İranda hakimiyyətə Səfəvilərin nümayəndəsi gələ bilər? – Azərbaycanlılarla bağlı PLAN
Siyasət
255
14:38, Bu gün

İranda hakimiyyətə Səfəvilərin nümayəndəsi gələ bilər? – Azərbaycanlılarla bağlı PLAN

İranda baş verən etiraz aksiyaları bir çox xarici ekspert və siyasi fiqurların gündəmindədir. Xüsusilə aksiyaların gedişində Güney Azərbaycanla bağlı edilən bəzi paylaşımlar diqqət çəkir:

1.Amerikalı analitik və təhlükəsizlik strateqi Lyuk Koffi X platformasında İran hadisələri fonunda Azərbaycanla bağlı paylaşım edərək bayrağımızın yanında “Hazır olun” sözlərini qeyd edib;

2.Osmanlı tarixinin araşdırmaçısı Fransevi Efendi “Mən İranda Qacarlar sülaləsinin bərpasını və 1906-cı il konstitusiyasını dəstəkləyirəm”, – deyə bildirib;

3.Digər amerikalı analitik, şərhçi və alim Maykl Skott Doran isə İrandakı proseslərlə bağlı bunları qeyd edib: “Mən Səfəviləri dəstəkləyirəm. Şah İsmayıl uzaqgörən Azərbaycan monarxı idi”.

Əslində hər üç açıqlamada da azərbaycanlılar və Güney Azərbaycanla bağlı mesajlar var. Maykl Skott Doranın Səfəvi, Fransevi Efendinin isə Qacar detalı xüsusilə diqqət çəkir. İranda etiraz aksiyaları fonunda keçmiş şah Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvinin adının hallanması, eləcə də onun xaricdən proseslərə aktiv şəkildə diqqət yetirməsi, Güney Azərbaycanın isə birmənalı şəkildə Pəhləviləri qəbul etməməsi bu yöndə səsləndirilən açıqlamaları müəyyən mənada anlaşılan edir.

Lakin təəssüf ki, nə Maykl Skott Doranın Səfəvi, nə də Fransevi Efendinin Qacar versiyaları İran reallıqları baxımından effektiv deyil. Məsələn, Səfəvi sülaləsinin bu gün yaşayan fərdlərinin olması böyük ehtimalla mümkündür. Lakin hakimiyyət iddiası olan, rəsmi şəkildə tanınan və ya siyasi rol oynayan “Səfəvi varisi” mövcud deyil. Müqayisə üçün qeyd edək ki, Osmanlıların, Pəhləvilərin, hətta Fransevi Efendinin vurğuladığı Qacarların belə aktiv və tanınan nümayəndələri var. Ancaq Səfəvilərlə bağlı versiya təəssüf ki, praktik baxımdan effektiv deyil. Günlərin birində belə bir şəxs ortaya çıxsa belə, onun İranda azərbaycanlılar arasında qəbul ediləcəyi inandırıcı görünmür.

Qacarlara gəldikdə isə, onlar yaxın tarixin bir parçasıdır. Xüsusilə Pəhləvilərin devirdiyi Azərbaycan türk xanədanı olduğunu nəzərə alsaq, bu versiya daha diqqətçəkəndir. Məsələn, bu ailənin hazırda tanınan əsas nümayəndəsi Babək Qacardır. O, 2016-cı ildə verdiyi müsahibədə özünün Fətəli şah Qacar ilə Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin qızı Ağabəyimin soyundan gəldiyini bildirib. Həmçinin qeyd edib ki, 1956-cı ildə Pəhləvilərin təqibləri səbəbindən ailəsi İranı tərk edib.

Bundan başqa, xanədanın digər bir qoluna mənsub olan və İrəvan xanlığının davamçısı kimi tanınan şəxs Əmir Əli Sərdardır. 1974-cü ildə Tehranda anadan olan Əmir Əli Sərdarın babaları 1805-ci ildə Fətəli şah Qacar tərəfindən sürgün edilib. Sərdar 2020-ci ildə verdiyi müsahibədə bildirib ki, İrəvan xanlarının övladları ilə Qacar hökmdarları arasında baş tutan çoxsaylı çarpaz evliliklər səbəbindən onların nəsilləri qohumdurlar. “Mən onlarla tariximiz haqqında məlumat mübadiləsi aparıram”, – o, qeyd edib.

Varislik mövqeyi

Lakin Qacarlar yaxın tarixin bir parçası olsa da, Pəhləvilər qədər İranda dəstəkçiləri yoxdur. Ümumiyyətlə, qeyd etdiyim hər iki şəxs Rza Pəhləvi ilə müqayisədə daha az tanınan siyasi fiqurdurlar və sadə həyat tərzi sürürlər. Onlar mənsub olduqları şəcərənin siyasi deyil, daha çox tarixi və mədəni mirasına fokuslanıblar.

Bununla belə, nə Lyuk Koffinin, nə Fransevi Efendinin, nə də Maykl Skott Doranın paylaşımları təsadüfi və ya boş da deyil. Mənə görə, burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, bu analitiklər İranı monolit, dəyişməz siyasi konstruksiya kimi yox, daxili ziddiyyətləri olan, tarixi identiteti yenidən formalaşdırıla bilən bir məkan kimi təqdim edirlər.

İran ətrafında mümkün transformasiya proseslərində etnik kimliklər, tarixi dövlətçilik modelləri və regional güc balansını yenidən aktivləşdirib. Azərbaycanlılar isə bu proseslərdə passiv müşahidəçi deyil, potensial təsir və qərarverici mövqedə olan etnosdur. Tarixi kontekstdən baxdıqda bunun belə olduğunu görmək mümkündür. Çünki azərbaycanlılar həmişə İranda baş verən inqilabların nəticələnməsində həlledici rol oynayıblar.

Vaşinqtonun intellektual-strateji dairələrində İrandakı etiraz aksiyaları və Güney azərbaycanlıların mövqeyinin müzakirə edilməsi bu baxımdan ciddi siyasi siqnallardır. Belə siqnallar göstərir ki, İranla bağlı mümkün ssenarilərdə azərbaycanlılara konkret rol ayrılıb. Bu, istər muxtariyyət, istərsə də müstəqillik formatında olsun, fərq etmir, Güney Azərbaycanın mövqeyi həlledici olacaq.

 

(Globalinfo)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər