ADP İdarə Heyətinin toplantısı keçirilib
Siyasət
1409
16:37, Bu gün

ADP İdarə Heyətinin toplantısı keçirilib

Partiya türk dilli dövlətləri həssaslıq nümayiş etdirməyə çağırıb...
 
Bu gün ADP İdarə Heyətinin növbəti iclası keçirilib. Toplantıda ölkədə və dünyada baş verən bir sıra mühüm ictimai-siyasi proseslər ətraflı müzakirə olunub.
 
İdarə Heyəti ilk öncə İran İslam Respublikasında baş verən hadisələri müzakirə edib. İranda etirazların zorakılıq müstəvisinə keçməsindən və insan tələfatı ilə nəticələnməsindən ciddi narahatçılıq ifadə edən İdarə Heyəti İran hakimiyyətini beynəlxalq hüquq normalarına uyğun davranmağa, etiraz aksiyalarına qarşı zor tətbiqindən çəkinməyə, insanların demokratik mübarizə hüquqlarına hörmət etməyə çağırıb.
 
Eyni zamanda, ADP İdarə Heyəti İranda yaşayan Cənubi Azərbaycanlı soydaşlarımıza apardıqları sivil mübarizədə mənəvi dəstəyini bəyan edib. Bu kontekstdə Cənubi Azərbaycanda soydaşlarımızın hüquq və azadlıqlarının pozulmasının qarşısının alınması istiqamətində Azərbaycan hökumətinin öz imkanlarından istifadə etməsinin zəruriliyi qeyd edilib. Həmçinin bütün Türk dilli dövlətlər İranda baş verən proseslərə biganə qalmamağa, Cənubi Azərbaycanlıların hüquqlarının müdafiəsi məsələsində öz hökumətləri səviyyəsində həssaslıq nümayiş etdirməyə çağırılıb.
 
İdarə Heyəti Rusiya-Ukrayna müharibəsi ətrafında müzakirələr aparıb. Ötən həftə ərzində Rusiya Federasiyasının Ukraynanın mülki obyektlərinə qarşı, “Oreşnik” raketləri ilə zərbələr endirməsi qətiyyətlə pislənilib. Baş verənlər Rusiyanın işğalçılıq siyasətinin və qanlı müharibə cinayətlərinin növbəti təzahürü kimi qiymətləndirilib.
 
İdarə Heyəti son zamanlar Rusiyanın rəsmi və qeyri-rəsmi dairələri tərəfindən postsovet məkanına yönəlik təhdidlərinin intensiv xarakter almasına da münasibət bildirib. Müzakirələr zamanı baş verənlər postsovet ölkələrinin daxili işlərinə müdaxilə cəhdi, suverenliyinə və ərazi bütövlüyünə açıq təhdid və bu ritorika Rusiyanın Ukraynada apardığı işğalçı müharibəni postsovet məkanına yaymaq niyyətinin göstəricisi kimi qiymətləndirilib. İdarə Heyəti Rusiya hakimiyyətini regionda gərginliyi artıran ritorikadan və təhdid siyasətindən imtina etməyə, beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa çağırıb.
 
İdarə Heyəti Rusiya İstintaq Komitəsinin AZAL-a məxsus sərnişin təyyarəsi ilə bağlı cinayət işinə xitam verməsi qərarına da münasibət açıqlayıb. Rusiya tərəfindən aparılan istintaqın yekununda təyyarənin guya texniki səbəbdən qəzaya uğradığının iddia edilməsi qətiyyətlə rədd edilib. Qeyd olunub ki, mövcud faktlar və sübutlar təyyarənin xarici müdaxilə nəticəsində qəzaya uğradığını göstərir, Rusiya İstintaq Komitəsinin yaydığı bu açıqlama obyektiv araşdırmanın deyil, siyasi sifarişin nəticəsidir və bu fakt bir daha göstərir ki, mülki təyyarəmiz Rusiya hakimiyyətinin siyasi sifarişi əsasında qəsdən vurulmuşdur. Bu səbəbdən ADP İdarə Heyəti Azərbaycan hökumətini bu hadisənin yenidən araşdırılması üçün beynəlxalq məhkəmə instansiyalarına müraciət etməyə, təyyarə faciəsinə hüquqi-siyasi qiymət verilməsi istiqamətində prinsipial mövqe sərgiləməyə çağırıb.
 
İdarə Heyəti ölkədəki durmadan davam edən qiymət artımı məsələsi ilə bağlı da müzakirələr aparıb. İdarə Heyəti bu prosesi yanlış iqtisadi siyasətin nəticəsi kimi qiymətləndirib, qeyd olunub ki, qiymət artımının qarşısının alınması üçün real iqtisadi və sosial islahatlar həyata keçirilməli və ölkədə şəffaflıq təmin olunmalı, sosial ədalət prinsipləri gücləndirilməlidir. Qeyd edilib ki, ölkədə sosial-iqtisadi islahatların həyata keçirilməsi prosesində müxalifətin, vətəndaş cəmiyyətinin və ümumilikdə cəmiyyətin mövqeyi nəzərə alınmalı, Konstitusiyaya əsasən vətəndaşların dövlətin və cəmiyyətin həyatında iştirak etmək hüququ yalnız formal deyil, real şəkildə təmin olunmalıdır.
 
İdarə Heyəti kənd təsərrüfatı təyinatlı torpaqlarda müvəqqəti tikililərin tikilməsinə icazə tələb olunması ilə bağlı Torpaq Məcəlləsinə edilən dəyişiklikləri də müzakirə edib. Müzakirələrdə qeyd edilib ki, bu tipli məhdudlaşdırıcı qərarlar aqrar sektorda rüşvətin və korrupsiyanın artmasına zəmin yaradır, fermerlərin vəziyyətini daha da ağırlaşdırır və bu sektorda mövcud olan böhranı dərinləşdirir. İdarə Heyəti alternativ variant kimi aqrar sektorun inkişafı üçün bu sektorda şəffaflığın təmin edilməsinin, fermerlərin real maraqlarını qoruyan siyasətin yürüdülməsinin və böhranı dərinləşdirən inzibati məhdudiyyətlərdən imtina edilməsinin vacibliyini bildirib. 
 
Sonda cari məsələlər ətrafında müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib. 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər