə bilməməsi ölkədə ciddi siyasi risklər yaradır. Xüsusilə bəzi bölgələrdə silahlı qrupların fəallaşması və siyasi təşkilatlanma cəhdləri İranın gələcəyi ilə bağlı sualları artırır.

Bu proseslərin hansı mərhələyə çatdığı, etnik amilin baş verən hadisələrdə hansı rol oynadığı və bütün bunların İranın ərazi bütövlüyünə necə təsir göstərə biləcəyi ictimai maraq doğurur. Baş verənlərin sadəcə müvəqqəti gərginlik, yoxsa daha dərin siyasi dəyişikliklərin başlanğıcı olduğu hələ də sual doğurur.

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Moderator.az-a açıqlamasında İranda yaranmış vəziyyətin səbəblərini, etnik fəallığın doğurduğu riskləri və mövcud gərginliyin ölkənin gələcək taleyinə mümkün təsirlərini şərh edib.

1458277

Elxan Şahinoğlu açıqlamasında bildirib ki, İranda gərginlik səngimək əvəzinə daha geniş miqyas alır. Toqquşmaların coğrafiyası genişlənir, ölən və yaralananların sayı artır və proseslər artıq geri dönüşü çətin olan mərhələyə daxil olub. Zorakılığın artması nəticəsində ölkə daxilində etnik qarşıdurma ehtimalı da güclənir:

"İran çoxmillətli dövlətdir və burada yaşayan azərbaycanlılar, kürdlər, bəluclar və ərəblər mərkəzi hakimiyyətin apardığı siyasətdən ciddi narazıdırlar. Bu narazılıqlar təkcə siyasi bəyanatlarla məhdudlaşmır, eyni zamanda silahlı toqquşmalar şəklində də özünü göstərir. Xüsusilə kürd və bəlucların yaşadığı bölgələrdə aktivliyin daha yüksək olması vəziyyəti daha da mürəkkəbləşdirir.

Əgər qarşıdurmalar daha da dərinləşərsə və mərkəzi hakimiyyət nəzarət imkanlarını itirərsə, İranın parçalanma riski real təhlükəyə çevrilə bilər".

Ekspert qeyd edib ki, əgər qarşıdurmalar daha da genişlənərsə və mərkəzi hakimiyyət nəzarət imkanlarını itirərsə, İranın parçalanma ehtimalı artacaq:

"Bu halda ölkənin mövcud ərazisində müxtəlif dövlət və siyasi-inzibati strukturların formalaşması real ssenariyə çevrilə bilər. Kürdlər özlərinə aid hesab etdikləri bölgələri nəzarətdə saxlamağa çalışacaqlar. Belə bir vəziyyətdə Güney Azərbaycan amili də daha qabarıq şəkildə ortaya çıxacaq və proseslərdə həlledici təsir göstərməyə çalışacaq. Hadisələrin indiki inkişaf xətti məhz bu istiqamətə doğru gedir.

Problemin əsas kökündə İran iqtisadiyyatının dərin böhran vəziyyətində olması dayanır və bu böhranın yaxın perspektivdə aradan qalxması real görünmür. Hətta mövcud etirazlar güc tətbiqi yolu ilə müvəqqəti olaraq yatırıldıqları halda belə, gələcəkdə daha geniş və daha kəskin etiraz dalğalarının baş qaldırması qaçılmaz olacaq. Çünki mühafizəkar hakimiyyət mövcud sosial, iqtisadi və siyasi problemləri həll etmək iqtidarında deyil".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər