““Hazır olun!” ifadəsi özündə nəyi ehtiva edir, nəyə hazır olunmalıdır?” – “Bu, olduqca ciddi mesaj kimi görünür”
Siyasət
1777
11:39, Bu gün

““Hazır olun!” ifadəsi özündə nəyi ehtiva edir, nəyə hazır olunmalıdır?” – “Bu, olduqca ciddi mesaj kimi görünür”

"İranda yanvarın ikisindən baş qaldıran proseslər səngimir, əksinə, artan dinamika üzrə inkişaf edir. İlk növbədə bizi, təbii ki, Cənubi Azərbaycanla bağlı məsələ narahat edir. Çox təəssüflər olsun ki, bu gün Cənubi Azərbaycanda proseslərə rəhbərlik edə biləcək lider yoxdur. Zamanında bir çox təşkilatlar formalaşıb, partiyalar da var idi. Formalaşan bu təşkilatların bir hissəsi  Cənubi Azərbaycanın müstəqilliyini istəsə də, digər hissəsi İran daxilində demokratik dəyişiklikləri istəyərək yola çıxıb. Demək olar, heç biri bir-biri ilə hansısa məsələdə uzlaşmır, bir-birini qəbul etmir. Bu, acı reallıqdır. Buna görə də "Hazırda İrandakı proseslərə Cənubi Azərbaycanın maraqları kontekstindən liderlik edə biləcək şəxs yoxdur" desəm, daha doğru olar. Bu gün İran Prezidenti Pezeşkiyanın İranda yaşayan azərbaycanlıların lideri qismində çıxış etmək imkanları daha böyükdür".

Moderator.az xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Deputat bildirib ki, İrandakı proseslərin idarəolunmaz müstəviyə keçmək imkanı kifayət qədərdir: "Artıq İranın bütün mərkəzi şəhərlərini əhatə edən bir hərəkata şahidlik edirik. Təəssüf ki, insanlara silahlı atəş açılması ilə müşaiyət olunur. Ölüm faktları ortadadır, müxtəlif rəqəmlər deyilir. Əsas məğz budur ki, insanların geniş anlamda narazılıqları bitmir. İranın hazırkı mövcud hakimiyyəti heç cür bu prosesləri tənzimləmək iqtidarında görünmür. Nəticə nə olacaq? Proseslər hara istiqamətlənib? Yekun olaraq İranda hansı dəyişikliklər şahidlik edəcəyik? Təbii ki, bunlar böyük suallardır. Daxildə gedən proseslərin bilavasitə içində olmadan proqnoz vermək də çətindir. Görünən isə budur ki, artıq İranda baş verən proseslər fonunda yeniliklərə, bəlkə də, rejim dəyişikliyinə şahidlik edəcəyik. Bu, əslində böyük anlamda ABŞ-nin İranda baş verən hadisələrə yanaşmasından asılı olacaq. Bu gün İran yetkililəri elə bir durumdadırlar ki, kənar təsirlərin fonunda hansısa addımlar atmaq məcburiyyətində qala bilərlər. Faktiki ölkəni idarəetməz bir vəziyyətə gətirib çatdırıblar. Çox ciddi narazılıqlar, iqtisadi müstəvidə ciddi problemlər var.  Prezident Trampın açıqlamaları var. "Ehtiyac olacaqsa, İrana müdaxilə olunacaq, İran vurula, hədəf götürülə bilər" mesajları verilir. Diqqətimizi çəkən bir məsələ də oldu. ABŞ rəhbərliyinə yaxınlığı ilə tanınan təhlükəsizlik strateqi Lyuk Koffi Azərbaycan bayrağının fonunda paylaşım edib. "Hazır olun!" ifadəsi özündə nəyi ehtiva edir? Nəyə hazır olunmalıdır? Bu, olduqca ciddi mesaj kimi görünür. Hər halda gözardı edilməməlidir. Reallıq və həqiqət budur ki, Azərbaycan öz gücünə regionda reallıqları dəyişib. Bu coğrafiyada Azərbaycanın şəksiz liderliyi, açar dövlət olması birmənalıdır. Bu baxımdan, İranda ABŞ tərəfindən hansısa dəyişikliklərə gediləcəksə, o zaman Bakının rəyi nəzərə alınacaq. Biz orada baş verən prosesləri diqqətlə izləməklə yanaşı, sözün həqiqi mənasında, hazır olmalıyıq. Cənubi Azərbaycandan bacı-qardaşlarımızın qaçqın-köçkün məsələləri də gündəmə gələ bilər. İlk növbədə Azərbaycan dövlətinin təhlükəsizliyi məsələləri diqqət mərkəzində olmalıdır. Biz dövlət olaraq öz təhlükəsizliyimizi zəmanət altına almaqla yanaşı, bölgədə baş verən prosesləri diqqətlə izləməliyik. Ehtiyac olacaqsa, İranda yaşayan soydaşlarımıza istənilən müstəvidə dəstək olmalıyıq. Təbii ki, öz dövlət və milli maraqlarımızın qorunması şərti ilə".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər